“Azərbaycan qlobal məkanda öz siyasi iradəsini daha qətiyyətlə nümayiş etdirir” – Elçin Xalidbəyli – ÖZƏL
14:51 Siyasət"Azərbaycan artıq Qərb ölkələri üçün daha cəlbedici dövlətə çevrilib. Çünki Zəngəzur dəhlizinin açılması ilə bağlı proseslərin intensivləşməsi Qərbdə böyük maraqla qarşılanır. Onu da nəzərə almaq lazımdır ki, Zəngəzur dəhlizi müəyyən mənada Orta Dəhlizin tərkib hissəsi kimi qəbul olunur".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. Siyasi şərhçi bildirib ki, bu dəhliz Avropanı Asiya ilə birləşdirəcək və Avropa ölkələrinin Asiya dövlətləri ilə iqtisadi-ticari münasibətlərinin genişlənməsində mühüm rol oynayacaq. Təbii ki, bu, olduqca önəmli faktordur və Azərbaycanın strateji əhəmiyyətini daha da artıraraq onu cəlbedici dövlətə çevirir. Azərbaycanın yerləşdiyi coğrafi mövqe həm Asiya, həm də Avropa ölkələri üçün strateji iqtisadi və ticarət əhəmiyyəti daşıyır. Bu baxımdan həm Avropa, həm də Asiya dövlətləri Azərbaycanla münasibətləri daha da inkişaf etdirməkdə maraqlıdırlar. Burada logistika amili xüsusi rol oynayır. Digər tərəfdən, Azərbaycan Cənubi Qafqazın lider dövlətidir və bu geosiyasi faktor da ölkəni regional cazibə mərkəzinə çevirir. Azərbaycanın zəngin enerji resurslarına malik olması Qərb ölkələri, Avropa dövlətləri, o cümlədən Niderland üçün də mühüm əhəmiyyət daşıyır. Hazırda dünya bazarlarında enerji ilə bağlı müəyyən çətinliklər müşahidə olunur və enerji resurslarının qiymətləri yüksəlməkdə davam edir. Rusiya enerji resurslarının Avropa bazarlarından əhəmiyyətli dərəcədə kənarlaşdırılması müəyyən boşluq yaradıb. Azərbaycan isə öz enerji imkanları hesabına bu boşluğun bir hissəsini doldurmağa çalışır. Bu baxımdan Niderland kimi ölkələr üçün də Azərbaycanın enerji resursları mühüm əhəmiyyət kəsb edir.
"Təbii ki, bütün bunlar Azərbaycanın qlobal məkandakı həm nüfuzunu, həm də mövqeyini ciddi şəkildə gücləndirir. Əvvəllər Azərbaycana qarşı daha sərt və qərəzli mövqe nümayiş etdirən bəzi dövlətlər artıq Azərbaycanla münasibətlərdə daha ehtiyatlı və daha həssas davranmağa üstünlük verirlər. Bu baxımdan Azərbaycana yönəlmiş qərəzli yanaşmaların da müəyyən qədər zəiflədiyi müşahidə olunur. Digər tərəfdən, rəsmi Bakı bütün bu proseslərlə paralel olaraq qlobal məkanda öz siyasi iradəsini daha qətiyyətlə nümayiş etdirmək imkanları qazanır. Azərbaycan beynəlxalq arenada öz mövqeyini və maraqlarını daha əminliklə, daha prinsipial və daha ardıcıl şəkildə gündəmə gətirmək imkanı əldə edir. Bütün bunları nəzərə aldıqda, yaxın gələcəkdə Azərbaycanın qlobal məkanda xüsusi rol oynamaq potensialına malik olduğu və aparıcı dövlətlər sırasında öz mövqeyini daha da möhkəmləndirmək şansı qazandığı barədə fikirlərin səsləndirilməsi tamamilə anlaşılandır", - deyə siyasi şərhçi əlavə edib.
Səidə Ramazanova