Ermənistan üçün mürəkkəb dövr: Avropa vəd edir, Rusiya hədələyir – ÖZƏL
14:33 SiyasətRusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin də Ermənistanı təhdid edib və bildirib ki, ölkəni Ukraynanın aqibəti gözləyir.
"Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinin Ermənistanla bağlı səsləndirdiyi fikirlər Moskvanın İrəvana ünvanladığı növbəti sərt siyasi mesaj kimi qiymətləndirilməlidir. Əslində, son dövrlər Rusiya siyasi elitasının müxtəlif nümayəndələrinin Ermənistan hakimiyyətinə qarşı eyni məzmunlu bəyanatlar verməsi təsadüfi deyil. Bu, Kremlin Paşinyan hökumətinin Avropa İttifaqına inteqrasiya kursundan ciddi narahat olduğunu göstərir.
Volodinin səsləndirdiyi arqumentlər daha çox iqtisadi və sosial təzyiq elementləri üzərində qurulub. Ermənistan iqtisadiyyatının mühüm hissəsi hələ də Rusiya bazarı, Rusiyadan gələn pul köçürmələri, enerji resursları və əmək miqrasiyası ilə bağlıdır. Moskva açıq şəkildə göstərməyə çalışır ki, İrəvan geosiyasi seçimlərini dəyişərsə, bunun iqtisadi nəticələri ağır ola bilər".
Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Olaylar.az-a açıqlamasında deyib. Ekspert bildirib ki, burada diqqət çəkən əsas məqam Rusiyanın Paşinyan hakimiyyətinə qarşı siyasi təzyiq kampaniyasını genişləndirməsidir. Kreml anlayır ki, Ermənistanın Qərbə inteqrasiyası təkcə İrəvanın xarici siyasət kursunun dəyişməsi deyil, həm də Rusiyanın Cənubi Qafqazdakı təsir imkanlarının zəifləməsi deməkdir. Buna görə də Moskva həm iqtisadi, həm informasiya, həm də siyasi vasitələrdən istifadə etməklə Ermənistan daxilində öz mövqelərini qorumağa çalışır.
"Düşünürəm ki, Ermənistanda qarşıdan gələn seçkilər fonunda bu cür bəyanatlar daxili siyasi proseslərə təsir göstərmək məqsədi də daşıya bilər. Rusiya açıq şəkildə Ermənistan cəmiyyətinə mesaj verir ki, Avropa istiqamətində atılan addımlar ölkənin sosial-iqtisadi vəziyyətini çətinləşdirə bilər.
Bütün bunlar Ermənistan üçün mürəkkəb bir dövrün başlandığını göstərir. İrəvan bir tərəfdən Avropa İttifaqı ilə münasibətləri dərinləşdirməyə çalışır, digər tərəfdən isə hələ də Rusiyadan iqtisadi və enerji asılılığını tam aradan qaldıra bilməyib. Bu səbəbdən Ermənistan yaxın illərdə ciddi geosiyasi seçim qarşısında qalacaq. Əgər Rusiya ilə Ermənistan arasında gərginlik daha da artarsa, bu, təkcə iki ölkə arasındakı münasibətlərə deyil, bütövlükdə Cənubi Qafqazdakı siyasi proseslərə və regional təhlükəsizlik mühitinə də təsir göstərə bilər. Hazırkı mərhələdə Kremlin məqsədi Paşinyan hakimiyyətinə xəbərdarlıq etmək və onun manevr imkanlarını məhdudlaşdırmaqdır. Lakin Ermənistan cəmiyyətinin və siyasi elitasının bu təzyiqlərə necə reaksiya verəcəyi qarşıdakı dövrün əsas suallarından biri olaraq qalır", - deyə ekspert əlavə edib.
Səidə Ramazanova