ABŞ-dən “Gürcü Arzusu”na sərt xəbərdarlıq: Regionda kartlar yenidən paylanır? – ÖZƏL

ABŞ-nin "The Washington Post" nəşrinin redaksiya məqaləsində bildirilir ki, avtoritarlaşan "Gürcü Arzusu" hökuməti Donald Tramp administrasiyasının Cənubi Qafqazdakı maraqlarına təhdid törədir. Qeyd olunur ki, Vaşinqtonun keçmiş müttəfiqi olan Gürcüstan hazırda Qərblə əlaqələri qurban verərək anti-Amerika siyasəti yürüdür, Rusiya və İranın təsir orbitinə meyllənir. 

"Bu məqalədə səsləndirilən fikirlərin əhəmiyyətli hissəsi reallığı əks etdirir. Belə ki, son illərdə Gürcüstanda hakimiyyətdə olan Gürcü Arzusu tədricən ölkədə avtoritar idarəetmə meyillərini gücləndirir. Eyni zamanda xatırlayırıq ki, son seçkilərdən sonra baş verən etiraz aksiyaları kifayət qədər sərt üsullarla yatırıldı. Həm parlament, həm də bələdiyyə seçkiləri ilə bağlı müxtəlif qanun pozuntuları və pozuntu iddiaları da gündəmə gəlib".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa deyib. Siyasi şərhçi bildirib ki, xaricdən maliyyələşən qeyri-hökumət təşkilatları ilə bağlı qanunvericiliyə edilən dəyişikliklər faktiki olaraq ABŞ və digər Qərb ölkələrinin Gürcüstandakı QHT-lərə maliyyə dəstəyi imkanlarını məhdudlaşdırdı. Bu proseslərin daha çox Rusiyanın təsiri və maraqları ilə əlaqəli olduğu barədə müxtəlif fikirlər mövcuddur. Son dövrlərdə Gürcüstanın Qərblə, o cümlədən Avropa İttifaqı ilə münasibətlərində müşahidə olunan gərginlik və uzaqlaşma tendensiyası da diqqət çəkir. Bütün bunlar belə bir qənaət formalaşdırır ki, hazırkı Gürcü Arzusu hakimiyyətinin siyasi kursu daha çox Rusiyanın və regionda onun tərəfdaşı hesab edilən İranın maraqlarına uyğun istiqamətdə inkişaf edir. Eyni zamanda, Gürcüstanda İranın təsir imkanlarının artdığına dair müxtəlif faktlar və arqumentlər də irəli sürülür. Əlbəttə, bu proseslərin təsadüfi olmadığı barədə yanaşmalar mövcuddur. Belə hesab edənlərə görə, regionda baş verən bəzi siyasi proseslər Moskva-Tbilisi-Tehran xətti üzrə formalaşan maraqlar çərçivəsində izah oluna bilər. Aydındır ki, ABŞ və digər Qərb dövlətlərinin müvafiq qurumları bu tendensiyaları izləyir və onları ictimai müzakirəyə çıxarırlar. Məqsəd, görünür, Gürcüstan hakimiyyətinə mesaj verməkdir ki, ölkədə və regionda baş verən proseslər onların diqqətindən kənarda qalmır.

"ABŞ üçün Cənubi Qafqazda sabitliyin və sülhün təmin olunması mühüm əhəmiyyət daşıyır. Vaşinqton Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına ciddi diqqət ayırır. Bu siyasətin əsas istiqamətlərindən biri də Rusiyanın regiondakı təsir imkanlarının zəiflədilməsi və onun mövqelərinin məhdudlaşdırılmasıdır. Lakin Gürcüstanın hazırkı hakimiyyətinin siyasəti müəyyən mənada bu kursla ziddiyyət təşkil edir. Formal olaraq Gürcüstanla Rusiya arasında diplomatik münasibətlər tam bərpa olunmasa da, ölkənin daxili və xarici siyasət kursunun getdikcə daha çox anti-Qərb və Rusiyaya yaxın xətt üzrə inkişaf etdiyi barədə fikirlər səslənir. Bu baxımdan belə bir qənaət irəli sürülür ki, Gürcüstandakı mövcud hakimiyyət Rusiyanın və İranın regional maraqlarını daha çox nəzərə alır və müəyyən hallarda həmin maraqlara uyğun siyasət yürüdür. Görünür ki, ABŞ və Avropa tərəfindən verilən mesajların əsas məqsədi də məhz bu tendensiyalara diqqət çəkmək və Gürcüstan hakimiyyətinə öz mövqelərini çatdırmaqdır", - deyə ekspert qeyd edib.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31