Azərbaycan milli maraqlara söykənən praqmatik siyasət yürüdür- ÖZƏL

"30 il əvvəl müasir neft və qaz sənayesində yeni səhifə açan Azərbaycan etibarlı və sadiq təchizatçı dövlət olaraq beynəlxalq enerji koalisiyasını paytaxtımızda toplayaraq "Bakı Enerji Həftəsi" platformasında birləşdirir, qlobal enerji liderlərini, dövlət rəsmilərini və aparıcı şirkətləri bir araya gətirərək karbohidrogen ehtiyatlarının nəqli və regional "yaşıl enerji" strategiyalarının müzakirəsini təşkil edir. Bu nümunəvi format yeni ideyaların müzakirə olunması və enerji həmrəyliyinin möhkəmlənməsində mühüm töhfəverici rol oynayır və beynəlxalq birlik tərəfindən alqışlanır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Ramid Namazov deyib: "Dünya liderlərinin, o cümlədən ABŞ Prezidenti Donald Trampın, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Böyük Britaniyanın Baş naziri Kir Starmerin və digərlərinin dövlət başçımıza ünvanladıqları məktublar da bunun əyani sübutudur.
Hazırkı dünyada sürətlər dəyişən geosiyasi proseslər bir daha təsdiqləyir ki, Azərbaycan sadiq və etibarlı enerji təchizatçısıdır, neft və qaz sənayesinə qarşı uzun illər aparılan qarayaxma və damğalama kampaniyasına baxmayaraq, öz dayanıqlı istehsal və nəql zəncirini quraraq dünya enerji ailəsinin ən layiqli üzvünə çevrilib. Cənab Prezidentin vurğuladığı kimi, uzun illər neft və qaz hasilatı ilə məşğul olan ölkələr və şirkətlər qarayaxma obyektinə çevrilirdilər, planetin dağıdılmasında ittiham olunur, əsassız olaraq ictimai rəylə küncə sıxışdırılırdılar. Hazırda qlobal enerji səhnəsində baş verən müsbət tendensiya ABŞ Prezidenti Donald Trampın müdrik və praqmatik siyasəti sayəsində ərsəyə gəlib. Bu gün planetin enerji təhlükəsizliyi faydalı qazıntı olmadan mümkün deyil, eyni zamanda, müasir enerji kursu bərpaolunan enerjiyə sərmayə proqramları üzərində planlaşdırılmaqdadır. Azərbaycan bu prinsiplərə sadiq qalaraq milli maraqlara söykənən praqmatik siyasət yürütməklə enerji təhlükəsizliyi amilinə xüsusi diqqət və töhfə verib, həm özünü, həm də qlobal enerji təhlükəsizliyini gücləndirib. Bu uzaqgörən və düzgün strategiya nəticəsində Azərbaycanın sosial infrastruktur, təhsil, səhiyyə, bilik və innovasiyalar üzrə dayanıqlı inkişafı təmin edilib, iqtisadi müstəqilliyi güclənib, yoxsulluq və işsizlik səviyyəsi beş faizə enib, xarici borcu əhəmiyyətli dərəcədə azaldılıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31