"Atəşkəs mümkündür, uzunmüddətli saziş isə hələ uzaq görünür”-Politoloqdan açıqlama- ÖZƏL
12:52 SiyasətMəlumata görə, İran və ABŞ dörd mərhələli müvəqqəti razılaşmaya yaxındır. Razılaşma əvvəlcə atəşkəsin möhkəmləndirilməsi və regionda gərginliyin azaldılmasını, sonra Hörmüz boğazında dəniz təhlükəsizliyinin təmin edilməsini nəzərdə tutur. Növbəti mərhələdə İrana qarşı bəzi sanksiyaların yumşaldılması və xaricdəki aktivlərinin qismən azad edilməsi planlaşdırılır. Son mərhələdə isə İranın nüvə proqramı, uranın zənginləşdirilməsi səviyyəsi və beynəlxalq nəzarət mexanizmləri müzakirə olunacaq.
İran və ABŞ arasında belə bir müvəqqəti razılaşmanın əldə olunması Yaxın Şərqdə siyasi və təhlükəsizlik balansına necə təsir göstərə bilər? Razılaşmanın son mərhələsində nəzərdə tutulan nüvə danışıqları tərəflər arasında uzunmüddətli əməkdaşlığın formalaşmasına gətirib çıxara bilərmi?
Mövzu ilə bağlı politoloq Turan Rzayev Olaylar.az-a açıqlama verib:
" Reallıq ondan ibarətdir ki, ABŞ və İran arasındakı gərginlik normadan artıq uzanıb. Bu uzanma isə ABŞ üçün sərfəli deyil. Əvvəla, resurslar tükənir. Resursların tükənməsi isə xərclərin artması deməkdir. Donanmanın və ordunun bölgədə saxlanılması hər gün milyonlarla dollar vəsait tələb edir.
İkinci tərəfdən, ortada konkret nəticə yoxdur. İran müqavimətini davam etdirir. Üstəlik, bu müqavimətə artıq Rusiya və Çindən də müəyyən dəstək gəlir. Bu dəstəyin davam etməsi halında münaqişə daha da uzana bilər. Müharibənin uzanması isə ABŞ üçün sərfəli deyil. ABŞ-ın ən çox ehtiyat etdiyi məsələ resurslarını başqa istiqamətlərə yönəltməkdir. Çin isə İrana dəstək verməklə faktiki olaraq ABŞ-ı bu regionda saxlamağa və onun resurslarının tükənməsinə çalışır. Bu isə Çinin mövqeyinin daha da güclənməsi deməkdir. Bundan başqa, hazırkı məqamda əslində hər iki tərəfə müəyyən qədər sakitlik lazımdır. Birincisi, ABŞ-da qarşıdan Dünya Kuboku gəlir. Donald Tramp bu tədbirdən ciddi PR vasitəsi kimi istifadə etməyə və diqqəti başqa məsələlərdən yayındırmağa çalışır.
İran üçün isə Məhərrəmlik ayı yaxınlaşır. Bu dövrdə hərbi əməliyyatların davam etməsi arzuolunan deyil. Əksinə, belə bir mərhələdə İrana qarşı hücumların artması İran cəmiyyətini daha da birləşdirə bilər ki, ABŞ-ın da bunda maraqlı olduğunu düşünmürəm.
Mərhələli sülh sazişindən danışarkən qeyd etməliyəm ki, mən belə bir sazişin yaxın zamanda reallaşacağını düşünmürəm. Tərəflər arasında çoxsaylı mübahisəli məsələlər mövcuddur və bu məsələlərin sayı da azalmaq əvəzinə artır. Ona görə də məncə, müəyyən bir atəşkəs razılaşması mümkündür. Lakin konkret sənədin imzalanması və ya uzunmüddətli razılaşmanın əldə olunması hazırda çətin görünür".
Zeynəb Mustafazadə