ABŞ-ın Azərbaycana yeni səfir namizədi: Təhlükəsizlik və texnologiya dövrü başlayır- ÖZƏL
17:22 SiyasətABŞ Prezidenti Donald Tramp Aleksandr Oldenin ABŞ-nin Azərbaycandakı səfiri vəzifəsinə namizədliyini irəli sürüb. Onun təyinatı üçün namizədlik ABŞ Senatı tərəfindən təsdiqlənməlidir. Olden daha əvvəl Dövlət Departamenti, Milli Təhlükəsizlik Şurası və Pentaqonda çalışıb, həmçinin "Palantir Technologies" və "Atlantic Council"da fəaliyyət göstərib. Hazırda ABŞ-nin Azərbaycandakı diplomatik missiyasına müvəqqəti işlər vəkili Emi Karlon rəhbərlik edir.
Aleksandr Oldenin ABŞ-nin Azərbaycandakı səfiri postuna namizəd göstərilməsi Vaşinqton-Bakı münasibətlərinə hansı təsirləri göstərə bilər? Yeni səfirin təhlükəsizlik və müdafiə sahəsindəki təcrübəsi ABŞ-Azərbaycan əməkdaşlığının hansı istiqamətlərinə əlavə impuls verə bilər?
"ABŞ Prezidenti Donald Trampın Aleksandr Oldeni Azərbaycana səfir postuna namizəd göstərməsi, Vaşinqtonun regional siyasətində Bakının rolunu daha çox pragmatik, təhlükəsizlik və strateji maraqlar müstəvisində dəyərləndirməyə başladığının bariz göstəricisidir. Əvvəlki dövrlərdən fərqli olaraq, klassik diplomatik profilli kadrlar yerinə birbaşa Pentaqon, Milli Təhlükəsizlik Şurası və yüksək texnologiyalar ("Palantir") sahəsindən gələn bir ismin seçilməsi ikitərəfli münasibətlərə yeni bir dinamizm gətirə bilər. Bu təyinatın Vaşinqton-Bakı xəttində tamamilə müsbət və konstruktiv bir mərhələnin əsasını qoyacağı gözlənilir".
Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında söyləyib:
"Aleksandr Oldenin zəngin təcrübəsi fonunda ABŞ-Azərbaycan əməkdaşlığına veriləcək əlavə impulsları və müsbət təsirləri aşağıdakı aspektlərdə qruplaşdırmaq olar:
Birincisi, Oldenin ABŞ Milli Təhlükəsizlik Şurasında müdafiə siyasəti üzrə direktor və Pentaqonda xüsusi köməkçi kimi fəaliyyət göstərməsi, onun regional təhlükəsizlik arxitekturasını dərindən bilməsindən xəbər verir. Bu, Xəzər hövzəsinin, trans-milli enerji kəmərlərinin və kritik infrastrukturun qorunması istiqamətində Vaşinqton və Bakı arasında hərbi-texniki əməkdaşlığı daha üst səviyyəyə daşıya bilər. Terrorizmlə mübarizə və sərhəd təhlükəsizliyi sahəsində illərdir davam edən uğurlu tərəfdaşlıq yeni idarəçilik vizyonu ilə daha da institusionallaşacaq.
İkincisi, yeni səfirin Milli Təhlükəsizlik Şurasında məhz "yeni və kritik texnologiyalar" üzrə baş direktor olması və ABŞ-nin məlumat analitikası nəhəngi "Palantir Technologies" şirkətində fəaliyyət göstərməsi, Bakı-Vaşinqton əlaqələrinə tamamilə modern bir qat əlavə edir. Azərbaycanın hazırda həyata keçirdiyi rəqəmsallaşma, süni intellekt layihələri, logistik qovşaqların kibertəhlükəsizliyinin təmin olunması və "ağıllı şəhər/kənd" konsepsiyaları üçün Oldenin bu profili əvəzolunmaz imkanlar vəd edir. Bu kontekstdə, ABŞ-ın yüksək texnologiyalar və süni intellekt sahəsindəki aparıcı korporasiyalarının Azərbaycana cəlb edilməsi prosesi sürətlənə bilər.
Üçüncüsü, Oldenin "Atlantic Council" kimi Vaşinqtonun xarici siyasətini formalaşdıran aparıcı beyin mərkəzlərində çalışması onun regional layihələrə və trans-milli marşrutlara (məsələn, Orta Dəhliz layihəsinə) baxışını daha strateji edir. O, Azərbaycanın regional liderliyini, Avropanın enerji və şaxələndirilmiş logistika təhlükəsizliyindəki mərkəzi rolunu ideoloji qəliblərlə deyil, real və praqmatik dövlət maraqları çərçivəsində qiymətləndirən bir kadrdır. Bu isə ikitərəfli münasibətlərdə bəzi süni siyasi maneələrin aradan qalxmasına və birbaşa iqtisadi-strateji faydalılığa əsaslanan tərəfdaşlığın ön plana çıxmasına şərait yaradacaq.
Nəticə etibarı ilə, Trampın bu addımı ABŞ-ın regiona daha ciddi, konseptual və "boş ritorikadan uzaq" bir praqmatizmlə yanaşdığını göstərir. Aleksandr Oldenin təhlükəsizlik, hərbi strategiya və innovasiya sahəsindəki çəkisi rəsmi Bakı ilə Vaşinqton arasında qarşılıqlı etimadı gücləndirəcək, iki ölkənin yalnız Cənubi Qafqazda deyil, bütövlükdə Avrasiya məkanında regional sabitlik naminə strateji tərəfdaşlığını yeni bir səviyyəyə yüksəldəcək".
Zeynəb Mustafazadə