Enerji siyasəti uğurlu nəticələrə hesablanıb- ÖZƏL
16:36 SiyasətBakı Ekspo Mərkəzində "Bakı Enerji Həftəsi" çərçivəsində keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi "Caspian Power" və 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimindəki nitqində cənab Prezidentimiz İlham Əliyevin dediyi aşağıdakı fikilər müstəqillik illərində enerji siyasətində keçdiyimiz yolun başlıca tərəflərini özündə əks etdirir: "Ölkələr neftin olub-olmaması ilə deyil, gəlirlərdən necə istifadə etdiklərinə görə mühakimə edilməlidir. Diqqət yetirilməlidir ki, öz ölkəsinin inkişafı, xalqının daha yaxşı yaşayış şəraitinin təminatı, yaşıl gündəlik məsələlərinə enerjinin istehsalından əldə edilən vəsaitləri onlar necə sərmayə kimi yatırırlar. Düşünürəm ki, Azərbaycan çox bariz nümunədir".
Olaylar xəbər verir ki , bunu Milli Məclisin sədr müavini Musa Qasımlı deyib: "Gerçəkdən də 1994-cü il sentyabrın 20-də ulu öndər Heydər Əliyevin səyləri nəticəsində "Əsrin müqaviləsi"nin imzalanması ilə təbii sərvətimiz olan neftin tariximizdə ilk dəfə olaraq milli sərvətə çevrilməsi ilə Azərbaycan örnək yaratdı. Ölkəmizdə "Holland sindromu" yaşanmadı. Azərbaycanda sərmayələr üçün əlverişli mühit olmasaydı xarici dövlətlər əməkdaşlığa başlamaz və bu işi indi də davam etdirməzdilər. Ötən illərdə uğurlu enerji strategiyasının bir sıra başlıca nəticələri oldu.
Birincisi, neftdən gələn gəlirlər bütün ölkəni dirçəltdi. Ərazilərin bir qisminin işğal altında olmasına baxmayaraq, Azərbaycan tamamilə yenidən quruldu, qaçqın və məcburi köçkünlərin problemləri dövlət büdcəsi hesabına həll edildi. Əhalinin sosial şəraiti yaxşılaşdırıldı.
İkincisi, neft gəlirləri başlıca məqsədə nail olmağa - ərazilərin azad edilməsinə, ordu quruculuğuna yönəldildi. Pul olmasaydı, ordunu necə qurmaq olardı? Deməli, torpaqların işğaldan azad edilməsinin, Azərbaycan dövlətinin bütün ölkə ərazisində tam suveren hüquqlarını qurmasının təməlində neft strategiyasının millətin və dövlətin maraqlarına uyğun gerçəkləşdirilməsi dayanır.
Üçüncüsü, işğal illərində tamamilə viran qoyulmuş ərazilər azad edildikdən sonra dirçəliş işlərinə dərhal başlanılması, dövlət büdcəsi hesabına bütün infrastrukturu ilə birlikdə müasir şəhər və kəndlərin tikilməsi, keçmiş məcburi köçkünlərin dədə-baba torpaqlarına qaytarılması, digər sahələrin inkişaf etdirilməsi neft gəlirlərindən milli maraqlar naminə düzgün istifadə edildiyini göstərir.
Nəhayət, müstəqilliyin ilk illərində Azərbaycan bəzi ölkələrdən enerji təchizatı sarıdan müəyyən qədər asılı vəziyyətdə idi. Onlar da çox vaxt enerji amilindən siyasi təzyiq vasitəsi kimi istifadə edirdilər. Bu gün isə Azərbaycan nəinki enerji təhlükəsizliyini təmin edir, eyni zamanda özündən ərazi baxımından böyük, əhalisinin sayı çox olan "qoca qitə" Avropanın və digər qitələrdə bəzi ölkələrin təchizatında mühüm rol oynayır. Müxtəlif kəmərlər Azərbaycanın müstəqilliyini möhkəmləndirir. Azərbaycan etibarlı körpü kimi dünyanın mühüm nəqliyyat-kommunikasiya mərkəzinə çevrilib. Azərbaycansız bu regionda heç bir layihəni həyata keçirmək mümkün deyildir.
Azərbaycan haralardan haraya gəldi. Şübhəsiz, yuxarıda göstərilənlər göydəndüşmə olmayıb, həyata keçirilməsi millətimizin və dövlətimizin inkişaf yolunu, strateji hədəflərini düzgün müəyyənləşdirən liderlərin adı ilə bağlıdır..."