Levon Zurabyan: İrana çəkiləcək "Sülh dəmir yolu" Ermənistanın təhlükəsizlik təminatı olacaq – ÖZƏL
13:16 SiyasətOlaylar.az xəbər verir ki, Erməni Milli Konqresi (EMK) partiyasının sədr müavini Levon Zurabyan Sünik (Zəngəzur) vilayətinin Aqarak şəhərində keçirdiyi seçkiqabağı təşviqat kampaniyası zamanı bildirib ki, partiyanın proqramının əsas hədəfi İrana uzanacaq yeni dəmir yolunun inşasıdır.
Qaqarindən başlayaraq Sünik, Meğri və Aqarakdan keçəcək bu layihənin 5-7 il ərzində reallaşdırılması nəzərdə tutulur.
Zurabyanın sözlərinə görə, İrəvanı Sünik vasitəsilə İranın Təbriz və ya Culfa xətlərinə bağlayacaq bu marşrut Aqarakı mühüm logistika mərkəzinə və tranzit qapısına çevirəcək. O, "Sülh dəmir yolu" adlandırdığı bu layihənin Ermənistan üçün güclü təhlükəsizlik təminatı yaradacağını və Azərbaycanın ölkəyə təzyiq göstərmək imkanlarını sıfırlayacağını iddia edib.
Yerli sakinlərlə görüşdə iqtisadi planlarla yanaşı mövcud böhrana da toxunan müxalifətçi lider, hakimiyyətin siyasətini kəskin tənqid edib. O, Baş nazir Nikol Paşinyanı 2019-cu ildə ölkəni qəsdən müharibəyə aparmaqda ittiham edib. Zurabyanın iddiasına görə, Paşinyanın qarşısında Qarabağ, Laçın və Kəlbəcəri saxlamaqla 5 rayonun qaytarılmasını nəzərdə tutan aydın bir plan olsa da, o, bundan imtina edərək Xankəndidə "Arsax Ermənistandır və nöqtə" bəyanatı ilə münaqişəni alovlandırıb. Sonda EMK rəsmisi seçiciləri suveren iqtisadiyyatın bərpası və cənub sərhədlərinin təhlükəsizliyi naminə öz siyasi qüvvələrini dəstəkləməyə çağırıb.