WUF13-ün nəticəsi COP29 qədər uğurlu olacaq- ÖZƏL

"Azərbaycanın inkişafı, qlobal güc mərkəzinə çevrilməsi beynəlxalq təşkilatların, ayrı-ayrı dövlətlərin maraq dairəsindədir. Hər bir dövlət güclü Azərbaycanla əməkdaşlıq etməyə, əlaqələr qurmağa çalışır. Mayın 17-22 tarixlərini əhatə edən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının Bakı şəhərində keçirilməsi Azərbaycanınbeynəlxalq nüfuzunun növbəti parlaq təzahürüdür. Sessiya "Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış yerləri" mövzusuna həsr olunmuşdur. Qonaqların və mütəxəssislərin də qeyd etdiyi kimi, Bakı forumunun əvvəlkilərdən fərqli olaraq, siyasi seqment və inklüzivliyi ön plana çıxarması onun strateji önəmini nümayiş etdirir. Nəzərə almaq lazımdır ki, 2001-ci ildə BMT tərəfindən yaradılan Ümumdünya Şəhərsalma Forumunun (WUF) Koordinatoru Məskunlaşma Proqramıdır. 2 ildən bir təşkil olunan Forumlarda əsas məqsəd sürətli urbanizasiya nəticəsində yaranan qlobal problemlərin həlli yollarının birgə müzakirə edilməsindən ibarət olmuşdur". "Olaylar" xəbər verir ki, bunu YAP İdarə Heyətinin üzvü, Milli Məclisin İntizam komissiyasının sədri Eldar İbrahimov deyib: "Bakı Forumu beynəlxalq təşkilatların rəsmi şəxslərini, dünyanın müxtəlif ölkələrindən dövlət və hökumət nümayəndələrini, şəhərsalma üzrə mütəxəssisləri və ekspertləri bir araya gətirdi. Ümumilikdə Ümumdünya Şəhərsalma Forumunun işində 182 ölkədən 45 mindən artıq qonaq iştirak etmişdir. Bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılış mərasimində demişdir: "Biz yəqin ki, qeydiyyatdan keçmiş iştirakçıların rekord sayına nail olduq. 182 ölkədən 45 mindən artıq qeydiyyata alınmış iştirakçımız var. Bu, il yarım əvvəl Azərbaycanda keçirilmiş COP29-dan sonra ikinci ən böyük beynəlxalq tədbirdir və ümid edirəm ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının nəticəsi COP29 qədər uğurlu olacaq. Düşünürəm ki, Bakıda bu günlər ərzində, ilk dəfə ölkəmizə səfər edən qonaqların əksər hissəsi ölkəmizi və şəhərimizi daha yaxşı tanımaq, şəhərsalmanın inkişafı sahəsində Azərbaycanda görülən işləri öz gözləri ilə görmək imkanını qazanacaqlar"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31