ABŞ-nin NATO ilə bağlı qərarları Avropada ciddi narahatlıq doğurur – ÖZƏL
15:13 SiyasətOlaylar.az xəbər verir ki, İspaniyanın "El País" qəzetinin yazdığına görə, Avropa İttifaqı ölkələri ABŞ-nin müdafiə sahəsindəki son qərarlarının NATO-nun struktur baxımından yenidən qurulmasına və ya Vaşinqtonun alyandakı iştirakını əhəmiyyətli dərəcədə azaltmasına doğru ilk addım ola biləcəyindən ehtiyat edirlər.
Nəşr ABŞ-nin Almaniyadan 5 min hərbçisini çıxarmaq niyyətini, Polşada qüvvələrin planlaşdırılan yerləşdirilməsinə yenidən baxılmasını və Almaniyada "Tomahawk" raketlərinin yerləşdirilməsi layihəsinin dondurulması təşəbbüsünü xatırladır. Qəzetin rəyinə görə, Birləşmiş Ştatlar NATO ilə daha çox işgüzar münasibətlərə doğru irəliləyir və Avropada yalnız öz qlobal strateji maraqlarına cavab verən hərbi imkanları saxlamağa çalışır. Bu maraqlar isə getdikcə daha çox Amerika və Asiyaya yönəlir, Avropa regionuna isə daha az diqqət ayrılır. Vaşinqton daha əvvəl alyans çərçivəsində üzərinə düşən yükü azaldacağı barədə xəbərdarlıq etsə də, müttəfiqlər bu dəyişikliklərin real olduğunu yalnız indi anlamağa başlayırlar. Berlin, Paris və Brüsseldə transatlantik münasibətlərin Soyuq müharibənin başa çatmasından bəri görünməmiş strateji qeyri-müəyyənlik mərhələsinə qədəm qoyduğu barədə hiss getdikcə güclənir. Avropa paytaxtlarındakı narahatlıq təkcə qəbul edilən qərarların məzmunu ilə deyil, həm də bu qərarların tərəfdaşlara çatdırılma forması ilə bağlıdır.
Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun NATO çərçivəsindəki kursuna çox ciddi şəkildə yenidən baxacağını bəyan etmişdi. Ağ Ev rəhbərinin sözlərinə görə, ABŞ alyans üçün "trilyonlarla dollar" ödəsə də, Şimali Atlantika Alyansı İran ətrafındakı vəziyyətdə Vaşinqtonu dəstəkləməyib.