Pentaqondan rəsmi etiraf: "Silahları Tayvana yox, İrandakı müharibəyə saxlayırıq"
11:59 SiyasətPentaqonun və Ağ Evin eyni vaxtda bir neçə cəbhədə hərbi gərginliyi idarə etməkdə çətinlik çəkməsi və qlobal silah böhranı fonunda beynəlxalq aləmi sarsıdacaq növbəti sensasion addım atılıb. ABŞ rəhbərliyi Yaxın Şərqdəki irimiqyaslı müharibə planlarına görə ən strateji tərəfdaşlarından birini silah tədarükündən məhrum edib.
Musavat.com xəbər verir ki, ABŞ-da Donald Tramp administrasiyası İrana qarşı planlaşdırılan genişmiqyaslı hərbi əməliyyatlara silah və sursat saxlamaq məqsədilə Tayvana 14 milyard dollar dəyərində silah satışını rəsmən dayandırıb. Bu barədə hərbi dairələrdə böyük səs-küyə səbəb olan bəyanatla ABŞ Hərbi Dəniz Qüvvələri nazirinin vəzifəsini icra edən Hanq Kao çıxış edib.
Pentaqon rəsmisi Konqresdə senatorlar qarşısında etdiyi gizli və strateji məruzədə Ağ Evin bu addımını rəsmən etiraf edib və ordu daxilində yaranan sursat qıtlığına işarə vurub: "Hazırda biz Tayvana silah satışında rəsmi bir fasilə (pauza) götürürük. Bunun yeganə səbəbi İrana qarşı hazırladığımız "Epik Qəzəb" ("Epic Fury") hərbi əməliyyatı üçün bizə lazım olan bütün zəruri sursatların əlimizdə tam olmasından əmin olmaq istəyimizdir".
Kao bəyanatına əlavə edib ki, bu müvəqqəti dayandırmaya baxmayaraq, ABŞ-ın öz hərbi ehtiyatlarında hələ də "kifayət qədər" silah-sursat mövcuddur. Bununla belə, hərbi ekspertlər Vaşinqtonun bu gedişini Çinin Tayvanı işğal etmək planları qarşısında adanın müdafiə qabiliyyətinə endirilmiş ağır zərbə və ABŞ-ın Yaxın Şərq bataqlığında boğulmasının rəsmi sübutu kimi qiymətləndirirlər.