Postmüharibə dövründə həyata keçirilən layihələr həyatın doğma torpaqlara yenidən qaytarılmasını ifadə edir - Bəşir Hacıyev

Bu gün həyata keçirilən bütün yenidənqurma və inkişaf fəaliyyətlərinin arxasında işğal dövründə Kəlbəcərdə törədilmiş ağır dağıntılar, vandalizm və ekoloji terror dayanır.

Olaylar xəbər verir ki, bunu Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində "Urban Expo"nun Azərbaycan pavilyonunda "Urbisiddən Münaqişə Sonrası Yenidənqurmaya Gedən Yol" adlı tədbirdə deyib.

B.Hacıyev xatırladıb ki, rayonun yaşayış məntəqələri kütləvi şəkildə dağıdılıb, insanların illər boyu formalaşdırdığı tarixi mühit və təbii ekosistem ciddi zərər görüb. Tarixi və mədəni irs, nadir dini abidələr, qəbiristanlıqlar və digər mədəni nümunələr ciddi dağıntıya məruz qalıb.

Eyni zamanda, Kəlbəcərin zəngin təbii sərvətləri ekoloji baxımdan məsuliyyətsiz şəkildə istismar edilib, meşələr yandırılıb, təbii resurslar talan olunub, su ehtiyatlarına və canlı aləmə ciddi ziyan vurulub. Rayonun iqtisadi potensialı da böyük ölçüdə məhv edilib. Uzun illər ərzində regionun ekoloji sistemi və ətraf mühiti ağır şəkildə zərər görüb.

"Bu səbəbdən postmüharibə dövründə həyata keçirilən layihələr yalnız tikinti və yenidənqurma prosesi deyil, həm də tarixi ədalətin bərpasını və həyatın doğma torpaqlara yenidən qaytarılmasını ifadə edir".

Xüsusi nümayəndə vurğulayıb ki, 44 günlük Vətən müharibəsi nəticəsində ərazilərimizin azad edilməsindən dərhal sonra həmin ərazilərdə genişmiqyaslı mina təmizləmə və bərpa işləri həyata keçirilməyə başlanıb:

"Bu layihələr Qarabağ və Şərqi Zəngəzurun təbii dirçəlişinə, inklüziv və davamlı məskunlaşmaya, iqtisadi fəaliyyətin bərpasına dəstək verir və bu bölgələrin inkişaf etmiş regionlara çevrilməsində mühüm rol oynayır.

Eyni zamanda, bu proseslər işğal dövründə törədilmiş dağıntıların, ekoloji terrorun və meşələrin məhv edilməsinin nəticələrinin aradan qaldırılması baxımından xüsusi əhəmiyyət daşıyır".

Qeyd edək ki, bu gün Bakıda BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) beşinci günü keçirilir.

Forumun bugünkü proqramı mənzil siyasəti, şəhərlərin böhranlardan sonrakı bərpası, maliyyələşdirmə mexanizmləri, urbanizasiya, gənclərin şəhər inkişafında iştirakı, dayanıqlı turizm və vətəndaş cəmiyyətinin rolu kimi mövzulara həsr olunub.

Beşinci gün çərçivəsində "Böhranların bərpası və yenidənqurulmasının mərkəzində mənzil", "Mənzil maliyyələşdirilməsi üçün yeni razılaşma", "Akademiya", "Uşaqlar və gənclər", "Kiçik ada inkişaf etməkdə olan dövlətlərdə inklüziv şəhər dayanıqlılığı, mavi iqtisadiyyat və dayanıqlı turizm", "Afrika Əlçatan Mənzil Kompaktı - İnvestorlar üçün xüsusi sessiya", "Peşəkarlar", "Vətəndaş cəmiyyəti" və yekun sessiya üzrə dialoqlar, dəyirmi masalar və xüsusi sessiyalar keçiriləcək.

Sessiyalarda mənzilə çıxış imkanlarının genişləndirilməsi, şəhərlərin böhran və münaqişələrdən sonra bərpası, dayanıqlı maliyyə alətlərinin tətbiqi, gənclərin qərarqəbuletmə proseslərinə cəlb olunması, həmçinin iqlim dəyişikliyi şəraitində şəhərlərin dayanıqlığının artırılması məsələləri müzakirə ediləcək.

WUF13-ün dördüncü günü urbanizasiya, iqlim dəyişiklikləri, inklüziv şəhər inkişafı, mənzil siyasəti və dayanıqlı idarəetmə mövzularına həsr olunmuş geniş tədbirlər proqramı ilə yadda qalıb. Həmin gün "Qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların transformasiyası", "İqlim və mənzil əlaqəsi", "Şəhərlərdən səslər: SPECA Şəhərlər Forumu", "Azərbaycanın mənzil təcrübəsi", "Şəhərlər oyun meydanı kimi", "Mədəni irsin yenidən düşünülməsi və inklüziv şəhər regenerasiyası", "Təmiz hava", "Əlilliyi olan şəxslər", "Parlamentarilər", "Tullantıların idarə olunmasının dairəvi iqtisadiyyata uyğun inkişafı" və "Şəhər iqlim irsinin inkişafı" mövzularında sessiyalar təşkil olunub.

Dördüncü gün çərçivəsində keçirilən BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) Şəhərlər Forumunda mühüm hadisələrdən biri də Almatı şəhərinin "SPECA İqlimə Dayanıqlı Ağıllı Şəhərlər Forumunun yaradılması ilə bağlı Niyyət Bəyannaməsi"nə rəsmi şəkildə qoşulmasının elan edilməsi olub. Bu addım SPECA regionunda iqlimə davamlı və innovativ şəhər inkişafı sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli hadisə kimi qiymətləndirilib.

Forumun üçüncü günü qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt və şəhər idarəçiliyi, "yaşıl" urbanizasiya, sosial bərabərlik və dayanıqlı nəqliyyat mövzularında müzakirələrlə yadda qalıb. Həmin gün Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında qardaşlaşma haqqında memorandum imzalanıb. Sənədi Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və Trabzon Böyükşəhər Bələdiyyəsinin sədri Ahmet Metin Genç imzalayıblar.

Forumun ilk iki günündə isə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər toplantısı, Liderlər Sammiti, qadınlar və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları, şəhər rifahı və qlobal mənzil böhranı ilə bağlı yüksək səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı baş tutub və bu platforma Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və növbəti forumlara hazırlıq baxımından mühüm addım kimi dəyərləndirilib.

182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək. "Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri" mövzusuna həsr olunmuş forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31