Parad arxasındakı siyasi hesab: Paşinyanın seçki strategiyası ÖZƏL

Ermənistan hökumətinin Moskva ilə gərginlik fonunda 28 mayda hərbi parada hazırlaşması diqqət çəkir.  Erməni mediası Bakının bu parada səssiz qaldığını bildirərək, nümayişin Azərbaycana deyil, başqa hədəflərə yönəldiyini yazır. 
Mövzu ilə bağlı politoloq Həşim Səhrablı Olaylar.az-a açıqlama verib:
" Sülh gündəliyinin davam etdiyi belə bir məqamda inandırıcı deyil ki, Ermənistanın hərbi parad keçirmək niyyəti birbaşa Azərbaycana qarşı yönəlmiş məsələdir. Burada hesab etmək mümkündür ki, məqsəd əsasən seçkilərə fokuslanmaq və Paşinyanın dövlətin ona verdiyi imkanlardan istifadə edərək partiyasının yenidən qələbəsini təmin etməsidir. Çünki həm Vətən müharibəsindən sonra, həm də əvvəlki seçkiqabağı kampaniyalarda müxalifətin Paşinyana qarşı ən böyük arqumentlərindən biri məhz həmin acı məğlubiyyət və Qarabağın itirilməsi idi. Onlar bunu Paşinyanın səriştəsizliyi və onun hakimiyyətə gəlməsindən sonra Ermənistanın zəifləməsi kimi təqdim etməyə çalışırdılar. İndi isə Paşinyan hərbi parad keçirməklə göstərməyə çalışacaq ki, bu, bir növ informasiya müharibəsidir və Ermənistanın hərbi-texniki imkanları genişləndirilib. Məğlubiyyətin səbəbi onların səriştəsizliyi deyil, əvvəlki hakimiyyətlərin yanlış siyasəti və ümumilikdə Ermənistanın Azərbaycanla müqayisədə daha zəif ölkə olmasıdır.
Yəni Paşinyan bu addımı atmaqla öz hakimiyyətinin "səriştəsizlik" və "məğlubiyyətin əsas səbəbkarı" damğasından qurtulmasına çalışır. Digər tərəfdən isə ola bilər ki, Ermənistan Azərbaycana deyil, daxildə seçkiqabağı təxribat hazırlamağa çalışan qüvvələrə və ya onları dəstəkləyən xarici dairələrə mesaj verməyə çalışır. Burada Rusiyanın Gümrüdəki hərbi bazasını da nəzərə almaq lazımdır. Dünya mediasında, eləcə də bəzi erməni müxalif ekspertlərin fikirlərində tez-tez belə yanaşma ilə rastlaşırıq ki, əgər Paşinyan Rusiya xəttindən uzaqlaşarsa, Gümrü bazası Ermənistana qarşı istifadə edilə bilər. Ola bilər ki, Ermənistan tərəfi hərbi parad vasitəsilə göstərmək istəyir ki, Gümrü bazasının texniki imkanlarından daha güclü ordu qurmağa çalışır və heç bir təxribatın mümkün olmayacağı mesajını verir. Bununla da əhalini təşvişə düşməməyə, arxayın olmağa çağırır.
Çünki aydın məsələdir ki, bu addım birbaşa Rusiyaya qarşı yönələ bilməz. Ermənistan hakimiyyəti də yaxşı anlayır ki, Fransa, İngiltərə və hətta ABŞ-dən nə qədər silah və dəstək alsa belə, Rusiyaya qarşı açıq qarşıdurmada heç bir şansı yoxdur və belə bir toqquşmaya hazırlaşmır. Əgər belə risk yaransa, Ermənistan müəyyən mənada Rusiyanın diktə etdiyi şərtlərlə razılaşmağa üstünlük verə bilər. Amma əgər Gümrü bazası vasitəsilə hansısa təxribat planlaşdırılırsa, nəzərə almaq lazımdır ki, Rusiyanın diqqəti hazırda Ukrayna müharibəsinə yönəlib. Ordunu iki istiqamətə bölmək və Ermənistana əlavə qüvvə göndərmək imkanları məhdud ola bilər. Moskva da bunu o qədər prioritet hesab etməyə bilər. Ona görə də bu addım, daha çox, Gümrü bazası vasitəsilə mümkün təxribatların və ya Ermənistana qarşı addımların qarşısını almağa hesablanmış mesaj xarakteri daşıyır. Ermənistan tərəfi göstərməyə çalışır ki, istər Rusiyadan, istərsə də başqa istiqamətlərdən gələcək elementar təhdidlərə qarşı özünü müdafiə etmək imkanları mövcuddur və ordusunu gücləndirməklə məşğuldur.
Qısaca desək, bu addım iki məqsədə hesablanıb: Birincisi, xaricdən gələcək mümkün ilkin təhdidlərə cavab mesajı vermək,  ikincisi və ən əsası isə seçki ərəfəsində "məğlubiyyətin səbəbkarı biz deyilik, Qarabağ bizim səriştəsizliyimizdən itirilmədi, ordunu gücləndirmək imkanlarımız var və biz bunu edirik" mesajını cəmiyyətə çatdırmaqdır".

Zeynəb Mustafazadə 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31