Ermənistanda seçkilərin taleyini hansı qüvvələr həll edəcək? - ÖZƏL
14:53 SiyasətCənubi Qafqazda geosiyasi proseslərin sürətlə dəyişdiyi bir vaxtda Ermənistanda seçki öncəsi risklər və xarici təsirlər artır.Ermənistanda 7 iyun seçkiləri ərəfəsində daxili siyasi gərginliyin və mümkün təxribat risklərinin gündəmə gəlməsi ölkədəki hakimiyyət-müxalifət münasibətləri, "5-ci kolon" iddiaları və xarici təsir amilləri baxımından nə vəd edir? Bu proseslər Ermənistanın daxili sabitliyinə, regiondakı siyasi balanslara və Azərbaycan-Ermənistan münasibətlərinə necə təsir göstərə bilər?Ermənistanda seçkilər öncəsi "5-ci kolonun fəallaşması" və təxribat ehtimalları ilə bağlı səslənən iddialar ölkədə yeni siyasi qarşıdurma mərhələsinin başlandığını göstərirmi? Bu vəziyyət Paşinyan hakimiyyətinin gələcəyi və regional təhlükəsizlik baxımından hansı riskləri yarada bilər?
Mövzu ilə bağlı suallarımızı cavablandıran siyasi şərhçi Əziz Əlibəyli Olaylar.az-a açıqlamasında bildirib:
"Təbii ki, burada söhbət yalnız daxili müxalifətdən getmir. Görünən odur ki, həm Rusiyada, həm də Ermənistanda müəyyən siyasi qarşıdurma və təsir savaşı dərinləşməkdədir.Tərəflərin bir-birinə qarşı istifadə etdiyi əsas mövzulardan biri də Azərbaycan məsələsi, xüsusilə Qarabağ istiqaməti və keçmiş münaqişə ilə bağlı yanaşmalardır. Bu mövzu müxtəlif siyasi qüvvələr tərəfindən daxili siyasi mübarizədə alətə çevrilə bilər.
Eyni zamanda qarşıdakı dövrdə genişmiqyaslı və regional proseslər fonunda müəyyən təxribat cəhdlərinin baş verməsi ehtimalı da istisna deyil. Bu proseslərdə təkcə daxili siyasi qüvvələrin deyil, xarici təsir mərkəzlərinin, xüsusilə Rusiyanın müəyyən dairələrinin daha fəal iştirakı gözlənilə bilər.
Şübhəsiz ki, seçkilərin ilkin mərhələsində hakimiyyətə gəlmək ehtimalı yüksək görünən namizədlər olsa da, yekun nəticəyə təsir göstərə biləcək tərəddüd edən və qərarsız seçici kütləsi də mövcuddur. Bu baxımdan bəzi siyasi qüvvələrin hakimiyyətə gəlməsi ilə bağlı hələ də müəyyən sual işarələri qalır.
Əgər həmin qüvvələr hakimiyyətə gələcəkləri təqdirdə, şübhəsiz ki, Azərbaycanla münasibətlər və regiondakı geosiyasi balans əsas müzakirə mövzularından birinə çevriləcək. Xüsusilə Azərbaycan amili onların siyasi gündəmində əsas rəqabət və təzyiq faktorlarından biri kimi qalmağa davam edəcək."
İbrahim Məmmədli