Xalqımız yalnız musiqisi və poeziyası ilə deyil, həm də memarlıq irsi ilə qürur duyur- ÖZƏL

"Azərbaycan tarixən Şərqlə Qərbin qovuşduğu məkan olub və bu xüsusiyyət xüsusilə Bakının memarlığında aydın şəkildə görünür. İçərişəhərin qədim divarları ilə müasir göydələnlərin eyni şəhər daxilində harmonik şəkildə mövcudluğu qədimliklə yeniliyin vəhdətini nümayiş etdirir. Vaxtilə cəmi üç kilometr olan Bakı Bulvarının bu gün 15 kilometrdən artıq müasir dənizkənarı məkana çevrilməsi şəhərsalmanın planlı inkişafının nümunəsi kimi dəyərləndirilir. XIX əsrdə Avropa memarları tərəfindən layihələndirilmiş binaların bu gün də qorunması Bakının tarixi simasının saxlanılmasına verilən önəmin göstəricisidir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Asif Əsgərov deyib: "Cari ilin "Şəhərsalma və Memarlıq İli" elan olunması bu sahəyə dövlət səviyyəsində göstərilən diqqətin ifadəsidir. Eyni zamanda, 2022-ci ildən etibarən BMT-nin Məskunlaşma Proqramı ilə əməkdaşlıq çərçivəsində Ağdam, Zəngilan və Xankəndidə milli şəhərsalma forumlarının keçirilməsi Azərbaycanın postmünaqişə dövründə şəhərsalma siyasətinə xüsusi önəm verdiyini təsdiqləyir.
Bakı ilə yanaşı, Şamaxı, Naxçıvan, Gəncə, Qəbələ, Şəki və Lahıc kimi qədim yaşayış məskənləri əsrlərlə formalaşmış memarlıq ənənələrinin daşıyıcısıdır. Şamaxıda yerləşən VIII əsrə aid məscid, Naxçıvandakı Möminə xatun türbəsi, Gəncənin tarixi memarlıq ənənələri, Şəkinin və Qəbələnin zəngin abidələri xalqımızın zəngin mədəni irsinin göstəricisi kimi diqqət çəkir. Kiş kəndində yerləşən qədim kilsə dini tolerantlığın və multikultural dəyərlərin tarix boyu qorunmasının nümunəsi kimi əhəmiyyət daşıyır. Lahıc kəndində əsrlər öncə yaradılmış kanalizasiya və su sistemləri əcdadlarımızın yüksək mühəndislik və şəhərsalma təfəkkürünə malik olduğunu sübut edir. Şuşanın yenidən qurulması, tarixi qala divarlarının və memarlıq nümunələrinin bərpası isə Qarabağın mədəni ruhunun dirçəldilməsinin mühüm göstəricisi kimi təqdim olunur.
Xalqımız yalnız musiqisi və poeziyası ilə deyil, həm də memarlıq irsi ilə qürur duyur. VI əsrə aid Qız qalası, İçərişəhər kompleksi və digər tarixi abidələrin əsrlər boyu qorunub saxlanılması milli-mədəni irsə olan münasibətin göstəricisidir. Tarixi abidələrin bərpası və onların gələcək nəsillərə çatdırılması dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi qiymətləndirilir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31