Azərbaycan şəhərsalmada yeni inkişaf modelini nümayiş etdirir - ÖZƏL

"Bu forumun keçirilməsində əsas məqsəd Azərbaycanın şəhərsalma sahəsində əldə etdiyi nailiyyətləri və tətbiq etdiyi müasir metodologiyanı beynəlxalq ictimaiyyətə təqdim etməkdir. Eyni zamanda Azərbaycan bu platforma vasitəsilə müxtəlif ölkələrin şəhərsalma təcrübələrinin qarşılıqlı şəkildə paylaşılması və müzakirəsi üçün əlverişli şərait yaratmağa çalışır. Digər mühüm məqamlardan biri isə müasir şəhərsalmanın bütün dünya üçün ortaq olan problemlərinin və çağırışlarının qlobal iştirakçılarla birlikdə müzakirəyə çıxarılmasıdır."

Bu fikirləri siyasi şərhçi Aydın Quliyev Olaylar.az-a açıqlamasında bildirib:

"Bu istiqamətlərin hər biri üzrə Azərbaycanın özünəməxsus hədəfləri və yanaşmaları mövcuddur. Aydındır ki, ölkəmizin şəhərsalma sahəsində qazandığı təcrübə bir çox dövlətlər üçün maraq doğurur. Azərbaycanın təcrübəsindən istifadə edib-etməmək isə hər bir ölkənin öz seçimidir. Lakin bir həqiqət var ki, Azərbaycanın şəhərsalma modeli müəyyən unikallığı ilə seçilir.

Bu unikallığın əsas səbəblərindən biri odur ki, Azərbaycan 30 ilə yaxın müddətdə dağıdıcı və vandal xarakterli işğalın nəticələrini aradan qaldırmaq məcburiyyətində qalıb. Yeni yaşayış məntəqələrinin, şəhərlərin və kəndlərin qurulmasında əsas vəzifələrdən biri erməni işğalının ağır və dağıdıcı izlərini silməkdir. Bu, Azərbaycanın qarşısında duran ən böyük çağırışlardan biridir.

Digər tərəfdən isə qlobal iqlim dəyişiklikləri müasir şəhərsalma prosesində bütün ölkələr kimi Azərbaycan üçün də yeni problemlər və çətinliklər yaradıb. Belə bir şəraitdə Azərbaycanın tətbiq etdiyi metodika və formalaşdırdığı təcrübə beynəlxalq səviyyədə maraq doğurur.

Müasir, dayanıqlı və təhlükəsiz şəhərlərin qurulması bu gün hər bir dövlətin əsas strateji prioritetlərindən biridir. Azərbaycanın bu sahədə əldə etdiyi nəticələr isə həm qısa müddətdə reallaşdırılması baxımından, həm də ortaya qoyulan keyfiyyət dəyişikliklərinə görə xüsusi diqqət çəkir. Xüsusilə qeyd edilməlidir ki, Azərbaycan şəhərsalma sahəsində əsas nailiyyətlərini işğaldan azad olunmuş ərazilərdə son bir neçə il ərzində əldə edib. Bu müddət böyük şəhərsalma layihələri üçün çox uzun zaman hesab olunmasa da, həmin dövrdə görülən işlər beynəlxalq ictimaiyyət üçün olduqca maraqlı və əhəmiyyətlidir.

Beləliklə, Ümumdünya Şəhərsalma Forumu ölkələrin öz təcrübələrini nümayiş etdirdiyi, qarşılıqlı öyrənmə imkanları qazandığı və müasir şəhərsalmanın problemlərini birgə müzakirə etdiyi mühüm beynəlxalq platformadır. Bu cür məzmunlu və strateji əhəmiyyətli tədbirin Azərbaycanda keçirilməsi isə təsadüfi deyil. Çünki Azərbaycan xüsusilə dağıntılardan azad edilmiş ərazilərdə müasir şəhərlərin və yaşayış məskənlərinin qurulması istiqamətində artıq mühüm nümunə və təcrübə ortaya qoyur. Şübhəsiz ki, bu təcrübə həm bu gün, həm də gələcəkdə dünya üçün maraq və əhəmiyyət kəsb edəcək."

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31