Dəmir yollarının açılması xalqlararası birbaşa ünsiyyətin qurulması deməkdir - ÖZƏL

"21-ci əsrdə texnologiyanın sürətli inkişafı ilə iqtisadi cəmiyyət və sadə həyat əhəmiyyətli dərəcədə dəyişib. Rəqabət üstünlüklərinin təşviqi bu sürətlə dəyişən və qeyri-müəyyən biznes mühitinə ciddi şəkildə təsir edib. Proses sadəcə dövlətlər üçün deyil, bütövlükdə iri şirkətlər üçün də ən vacib məsələyə çevrilib.
Rəqabət üstünlüklərini qorumaq üçün bu gün zəruri olan məsələlərdən biri həm də regional inteqrasiya və əməkdaşlıqdır. Regional inteqrasiya olmadan dünya iqtisadiyyatına çıxmaq olduqca çətinləşir. Çünki bu prosesdə və qeyri-müəyyənlikdə dövlətlərin balans tapması, bu balansı yaratması, öz güclərini bir yerə qoyması vacibdir." Bu sözləri  Olaylar.az-a  açıqlamasında  Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm HƏSƏNOVA deyib: "
Ticarət, investisiya, texnologiya, nəqliyyat infrastrukturunun inkişafı, İKT sahəsində əməkdaşlıq birbaşa artım yaradır. Maliyyə əməkdaşlığı böyüməyə töhfə verir, dəyişkən maliyyə bazarlarının təsirini azaldır, makroiqtisadi sabitliyi təmin edir. Şübhəsiz ki, belə bir məqamda Cənubi Qafqaz regionunun inteqrasiyası, regional əməkdaşlığın qurulması vacib məsələlərdən biridir.
Bu istiqamətdə Bakı-Tbilisi-Bakı sərnişin reysinin açılması, habelə quru yolları ilə bağlı məsələlərin yenidən aktuallaşması şübhəsiz ki, müsbətdir. O baxımdan müsbətdir ki, bu təxirəsalınmaz proses regional inteqrasiyanın daha sürətlənməsinə təsir edəcək.
Azad edilmiş ərazilərdə bu gün dəmir yolları yenidən qurulur. Artıq Ağdama dəmir yolu ilə gedilir. Gələn il Xankəndiyə dəmir yolu ilə getmək mümkün olacaq. Təbii ki, quru əlaqəsinin bərpası həm regional əməkdaşlığı, inteqrasiyanı sürətləndirəcəksə, bunu ən bəsit formada daha səmimi münasibətlər kimi də xarakterizə edərdim. Çünki bu, dövlət institutları, biznes mühitindən əlavə, həm də xalqlararası birbaşa ünsiyyətin qurulmasına gətirib çıxardacaq. Odur ki, bu məsələ həm Azərbaycan-Gürcüstan münasibətləri kontekstində, həm də regional kontekstdə olduqca mühüm bir hadisədir." 

İbrahim  Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31