Kuba üçün dönüş nöqtəsi: ABŞ ilə hesablaşma mərhələsi - ÖZƏL

"Amerika Birləşmiş Ştatları faktiki olaraq həm öz yaxın coğrafiyasında, həm də daha uzaq regionlarda maraqlarına zidd olan qüvvələri mərhələli şəkildə neytrallaşdırmağa çalışır. Bir tərəfdən İran ətrafında baş verən proseslər, digər tərəfdən Rusiyanın uzunmüddətli geosiyasi və iqtisadi bataqlığa sürüklənməsi, üçüncü istiqamətdə isə Çinlə zahirdə əməkdaşlıq görüntüsü fonunda paralel şəkildə təzyiq siyasətinin davam etdirilməsi Vaşinqtonun sistemli strategiyasının tərkib hissəsi kimi qiymətləndirilə bilər. Eyni yanaşma Latın Amerikası ölkələri, xüsusilə də Kuba ilə bağlı siyasətdə də özünü göstərir."

Bu fikirləri siyasi şərhçi Azər Həsrət Olaylar.az-a açıqlamasında bildirib:

"Kuba coğrafi baxımdan Amerika Birləşmiş Ştatlarının birbaşa yaxınlığında yerləşsə də, onilliklər ərzində siyasi kursunu Vaşinqtondan deyil, Moskva və Pekin kimi ABŞ-yə rəqib olan güclərdən yana qurmağa üstünlük verib. Halbuki daha praqmatik və çevik siyasət yürüdüləcəyi təqdirdə, ABŞ ilə münasibətlərin normallaşdırılması Kuba xalqının rifahı, iqtisadi inkişafı və beynəlxalq inteqrasiyası baxımından daha faydalı nəticələr verə bilərdi. Demokratiya, insan haqları, iqtisadi əməkdaşlıq və güclü qonşu dövlətlə tərəfdaşlıq Kuba üçün yeni inkişaf imkanları aça bilərdi.

Lakin görünən odur ki, həm əvvəlki, həm də indiki Kuba rəhbərliyi bu reallığı lazımi səviyyədə qiymətləndirməyib. Son aylarda ABŞ administrasiyasının Kubaya qarşı daha sərt siyasi və iqtisadi addımlar atması da məhz bu kontekstdə dəyərləndirilir. Xüsusilə İranla əlaqəli qlobal proseslərin təsirlərindən dolayısı ilə zərər görən ölkələrdən biri kimi Kuba da Vaşinqtonun diqqət mərkəzinə düşüb.

Məncə, ABŞ hazırda keçmişdən qalan geosiyasi problemləri yenidən gündəmə gətirərək Kubaya təzyiqi artırmağa çalışır. Hədəf isə hələlik hərbi müdaxilə və ya daxili qarşıdurma yaratmaq deyil, Havana rəhbərliyini siyasi kursunu dəyişməyə təşviq etməkdir. Əgər Kuba rəhbərliyi bu mesajları düzgün qiymətləndirərsə, bu, ölkənin gələcəyi və xalqın rifahı baxımından mühüm dönüş nöqtəsinə çevrilə bilər. Əks halda, İran, Venesuela və ya Rusiyanın üzləşdiyi iqtisadi-siyasi çətinliklərə bənzər problemlərlə qarşılaşması istisna deyil.

Bu baxımdan ABŞ-nin hazırkı siyasətini "köhnə geosiyasi düyünlərin açılması" kimi xarakterizə etmək olar. Hazırda tətbiq olunan vasitələr əsasən yumşaq təzyiq mexanizmləridir. Halbuki Vaşinqtonun əlində daha sərt təsir alətləri də kifayət qədərdir. İndiki mərhələni aysberqin yalnız görünən hissəsi kimi də qiymətləndirmək mümkündür. Ona görə də düşünürəm ki, Kuba rəhbərliyi yaxın dövrdə ABŞ ilə münasibətlərdə daha realist və hesablanmış siyasət yürütmək məcburiyyətində qala bilər."

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31