"Zəngəzur və Orta Dəhlizin taleyi bu münaqişələrin həllindən asılıdır" – AÇIQLAMA – ÖZƏL
11:42 Siyasət"Regionda baş verən faktiki geosiyasi proseslər, hərbi qarşıdurmalar və eyni zamanda ticarət savaşlarının yaratdığı çətinliklər, əlbəttə ki, Azərbaycan kimi əsas enerji ixracatçısı olan ölkələrə də müəyyən problemlər yaradır. Azərbaycanın ən böyük və ən yaxın qonşularından biri olan Rusiya beynəlxalq sanksiyalar altındadır və bu vəziyyət Rusiya ilə açıq şəkildə ticarətin həyata keçirilməsində, xüsusilə enerji resurslarının satışı baxımından müəyyən çətinliklər yaradır. Təbii ki, cənab Prezidentin də qeyd etdiyi kimi, belə şəraitdə qonşularla diplomatik müstəvidə daha yaxşı münasibətlər qurmaq zərurəti yaranır".
Bu fikirləri Olaylar.az-a açıqlamasında iqtisadçı ekspert Razi Abbasbəyli deyib. Ekspert bildirib ki, bəzən qlobal diplomatiyada müəyyən razılaşmalara ehtiyac duyulur. Məsələn, hər hansı ölkə Rusiya ilə hər hansı razılıq əldə etsə belə, bunu Avropadakı iqtisadi və siyasi tərəfdaşlarla da uzlaşdırmaq lazım gəlir. Çünki tətbiq edilən sanksiyalar yalnız Rusiyaya deyil, həm də Rusiya ilə ticarət münasibətləri quran və ya qurmaq istəyən ölkələrə təsir göstərir. Bu təsirlər maliyyə hesablaşmalarında çətinliklər yaradır, tranzit daşımalarına, müəyyən yüklərin daşınmasına, həmçinin enerji ixracına mənfi təsir edir. Ona görə də Azərbaycanın yerləşdiyi geosiyasi-coğrafi məkan kifayət qədər mürəkkəbdir. Belə bir məkanda diplomatiyada çox incə və hesablanmış addımlar atılmalıdır ki, heç bir tərəfin maraqları zədələnməsin və hər kəslə qarşılıqlı anlaşma əldə etmək mümkün olsun. Burada həssas davranışlara ciddi ehtiyac var. Əgər regionda münaqişələr aradan qalxarsa, xüsusilə də Rusiya-Ukrayna müharibəsi həllini taparsa, alternativ enerji xətlərinin, neft və qaz ixracı ilə bağlı yeni layihələrin müzakirəsi daha fəal şəkildə həyata keçirilə bilər. Ən vacib məqamlardan biri isə odur ki, münaqişələrin dayanması və sülhün təmin olunması Azərbaycanın Şərqi Zəngəzurdan Ermənistan ərazisi vasitəsilə Naxçıvan və Türkiyəni birləşdirən quru əlaqələrinin açılmasına şərait yarada bilər. Bu halda Orta Dəhliz layihəsinin icrası da sürətlənər. Asiya ilə Avropanın birləşdirilməsi istiqamətində aparılan həm diplomatik səylər, həm də iqtisadi hazırlıqlar daha effektiv nəticə verər. Eyni zamanda Zəngəzur dəhlizinin açılması prosesi də sürətlənə bilər. Təəssüf ki, hazırda regionda Orta Dəhlizin açılmasını ləngidən əsas amillərdən biri İran-ABŞ qarşıdurması, digəri isə Rusiya-Ukrayna müharibəsidir. Bütün bunlar regionun iqtisadi inkişafına da mənfi təsir göstərir. Buna baxmayaraq, mövcud gərginlik fonunda Azərbaycan və Gürcüstan son illərdə iqtisadi sahədə ciddi layihələr və uğurlar əldə ediblər. Həm diplomatik, həm də iqtisadi əməkdaşlıq istiqamətində müxtəlif razılaşmalar mövcuddur. Bir neçə gün əvvəl tərəflərin verdiyi bəyanatlara diqqət yetirsək, Bakı-Supsa kəmərinin yenidən bərpası, neft və qaz nəqli ilə bağlı danışıqların aparıldığını görərik. Əgər bu xətt yenidən fəaliyyətə başlasa, Azərbaycan neft və qazının Avropa bazarlarına çıxışı daha da genişlənəcək və Avropanın Azərbaycandan qaz alışları sürətlənəcək.
"Hazırda Gürcüstan və Türkiyə üzərindən dünya bazarlarına çıxış istiqamətində ciddi qlobal hərbi və ya siyasi təhlükə müşahidə olunmur. Lakin əsas problem Rusiya-Ukrayna müharibəsi və ABŞ-İran gərginliyi fonunda Azərbaycanın böyük ümidlər bəslədiyi Zəngəzur dəhlizi və Orta Dəhliz layihələrinin reallaşmasının ləngiməsidir. Bu layihələrin gələcəyi birbaşa regiondakı münaqişələrin həllindən asılıdır. Əgər bu münaqişələr həllini tapsa, Azərbaycan qısa müddətdə həm Zəngəzur dəhlizinin açılmasında, həm də Orta Dəhliz ticarət xəttinin formalaşmasında əsas aparıcı ölkələrdən birinə çevriləcək", - deyə iqtisadçı vurğulayıb.
Səidə Ramazanova