İranın 14 maddəlik planı və Vaşinqtonun gözləntisi: Tehran masada nəyi hədəfləyir? – ÖZƏL

"İranın təqdim etdiyi 14 maddəlik təkliflər paketi hazırkı İran-İsrail-ABŞ qarşıdurmasının fonunda meydana çıxıb. Artıq proses təkcə İran-İsrail qarşıdurması deyil, müəyyən mənada ABŞ-İran qarşıdurmasına çevrilib. Lakin görünən odur ki, ABŞ hələ ki, İrandan istədiyi nəticəni ala bilməyib. Keçirilən görüşləri, o cümlədən Pakistan çərçivəsində aparılan danışıqları da nəzərə alsaq, Vaşinqtonun gözlədiyi nəticələrin tam əldə olunmadığını görürük. Məhz buna görə hazırkı mərhələdə elan edilmiş atəşkəsin davam etdirilməsinə müxtəlif tərəflərdən dəstək verilir. Həm region ölkələri, həm Avropa dövlətləri, həm də Asiya ölkələri məsələnin hərbi deyil, masa arxasında həll olunması üçün ciddi səylər göstərirlər. Çünki Körfəz bölgəsində İran-ABŞ qarşıdurması bütün ölkələrə iqtisadi baxımdan ciddi təsir edir və iqtisadi təsirlər də öz növbəsində siyasi nəticələr doğurur".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Ramiyə Məmmədova deyib. Siyasi şərhçi bildirib ki, İranın irəli sürdüyü 14 maddəlik təkliflərin əsas məqsədlərindən biri ölkənin təhlükəsizliyinin təmin olunmasıdır. Tehran gələcəkdə öz təhlükəsizliyinə qarşı təhdidlərin aradan qaldırılmasını və hücumların təkrarlanmamasını gündəmə gətirir. İran istəyir ki, atəşkəs müvəqqəti deyil, uzunmüddətli və davamlı xarakter alsın, proses isə danışıqlar masasında həll edilsin. Digər mühüm məsələ iqtisadi təzyiqlər və sanksiyalarla bağlıdır. İran iqtisadi sanksiyaların yumşaldılmasını, təzyiqlərin azalmasını istəyir və bu məsələlər də həmin maddələrdə öz əksini tapır. Tehran hesab edir ki, sanksiyaların yüngülləşdirilməsi ölkənin gələcək iqtisadi inkişafı üçün vacibdir. Bununla yanaşı, İsraillə münasibətlər kontekstində də təhlükəsizlik məsələləri ön plana çıxır. Eyni zamanda İran Hörmüz boğazında yaranan logistik problemlərin, daşımaların dayanmasının və bunun iqtisadiyyata vurduğu zərərin aradan qaldırılmasına çalışır. Nüvə məsələsinə gəldikdə isə, İran dəfələrlə bildirib ki, onun nüvə silahı yoxdur. Bir sıra beynəlxalq qurumlar və ölkələr də bunu təsdiqləyən açıqlamalar veriblər. Buna baxmayaraq, İsrail tərəfi və İsrail mediası bu mövzunu daim gündəmdə saxlayır və daha çox qabardır.

Ekspert qeyd edib ki, hazırkı mərhələdə İran müəyyən mənada vaxt qazanmağa çalışır. Tehran anlayır ki, ABŞ-də qarşıdan gələn seçkilər Donald Tramp üçün ciddi siyasi sınaq olacaq. İran hesab edir ki, zaman uzandıqca Vaşinqtonun mövqeyi dəyişə bilər və bu da Tehran üçün daha əlverişli şərait yaradar. Bu baxımdan İran həm siyasi, həm də iqtisadi baxımdan ABŞ-dən daha çox güzəşt əldə etməyə çalışır. Digər tərəfdən, Tramp da Yaxın Şərqdə genişmiqyaslı müharibənin onun siyasi imicinə mənfi təsir göstərə biləcəyini anlayır. Belə bir müharibə həm ABŞ daxilində seçici dəstəyinə təsir edə, həm də iqtisadi problemləri dərinləşdirə bilər. Bu səbəbdən Tramp administrasiyası da müəyyən qədər geri addım atmağa məcbur olur və İran bundan istifadə etməyə çalışır.

"Pakistanın roluna gəldikdə isə, Pakistan həm İran, həm də ABŞ ilə münasibətləri olan və tərəflər tərəfindən qəbul edilən ölkədir. Pakistan çalışır ki, tərəflər arasında dialoq davam etsin və münasibətlər daha da gərginləşməsin. Eyni zamanda region dövlətləri ilə də yaxşı əlaqələrə malik olduğu üçün vasitəçi platforma kimi uyğun hesab olunur. Pakistan neytral mövqedən çıxış etməyə çalışır və bu səbəbdən danışıqların təşkilində müsbət rol oynayır. Həm İranın, həm də ABŞ-nin Pakistanla münasibətlərinin normal olması İslamabadı bu prosesdə əlverişli vasitəçiyə çevirir. Pakistan region ölkələri ilə birlikdə müharibənin yenidən alovlanmaması üçün səylər göstərir. Hazırda ABŞ-İran danışıqları davam edir və görünən odur ki, tərəflərin ortaq məxrəcə gəlməsində Pakistanın da müəyyən rolu ola bilər", - deyə ekspert əlavə edib.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31