Tariximizin qürur səhifələri
10:00 Siyasət"Biz 1918-ci ildə yaranmış Xalq Cümhuriyyətinin fəaliyyətini yüksək qiymətləndirmişik, bu gün də yüksək qiymətləndiririk və bugünkü müstəqil Azərbaycan həmin o Xalq Cümhuriyyətinin varisidir".
Heydər ƏLİYEV
Azərbaycan xalqının Ümummilli Lideri
xxx
"Xalq Cümhuriyyətinin qurucuları müasir Azərbaycanın inkişafının şahidi ola bilsəydilər, bizimlə fəxr edərdilər".
İlham ƏLIYEV
Azərbaycan Respublikasının Prezidenti
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə Azərbaycan adı siyasi məfhuma çevrilmiş, itirilmiş dövlətçiliyimizin bərpası reallaşmış, milli təfəkkürün oyanışı mümkünləşmiş, eyni zamanda ən əsası isə bütün Şərq, müsəlman və türk dünyasında ilk dəfə demokratik üsul-idarə prinsiplərinə əsaslanan müstəqil Azərbaycan dövlətinin, hökumətinin əsası qoyulmuşdu. Məhz Cümhuriyyətin qurulması ilə azərbaycanlılar bir daha bütün dünyaya böyük, istedadlı və azad xalq olduqlarını nümayiş etdirdilər.
Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etmişdir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycan dili dövlət dili elan olunmuş, ordu, səhiyyə, təhsil, kənd təsərrüfatı və sair sahələr milliləşərək yenidən qurulmuş, beynəlxalq təşkilatlar və iri dövlətlərlə münasibətlərin qurulması üçün zəruri addımlar atılmış, bir çox xarici dövlətlərdə ölkəmizin səfirlikləri açılmışdır. Şərqdə ilk dəfə qadınlara seçmək və seçilmək hüququ vermiş Azərbaycan Xalq Cümhuriyyəti əhalinin sürətlə maariflənməsinə xüsusu diqqət yetirmiş, bu sahədə dərsliklərin hazırlanması və nəşri üçün geniş tədbirlər həyata keçirilmiş, 1919-cu ildə Bakı Dövlət Universiteti yaradılmışdır.
Dünyanın 20-dən çox dövləti ilə diplomatik əlaqə yaradan Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü qorumaq uğrunda da ardıcıl mübarizə aparmış, qısa zaman kəsiyində milli ordusunu yarada bilmişdir. Artıq 1920-ci ilin əvvəllərində Azərbaycan ordusunun sıralarında 40 min nəfər əsgər var idi ki, ondan 10 mini süvari idi. Azərbaycan Xalq Cümhuriyyətinin dövlət quruculuğundakı mühüm addımlarından biri də dövlət rəmzlərinin qəbul edilməsi idi. 1918-ci il iyunun 24-də üzərində aypara və səkkiz güşəli ulduz olan al bayraq barədə qərar qəbul edilmiş, noyabrın 9-da isə həmin bayraq, üzərində aypara və səkkizguşəli ulduz olan üç rəngli bayraqla əvəz olunmuşdu.
Cümhuriyyətin ən böyük xidmətlərindən biri də 28 mart 1919-cu ildə ilk xüsusi xidmət orqanlarının yaradılması idi. Müstəqil Azərbaycanın ilk xüsusi xidmət orqanlarının yaranma tarixi Azərbaycan Xalq Cümhuriyyəti dövründən başlamış və uzun müddət çətin və şərəfli yol keçərək təşəkkül tapmışdır. Sonralar, məhz, 28 mart - Ümummilli Lider Heydər Əliyevin 1997-ci il 23 mart tarixli sərəncamı ilə Azərbaycan təhlükəsizlik orqanlarının peşə bayramı günü elan olunmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyi və dövlətçiliyinin möhkəmləndirilməsi uğrunda mübarizə aparan ilk təhlükəsizlik orqanlarının fəaliyyətini yuksək qiymətləndirən Ulu Öndər Heydər Əliyev demişdir: "Xalq Cümhuriyyəti zamanı Azərbaycanın təhlükəsizlik orqanları gənc, müstəqil dövlətimizə, dövlətçiliyimizin möhkəmləndirilməsinə öz layiqli töhfələrini vermişdir".
Təəssüf ki, 1920-ci ilin aprelində baş vermiş bolşevik işğalı xalqımıza istiqlal mücadiləsini sonadək davam etdirməyə imkan verməmiş, sovetləşmə illərində Cumhuriyyət hökümətində təmsil olunan, öz həyatlarını Azərbaycanın müstəqilliyinin qorunması uğrunda mübarizəyə həsr etmiş soydaşlarımız və onların qohumları totalitar rejim tərəfindən repressiyalara məruz qalmış, onların bir çoxu güllələnmiş, bir qismi isə mühacir həyatı yaşamağa məcbur olmuşlar.
Azərbaycan Xalq Cümhuriyyəti süqut etsə də, onun şüurlara aşılamış olduğu müstəqillik ideyaları bütün məhrumiyyətlərə baxmayaraq, xalqımızın yaddaşından heç vaxt silinmədi. Azərbaycanın dövlətçilik tarixində bu varislik ənənəsini xalqımız cümhuriyyətin süqutundan sonrakı 70 illik sovet hakimiyyəti dövründə qəlbində yaşatdı.
Müasir Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Cümhuriyyətin siyasi varisi olmaqla Azərbaycan Respublikası onun bayrağını, gerbini və himnini qəbul etdı. İstiqlal Bəyannaməsinin elan edildiyi 1918-ci ilin 28 may tarixi isə hazırda Müstəqillik Günü kimi qeyd olunur.
Ümummilli Lider Heydər Əliyev Azərbaycanın İstiqlal Bəyannaməsinin elan olunduğu bu günün bayram olmasını tamamilə qanunauyğun hesab edərək vurğulayırdı ki, həmin əlamətdar tarix bizim istiqlaliyyət bayramımızdır.
Ümummilli Lider Heydər Əliyev 28 May bayramını xalqımızın qədim Novruz bayramı ilə müqayisə edərək bu tarixin də əbədi yaşayacağını bildirirdi: "Bax, bu bayram da belə olacaqdır. Çünki bizim müstəqilliyimiz bundan sonra əbədi olacaqdır. Mənim buna şübhəm yoxdur. Bu bayram da hər bir vətəndaşın, hər bir insanın qəlbinə daxil olmalıdır və hər bir insan bu bayram gününü qeyd edərək Azərbaycanın müstəqilliyi, suverenliyi, istiqlaliyyəti ilə əlaqədar iftixar hissi keçirməlidir. Bunun üçün biz əsas yaratmışıq".
Cümhuriyyət ideyalarının yaşamasına və təbliğinə böyük önəm verən Ulu Öndər Heydər Əliyev 1990-cı ilin noyabrında, hələ sovet hakimiyyətinin mövcud olduğu bir dövrdə ilk dəfə üçrəngli bayrağımızın Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olması barədə qərarın qəbul edilməsinə nail olmuş və bununla da, müstəqillik ideallarına nə qədər sadiq olduğunu göstərmişdi. Ümummilli Lider xalqımızın müstəqil dövlət qurmasından qürur hissini ifadə edərək vurğulayırdı: "Bütün çətinliklər keçib gedəcəkdir, Azərbaycan bir müstəqil dövlət kimi möhkəmlənəcək, dünya birliyində hüquqi dövlət kimi həmişə yaşayacaqdır".
Məhz 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə respublikanın siyasi rəhbərliyinə qayıtmış dahi azərbaycanlı Heydər Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycanın dövlət müstəqilliyi əbədiləşdirildi, ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində ciddi dönüş yarandı. Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyini qoruyub saxlamağın vacibliyini öz çıxışlarında daim vurğulayırdı.
Ümummilli Liderin qurduğu müstəqil dövlət onun davamçısı Azərbaycan Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasət nəticəsində dünyada tanınan və inkişaf edən ölkələr sırasında layiqli yer tutur. Bu gün Azərbaycanda gedən inkişaf prosesləri, dövlətimizin dünyada artan nüfuzu məhz müstəqilliyimizin bəhrəsidir. Ulu Öndər Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirən Azərbaycan Prezident cənab İlham Əliyev xalqımızın tarixi keçmişinin öyrənilməsi və dövlət müstəqilliyimizin təbliği kimi məsələləri daim diqqət mərkəzində saxlayır.
Ölkə rəhbərinin xalqımızın keçmişinə, tarixinə, milli dəyərlərimizə dərin hörmətlə yanaşması dövlətçiliyimizin möhkəmlənməsinə, cəmiyyətdə həmrəyliyin və azərbaycançılıq məfkurəsinin güclənməsinə xidmət edir. Belə müsbət nümunələr gənclərə xalqımızın şərəfli keçmişinə görə qürur hissi aşılayır, onlarda Vətənə bağlılığı daha da artırır.
Hər il 28 May - Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti cənab İlham Əliyev xalqı təbrik edir. Bakıda Cümhuriyyətin şərəfinə ucaldılan abidənin açılması, dövlət başçısının Sərəncamına əsasən Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinin respublikamızda dövlət səviyyəsində geniş qeyd olunması isə Azərbaycan hakimiyyətinin dövlətçilik tariximizə verdiyi qiymət kimi olduqca diqqətəlayiqdir.
44 gün davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti və diplomatiyası, xalqımızın qətiyyəti, ordumuzun şücaəti nəticəsində Azərbaycan ərazi bütövlüyünə qovuşdu, xalqımız dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanındı. Uzun illərdən sonra xalqımız 28 May - Müstəqillik Gününü torpaqlarımızın işğaldan azad edilməsinin sevinci və qüruru ilə qeyd edir.
2021-ci il 15 oktyabr tarixində "Müstəqillik günü haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Bu Qanunla 28 May Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edildi. 28 may tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü kimi təsbit olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktına əsaslanır. Bu, ərazi bütövlüyünü bərpa etmiş müasir Azərbaycanın 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu göstərir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: "Azərbaycan xalqı böyük xalqdır, istedadlı xalqdır, azad xalqdır. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və iki il ərzində fəaliyyəti tarixi hadisə idi. Azərbaycan o ölkələrdəndir ki, hələ yüz il bundan əvvəl ən ülvi demokratik dəyərləri nəinki bəyan edib, öz praktiki fəaliyyətində onları təmin edib. Bugünkü Azərbaycan, müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Biz Azərbaycan Xalq Cümhuriyyətinin bütün demokratik ənənələrinə sadiqik və bu ənənələri yaşadırıq".
Bu gün Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin sədaqətli və layiqli varisi kimi 1918-1920-ci illərdə əsası qoyulmuş demokratik dövlət quruculuğu proseslərini sürətlə həyata keçirir və inkişaf etdirir.
108 il bundan əvvəl Şərqdə ilk demokratik respublika olan, özündən sonra zəngin irs qoymaqla xalqımızın yaddaşında silinməz iz buraxmış Azərbaycan Xalq Cumhuriyyətinin qurulmasında əvəzsiz xidmətlər göstərmiş Azərbaycanın dəyərli övladlarının xatirəsi hər bir soydaşımız tərəfindən qürurla yad edilir. İnanırıq ki, müstəqilliyimiz əbədi, dönməz və sarsılmaz olacaq.
H.Zeynallı