Şəhərlərin baş planlarında gələcək mənzil ehtiyacları və onların ərazilərdə necə yerləşdiriləcəyi nəzərə alınmır - Anaklaudia Rossbax

Cəmiyyət tərəfindən qəbul edilən və dəstəklənən düzgün baş planlar və urbanizasiya planları hazırlanmalıdır. Maliyyə tənzimləmələri sosial və ekoloji ehtiyaclarla uzlaşdırılmalıdır.

Olaylar.az xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Milli qanunvericilik qlobal mənzil öhdəliklərini real nəticələrə necə çevirə bilər?" mövzusunda parlament üzvlərinin dəyirmi masasında deyib.

İcraçı direktor bildirib ki, hazırda şəhərlərə yönələn maliyyə axınları bütün vətəndaşların maraqlarına xidmət etmir, bəzi hallarda isə sosial ayrı-seçkilik və məkan segregasiyası yaradır:

"Digər tərəfdən, mövcud subsidiyalar da bəzən yerli planlarla uyğun gəlmir. Şəhərlərin baş planlarında gələcək mənzil ehtiyacları və onların ərazilərdə necə yerləşdiriləcəyi nəzərə alınmır. Nəticədə subsidiyalar şəhərin kənar hissələrinə yönəlir, nəzarətsiz şəhər genişlənməsi yaranır və sosial baxımdan dayanıqsız urbanizasiya prosesi formalaşır. Aşağı gəlirli insanlar şəhər mərkəzlərindən uzaqda yaşamağa məcbur qalırlar. Onlar nəqliyyata çox vaxt və pul sərf edir, imkanlarını itirirlər. Uşaqlar da imkanlardan məhrum olur. Bu, həm şəhərlər üçün əlavə infrastruktur xərcləri yaradır, həm də təbiət və ətraf mühit üçün əlavə yükə çevrilir".

A.Rossbax vurğulayıb ki, yuxarıda sadalanan faktlara kompleks yanaşmaq lazımdır:

"Bunun üçün milli, regional və yerli səviyyədə urban inkişafı və mənzil siyasətini düzgün istiqamətləndirən qanunvericilik və tənzimləmələr vacibdir ki, nəticədə balanslı inkişaf təmin olunsun və real ehtiyaclar qarşılansın.

Onun fikrincə, icra hakimiyyətində siyasi iradə olsa belə, parlamentlər bu prosesdə iştirak etməzsə nəticə əldə etmək çətin olar. Eyni qayda əks istiqamətdə də keçərlidir.

O qeyd edib ki, Forumun sonunda həm "Bakı Fəaliyyətə Çağırışı", həm də Azərbaycan sədrliyi ilə keçirilən nazirlər toplantısının yekun sənədi, eləcə də "World Cities Report" təqdim olunacaq.

Qeyd edək ki, bu gün Bakıda WUF13-ün dördüncü günü keçirilir.

Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.

Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.

WUF13-ün üçüncü günü də geniş tədbirlər proqramı ilə yadda qalıb. Həmin gün qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt və şəhər idarəçiliyi, "yaşıl" urbanizasiya, sosial bərabərlik və dayanıqlı nəqliyyat kimi mövzular ətrafında müzakirələr aparılıb.

Üçüncü gün çərçivəsində xüsusi diqqət çəkən hadisələrdən biri Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında qardaşlaşma haqqında memorandumun imzalanması olub.

Həmçinin, WUF tarixində ilk dəfə Azərbaycanın təşəbbüsü ilə "WUF13 QHT Forumu: Qlobal Tərəfdaşlıqlar və Qərarvermə" ("WUF13 NGO Forum") keçirilib.

182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək. "Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri" mövzusuna həsr olunmuş forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31