Ermənistan-Belarus münasibətlərində "diplomatik müharibə": Rusiyanın gizli rolu – ÖZƏL

"Ermənistan və Belarus arasında belə söz atışmaları ilk dəfə deyil. Bildiyim qədərilə, zaman-zaman bu cür gərginliklər yaşanır. Bu da, əlbəttə, Ermənistanın hazırkı siyasi kursunun, yəni Avroatlantik istiqamətə yönəlməsinin nəticəsidir. Belarus isə Rusiyanın yanında yer alır. Simonyanın təbirincə desək, Belarus artıq sanki Rusiyanın bir əyaləti, guberniyası kimi davranır. Bu fikir də Belarus rəhbərliyinin ciddi narazılığına səbəb olub".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa deyib. Siyasi şərhçi bildirib ki, əslində, Simonyanın dediklərində müəyyən həqiqət payı da var. Belarus bu gün doğrudan da Rusiyanın təsiri altında olan bir dövlət təsiri bağışlayır. Onun siyasi konfiqurasiyası əsasən Moskva tərəfindən müəyyənləşdirilir. Sadəcə olaraq, Aleksandr Lukaşenko təcrübəli siyasətçi olduğu üçün müəyyən manevr imkanlarını qoruyub saxlaya bilir və nisbi müstəqillik görüntüsü yaratmağa çalışır. Amma reallıq budur ki, Belarusun tam suveren siyasət yürütməsi ilə bağlı ciddi suallar mövcuddur. Belə bir şəraitdə Alen Simonyanla Belarus rəsmiləri arasında söz dueli yaranması təəccüblü deyil. Bildiyim qədərilə, bu gərginlik Ermənistanın ev sahibliyi etdiyi Avropa Siyasi Birliyinin zirvə toplantısından sonra daha da artdı. Belarus rəhbərliyi həmin tədbiri və ümumilikdə Ermənistanın Qərbə yaxınlaşmasını tənqid etdi. Rusiya da bu məsələyə açıq şəkildə neqativ yanaşır. Moskva hesab edir ki, Ermənistan Rusiyanın təsir dairəsində qalmalıdır və burada başqa güc mərkəzlərinin mövcudluğu Rusiyanın maraqlarına ziddir. Bu imperiya təfəkkürü hələ də Rusiya siyasi elitasında əsas xətt kimi qalmaqdadır. Görünür, Belarus rəhbərliyi də Rusiyaya yaxın görünmək və onun mövqeyini dəstəkləmək üçün Ermənistanı tənqid edən açıqlamalar verdi. Ermənistan tərəfi isə buna sərt cavab verdi və nəticədə münasibətlər daha da kəskinləşdi.

Ekspert qeyd edib ki, hazırda ritorika kifayət qədər sərtdir və görünür ki, bu gərginlik yaxın dövrdə də davam edəcək. Paşinyan hakimiyyətdə qaldığı və bu siyasi kursu davam etdirdiyi müddətdə Belarusla Ermənistan arasında münasibətlər tam normallaşmayacaq. Müharibə və ya hərbi qarşıdurma ehtimalı yoxdur, amma siyasi soyuqluq qalacaq. Burada əsas məsələ Ermənistanın strateji seçimidir. Bu gün Rusiya ilə Avroatlantik blok arasında münasibətlər tamamilə ziddiyyətlidir. Rusiya Qərbi özünün əsas rəqibi, hətta düşməni hesab edir. Postsovet məkanında hər hansı ölkənin Avropa İttifaqına və ya NATO-ya yaxınlaşması Moskva tərəfindən xəyanət kimi qəbul olunur. Ermənistanın da daha müstəqil siyasi kurs götürməsi Rusiyada məhz bu cür qiymətləndirilir. Buna görə də Paşinyan hökuməti və onu dəstəkləyən siyasi qüvvələr davamlı şəkildə tənqid olunur. Bu qarşıdurmanın postsovet məkanındakı digər dövlətlər üçün də müəyyən mesajları var. Artıq Rusiyanın yanında dayanmanın açıq şəkildə tənqid olunması yeni mərhələyə keçib. Keçmiş sovet respublikalarının siyasi rəhbərləri bunu daha açıq formada ifadə etməyə başlayırlar. Ukrayna, Ermənistan, Baltikyanı ölkələr, Moldova və müəyyən mənada Azərbaycan məsələlərdə daha prinsipial mövqe nümayiş etdirirlər. Ümid etmək olar ki, bu proses tədricən həmin ölkələrin daha müstəqil siyasət yürütməsinə və Rusiyanın regiondakı təsir imkanlarının azalmasına gətirib çıxaracaq. Bu baxımdan Ermənistanla Belarus arasında yaşanan gərginlik təkcə iki ölkə arasındakı münasibət problemi deyil, həm də postsovet məkanında Rusiyanın nüfuz dairəsindən çıxmaq uğrunda gedən siyasi mübarizənin bir əks-sədası kimi görünür.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31