Ölkəmizin gənclər siyasəti keyfiyyətcə yeni mərhələsini yaşayır- ÖZƏL
15:43 Siyasət"Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxıb. Bunun nəticəsidir ki, müstəqil Azərbaycan gənclərinin birinci forumu Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və şəxsi iştirakı ilə 1996-cı il fevralın 2-də keçirilmişdir. Bu forum Azərbaycanda dövlət gənclər siyasətinin formalaşmasında mühüm mərhələ hesab olunur". "Olaylar" xəbər verir ki, bunu YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev deyib: "Ulu Öndər forumdakı nitqində gənclərin qarşısında müstəqil dövlət quruculuğu ilə bağlı mühüm tarixi vəzifələr müəyyənləşdirmişdir. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Ümummilli Lider Heydər Əliyev gənclər sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsi məqsədilə bütün dünyaya nümunə olacaq daha bir addım atıb - bu sahənin zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin edib. Gənclərin sosial, iqtisadi və sair problemlərinin həllinə yönələn, onların öz qabiliyyətlərinin inkişaf etdirmələrinə kömək edən fərman və sərəncamlar, Dövlət proqramları bu qəbildəndir. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Ümummilli Lider Heydər Əliyevin layiqli siyasi davamçısı Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva bu sahədə uğurlu fəaliyyətləri ilə Ulu Öndərin gənclər siyasətinə sadiqliyini hər zaman nümayiş etdirirlər. Azərbaycan gəncləri üçün ən həlledici sınaqlardan biri də sentyabrın 27-də başlayan və noyabrın 10-dək davam edən Vətən müharibəsi oldu. Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində əldə olunan bu Şanlı Zəfər sayəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Bu gün gənclərimiz Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər zaman diqqət mərkəzindədir və görülən işlər, əldə olunan nəaliyyətlər bunun bariz göstəricisidir"