Ermənistanın milyarder dustağı məhkəmədə – Samvel Karapetyan hakim qarşısına çıxarıldı

Ermənistanın Antikorrupsiya Məhkəməsində rusiyalı milyarder, "Taşir" şirkətlər qrupunun prezidenti və "Güclü Ermənistan" partiyasının lideri Samvel Karapetyanın işi üzrə növbəti məhkəmə iclası başlayıb.

Musavat.com xəbər verir ki, aprelin 15-də vaxt çatışmazlığı səbəbindən təxirə salınan iclas bu gün, aprelin 17-də davam etdirilir.

10 aya yaxındır davam edən istintaqdan sonra Karapetyana qarşı hakimiyyəti qəsb etməyə çağırış, konstitusiya quruluşunu zorla devirməyə cəhd və xüsusilə külli miqdarda çirkli pulların yuyulması maddələri ilə ittiham irəli sürülüb. İş üzrə 42 şahidin ifadəsi alınıb.

Aprelin 15-də keçirilən iclasda Samvel Karapetyanın Rusiya vətəndaşlığından imtina etmək qərarı verdiyi məlum olub. Vəkilləri bunu onun Ermənistandakı siyasi fəaliyyəti və partiya quruculuğu ilə əlaqələndirirlər.

Ev dustaqlığı, yoxsa həbs? Hazırda ev dustaqlığında olan milyarderin vəkilləri bu qətimkan tədbirinin ləğvini və onun aprelin 21-də keçiriləcək partiya qurultayında iştirakına icazə verilməsini tələb edirlər. Prokuror isə ev dustaqlığı müddətinin daha 3 ay uzadılmasını istəyir.

Seçki rüşvəti qalmaqalı: Məhkəmə prosesi ilə paralel olaraq, Karapetyanın "Güclü Ermənistan" partiyasının 14 üzvü Artaşat şəhərində seçicilərə rüşvət verməkdə ittiham olunaraq saxlanılıb. İttihama görə, onlar rüşvəti "əməkhaqqı" və "xeyriyyə yardımı" adı altında paylayıblar.

Samvel Karapetyan özü ittihamları qəbul etmir və bu prosesi Ermənistan kilsəsinə verdiyi dəstəyə görə "siyasi təqib" adlandırır. 

Musavat.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31