Regionda gərginlik artır: İran üçün “İraq ssenarisi” hazırlanır? ÖZƏL

"Bu gün ABŞ-İran qarşıdurması, eyni zamanda İsrail faktorunun da daxil olduğu mürəkkəb və gərgin mərhələdədir. Görünən odur ki, nə ABŞ, nə də İran geri çəkilmək niyyətindədir. ABŞ geri çəkilmək istəsə belə, İsrailin mövqeyi buna ciddi maneə yaradır. Çünki İsrail İranın nüvə potensialının və ümumilikdə iqtisadi-siyasi gücünün maksimum dərəcədə zəiflədilməsində israrlıdır və bu istiqamətdə ABŞ qarşısında müəyyən öhdəliklər formalaşdırıb".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Ramiyə Məmmədova deyib: "Son hadisələr də göstərir ki, İranın enerji infrastrukturu hədəf alınır və bu, ölkənin enerji təminatına ciddi zərbə vurur. Belə vəziyyət İranın bir çox sahələrdə fəaliyyət imkanlarını məhdudlaşdıraraq iqtisadi və siyasi baxımdan ağır nəticələr yarada bilər. Buna baxmayaraq, İran danışıqlara getməkdə maraqlı görünmür və prosesi sonadək davam etdirmək niyyətindədir. Bu isə artıq məsələni "ya qalım, ya ölüm" səviyyəsinə gətirib çıxarır.

Ekspert bildirib ki, regionda gərginlik artdıqca bunun iqtisadi təsirləri də açıq şəkildə hiss olunur. Neft və təbii qaz qiymətlərinin artması bir çox ölkələrdə tədarük zəncirində problemlər yaradır, bəzi sahələrdə qıtlıqlar müşahidə olunur. Sənaye istehsalı bir sıra ölkələrdə azalır və bu da qlobal iqtisadi böhran risklərini artırır. Eyni zamanda bu proseslər birjalara, qızılın qiymətinə və ümumilikdə maliyyə bazarlarına ciddi təsir göstərir. Xüsusilə Hörmüz boğazı kimi strateji keçidlərin vəziyyəti bu baxımdan kritikdir. Bu boğazın bağlanması və ya fəaliyyətinin məhdudlaşması qlobal enerji bazarında daha böyük gərginlik yarada bilər. Digər tərəfdən, ABŞ-nin əlində müəyyən imkanlar var ki, İsraili müəyyən qədər geri çəkdirərək prosesi danışıqlar masasına yönəltsin. Lakin bu, asan məsələ deyil. İran iqtisadi çətinliklərlə üzləşsə də, hərbi və texnoloji baxımdan hələ də müəyyən dayanıqlılığa malikdir və müqavimət göstərmək imkanlarını saxlayır.

"Region ölkələri arasında isə vahid mövqe müşahidə olunmur. Xüsusilə müsəlman dövlətləri arasında İranı açıq şəkildə dəstəkləyən güclü birlik görünmür. "İbrahim sazişləri" kimi razılaşmalar da bu balansın İranın xeyrinə olmadığını göstərir. İki tərəf arasında etimadsızlığın aradan qaldırılması isə olduqca çətin görünür. Burada İsrailin rolu və ABŞ daxilində müxtəlif lobbi qruplarının təsiri də mühüm amildir. Bu kontekstdə Donald Tramp dövründə formalaşan yanaşmaların da təsiri hələ də hiss olunur. Bəzi məqamlarda bu proseslər İraqdakı hadisələrlə ilə müqayisə olunur. O zaman da kütləvi qırğın silahları bəhanəsi ilə müdaxilə edilmişdi və nəticədə İraq ağır dağıntılarla üzləşmişdi. Bu gün də oxşar ssenarinin İran üçün tətbiq olunmaq istəndiyi barədə fikirlər səslənir. Lakin əsas fərq ondan ibarətdir ki, İran bu cür təzyiqlərə boyun əymək niyyətində deyil. Mövcud vəziyyət göstərir ki, İran nə bu gün, nə də yaxın gələcəkdə öz strateji mövqelərindən geri çəkiləcək bir dövlət kimi görünmür", - deyə siyasi ekspert vurğulayıb.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31