Həqiqətin qorxmaz səsi - zəfərlə tamamlanan missiya

İyunun 13-ü çağdaş Milli Azadlıq Hərəkatının önəmli liderlərindən biri, Bakı və Kəndlər Birliyinin qurucu rəhbəri, Xalq Hərəkatı Partiyasının sədri Nəsir Ağayevin doğum günüdür.

Tanınmış jurnalist Elman Cəfərlinin və Təbriz Ağayevin görkəmli ictimai-siyasi xadim haqqında yazısını təqdim edirik.

Yazıda xalq hərəkatının açar isimlərindən birinin əzmkar mübarizə ruhunu, xarakter dünyasını açır, liderlik missiyasını bədii-publisistik boyalarla oxucuya çatdırılır.

xxx

Nəsir Ağayev. Bu ad bəlkə də bugünkü gənclərin bir qisminə çox şey demir. Bəziləri heç Nəsir Ağayevi xatırlamır da. TV-lərin küçə sorğusunda Məhəmməd Əmin Rəsulzadəni, Əli bəy Hüseynzadəni tanımayan gənclər görürük. Bu "gəncli"yin 40 il öncə adları az qala bütün azərbaycanlı ailələrdə sevgi ilə çəkilən Xəlil Rzanı, Məhəmməd Hatəmini, Nəsir Ağayevi, Ənvər Əliyevi unutması niyə təəccüblü olsun ki? Zatən onlar da heç tanınmaq, əziz tutulmaq üçün meydanlara girməmişdilər.

1989-cu illərdə baş tutmuş ümumxalq mitinqlərində trubunaların alovlu natiqi Xəliq Rza, səssiz çalışan, liderlərə yön verən peşəkar inqilabçı Məhəmməd Hatəmi, mübariz gəncliyin təmsilçisi, meydanların qorxmaz siması Ənvər Əliyev. Və xalqın sevimlisinə, mitinqlərin arzuolunan natiqinə çevrilmiş Nəsir Ağayev. Onu başqalarından fərqləndirən fiziki imkanlarının məhdud olması idi. Taleyin amansız hökmü ilə cavan yaşlarında bu mübariz insanın ayaqları hərəkətsiz qalmışdı. Onu meydana yanında yetişmiş fədailər, gənc tələbələri gətirirdi. Sərbəst hərəkət edib yeriyə bilməyən bu adam 10 dəqiqə sonra hədəfə dəyən ox kimi kəskin sözləri, aydın fikirləri, səlist nitqi, sərrast cümlələri ilə meydanı ələ alırdı.

İstiqlal şairi Xəlil Rza elə o günlərdə Nəsir bəyi belə vəsf edir:

Əl üstündə gətirilən
Nəsir bəyə-oğula bax,
O qartaldır, bükülsə də

İsflic olmuş bir cüt ayaq
İçsə Xəzər dənizini

Soyuyarmı yanar bağrı

Bir ildırım yuvasıdır

Onun natiq dodaqları.

Bazar iqtisadiyyatı bütün ruhumuzu, düşüncəmizi sardığından, baxışlar, yanaşmalar dəyişdiyindən bir də "bəs onlar niyə meydanda idi, niyə xalqı mitinqə, tətilə çağırırdılar" sualına cavab vermək zorunda qalırsan bəzən. O dövrün şahidlərinin hələ də çoxu yaşayır. Amma yaddaşsızlar üçün xatırlatma verək:

1988-ci ildə indi bizim nəzarətimizdə olan Xankəndidə yaşayan ermənilər separatçı hərəkata başlamışdılar. Azərbaycandan ayrılmaq istəyən 150 minlik bir toplumun qanunsuz hərəkətləri 300 milyonluq SSRİ-də hamının rahatlığını pozmuşdu. Ermənistan tam gücü ilə onlara dəstək verir, Sovet dövlətinin rəhbərliyi də ikibaşlı oyunları ilə bu separatizmi körükləyirdi. Azərbaycan hələ müstəqil deyildi, SSRİ tərkibində müttəfiq respublikalardan biri idi. Bakıdakı Moskvaya bağlı siyasi rəhbərlik isə mərkəzin əmrindən çıxa bilmir, xalqın tələblərini qulaqardına vururdu. Dağlıq Qarabağda yaşayan azərbaycanlılar incidilir, mülki sərnişin avtobusları daşa basılır, bəzən gülləyə tutulurdu. Ermənistanda yaşayan 200 minə yaxın soydaşımızın öz dədə-baba torpaqlarından zorla qovulması bardağı daşıran son damla oldu. Bütün ölkə bir neçə günün içərisində tamamən dəyişdi. Bütün bölgələrdə siyasi aktivlik artdı, ictimai rəy liderləri ortaya çıxdı. Rusdilli əhalinin daha sıx yaşadığı paytaxt Bakı, habelə o zamankı hakimiyyətin mənəvi tellərlə daha sıx bağlı olduğu Abşeron əhalisi arasında xalqlar dostluğuna dayanan Sovet hökuməti, sosialist rejimi əleyhinə çıxışlar etmək, insanları təşkilatlandırmaq o qədər də asan deyildi. Bu yükün altına çiyin vermək üçün dəmir iradə sahibi olmaq lazım idi. Bakı insanının önünə düşmək üçün onu inandırmağı bacaran, siyasi şüuru yüksək, tarixi bilgisi zəngin, özü də mənən güclü qorxmaz bir lider gərəkdi. Belə bir lider var idi. Bu, Buzovnada hər kəsin, xüsusən gənclərin böyük hörmətini qazanmış, ədaləti, dürüstlüyü ilə ad çıxarmış, etdiyi qəbahəti ən zalım hakimin üzünə cəsarətlə söyləməyi bacaran Nəsir Ağayev idi. O, meydanlara təsadüfən gələnlərdən, o zamanın iqtidar sarayında güc sahibi olan hansısa səlahiyyət sahibinə bağı olanlardan deyildi. Hansısa hakim siyasi çevrənin "arxa bağçasının" adamı olmaq, kiminsə siyasi təlimatları ilə hərəkət etmək zatən onun fitrətində yox idi. Onu bu cür müstəqil düşüncəli, mənən saf və bütöv, doğruçul, ədalətli və mərhəmətli, ən əsası milli ruhlu, vətənpərvər böyüdüyü mühit, müəllimlərindən aldığı tərbiyə etmişdi. Buzovnadakı 125 saylı orta məktəbdə oxumuş, o dövrün böyük pedaqoqları olan Nəsrulla İshaqi, Heydər Eyvazov, Davud Məmmədzadə, Seyidəhməd Əfəndiyev, Mirsəməd Seyidov, Sitarə Şıxəliyeva, Əlövsət İdrisov, Vaqif Hənifəyev, Nadir Axundov, Muradəli Muradov, Səkinə Əliyeva və digər müəllimlərdən Nəsir Ağayev dərs almışdır. Bu böyük maarifçi ziyalılar ona təkcə tariximizi, ana dilimizi, ədəbiyyatımızı öyrətməmişdilər. Həm də vətəni sevməyi, onun uğruna döyüşməyi, lazım gəlsə həbsə düşməyi, işgəncəyə tab gətirməyi öyrətmişdilər. Ona təmkin, dözüm, iradə aşılamışdılar, həyat dərsi keçmişdilər. Nəsir bəy doğma ölkəsinin ərazi bütövlüyü, müstəqlliyi uğrunda mübarizəyə başlayanda qarşılaşacağı iztirabları, əziyyətləri hesablamışdı. Bütün zərbələrə özünü hazırlamışdı. Tək hesablaya bilmədiyi dost saydığı adamların xəyanəti olacaqdı. Xəyanətin xəncəri zəhərli olur axı... "Dostlar"dan aldığı zərbələrin verdiyi acıları həzm edə bilmirdi Nəsir bəy. Ömrünün sonunadək bu acılar ona əziyyət verdi...

O, Buzovnada böyümüşdü. Həyatdan nakam getmiş sevgi şairi Mikayıl Müşfiqin ilham aldığı Buzovna qayaları onu da özü kimi sərt, dözümlü etmişdi.

Ey Buzovna qayaları, sal daşsınız siz,
Amma mənə insan kimi sirdaşsınız siz.

Nəsir bəy Tofiq Mahmudun yazdığı bu şeir parçasını söyləməyi çox sevərdi. Kim bilir bəlkə böyük Müşfiq kimi Nəsir bəy də çevrəsinə söyləyə bilmədiyi sirrlərini bu qayalara, Xəzərin mavi sularına pıçıldamışdı. Öz dövründə anlaşılmamaq, milyon insanın içərisində tənha yaşamaq hər kəsin alın yazısı deyil. Tanrının nizamı belədir: bu tale seçilmişlərə, missiya adamlarına yazılır. Nəsir bəy də belə seçilmişlərdən idi.

Nəsir Ağayevin böyüdüyü Buzovna kəndi Abşeronun ən zəngin kəndlərindən biridir. Bu kənddə böyüyün böyük yeri vardı, kiçiyin kiçik. Buranın gəncləri gözlərini açıb bir sözü ilə qan yatıran dağdan ağır kişiləri, ağllı məsləhətləri ilə tale dəyişdirən xanım-xatın ağbirçəkləri görmüşdü, onlardan tərbiyə almışdı. Bu nurani insanların hər bir qınağı, iradı həyat dərsi idi. Nəsir bəy belə bir mühitdə böyümüşdü. Bu cür insanların tərbiyəsini, təlimini görmüş, böyük ziyalılardan dərs almış Nəsir bəy kimi adil, mübariz, zülmə boyun əyməyən, haqsızlıqla barışmayan xarakterdə olmalı idi.

Nəsir bəygilin ailəsi o taydan-Güney Azərbaycandan gəlib Abşerona. Əmiləri və Nəsir bəyin atası Zərbəli Ağabala oğlu ilə birgə bu taya keçiblər. O zaman neft Bakısı aqrar ölkə olan İran insanı üçün cəlbedici idi. Onlar da bir parça çörək, normal dolanışıq dalınca böyük vətənin quzeyinə köçmüşdülər. Öncə Bakının mərkəzində - Həmşəripalanda məskunlaşan ailəni taleyin rüzgarı Cəlilabada atmışdı. Bakının dağlı məhəlləsində doğulan Nəsir bəyin doğum yeri bu səbəbdən Cəlillabad yazılıb. Sonra yenidən Bakıya dönür, əvvəl Bakıxanov qəsəbəsində, sonra isə Buzovnada məskunlaşırlar. Halal zəhmətlə ailəsini dolandıran Zərbəli kişi Buzovnada Cəlil Məmmədquluzadə 42 ünvanda ev tikdirir. Nəsir bəyin uşaqlığı, gəncliyi bu evdə, insanlarının ağayana xarakteri ilə seçilən Buzovnanın daşlı-kəsəkli, dolanbac küçələrində keçir. Yaşa dolduqca dalğalara meydan oxuyan Buzovna qayalarının sərtliyi, dözümü Nəsir bəyin ruhuna, xarakterinə hopur. Yeniyetməlik dövründən amalına çevrilmiş parçalanmış Azərbaycanın birləşməsi ideyası Nəsir bəyə bu bütövlük, mübarizə əzmi genlə keçmişdi. Səbri, təmkini, zəhmətsevərliyi atası Zərbəli kişidən, mübarizliyi, əzmi, qorxmazlığı anası xızılı qızı Sitarə xanımdan almışdı.

Amma onun xarakterini formalaşdıran, şəxsiyyət tablosunu zəngin rənglərlə tamamlayan tək gen məsələsi deyildi.

Nəsir Ağayev şəxsiyyətinin təməlində sarsılmaz əqidə, sınmaz iradə və tükənməz əzm dayanırdı. O, həyatın sərt sınaqları qarşısında geri çəkilməyən, özünü pillə-pillə yenidən yaradan insanlardan idi.

Nəsir Ağayev böyük missiya daşıyıcı olduğunu 14 yaşında dərk etmişdi. Buzovndada təsadüfən rəssamların məclisinə düşmüş, onlara yazdığı şeirləri söyləmişdi. Əlövsət Əliyev, Arif Əsgərov, Kamal Əhmədov və Rəfail Muradov kimi fırça və düşüncə ustaları, böyük sənət adamları bu yeniyetmənin içində közərməkdə olan vulkanı o zaman kəşf etmiş, "içində fırtınalar yatır, sən böyük bir yolun adamı olacaqsan, kitablar yoluna işıq salacaq, sənə doğru yolu göstərəcək, davam elə" demişdilər. Onu elə bu ruhda həm də kitablar tərbiyə etmiş, onun üçün elm, mədəniyyət, irfan aləminin qapısını aralamışdı. Hələ yeniyetməlik dövründə mənən zənginlik mərtəbəsinə ucalmış Nəsir bəy kimi şəxsiyyətlər cəmiyyətdə baş verən haqsızlıqlara laqeyd qala bilməzdi.

Həyat asta-asta mənən zəngin, içi dolu bu insanı sərt sınaqlara, amansız fırtınalara hazırlayırdı. Amma hələlik dəniz sakit idi, gəmini tufanlı sulardan keçirəcək, sərt küləklərə sinə gərəcək bir kapitana ehtiyac duyulmurdu.

1969-cu ildə Bakı Dövlət Universitetinə daxil olan Nəsir bəyin həyatında yeni bir səhifə açılır. Ustadlardan, dövrün böyük professorlarından dərs alan Nəsir bəyin Vətən tarixini daha dərindən öyrənir, üstəlik əqidəsi daha da cilalanır, bərkiyirdi. Tələbəlik illərində Bəxtiyar Vahabzadənin, Əbülfəz Əliyevin, Söhrab Tahirin, Balaş Azəroğlunun fikirləri ilə tanış olur, yazılarını sevə-sevə oxuyurdu.
Artıq siyasi cəhətdən yetkinləşmiş Nəsir bəy üçün nəzəri mülahizələr kifayət etmirdi. Qaynar təbiətli bu gəncin daxilində düşüncəni əmələ çevirmək, böyük idealları real mübarizə meydanına daşımaq ehtirası baş qaldırmışdı. 1972-ci ildə əqidə dostları ilə birlikdə Buzovnadakı ata mülkündə məşhur C.Məmmədquluzadə 42-də Azərbaycanı tarixi torpaqları çərçivəsində bütövləşdirmək amalını önə sürmüş Azərbaycan Xalq Demokrat Partiyasını qururlar. Partiya tezliklə siyasi-ideoloji cəhətdən yetkin milli kadrlar hazırlamaq üçün hərəkətə keçir. Bunun üçün Bakıda, Saatlıda, Siyəzəndə iş aparacaq qrup yaradılır. O zaman Sovet dövlətinin kəsəkəs vaxtı idi. Totalitar dövlətin hər yerdə gözü, qulağı vardı. Belə bir mühitdə xalqlar dostluğu və kommunizm ideologiyasına qarşı adi bir söz belə böyük səs-küyə səbəb ola, o şəxs üçün faciəvi sonluqla bitə bilərdi. Amma yol adamlarının bir devizi olur: sonunu düşünən qəhrəman ola bilməz. Nəsir bəy üçün bu deviz heç zaman dəyişmədi. Xosrov Ruzbehun "Yol hədəfi inkar etməməlidir" fikri onun ruhuna hakim kəsilmiş, Abbas Səhhətin
Şişə çəksəz də diriykən ətimi
Atmaram mən vətəni, millətimi
misrası isə həyat amalına çevrilmişdi.
1975-ci ilə Nəsir bəy Buzovnada yerləşən 55 nömrəli texniki peşə məktəbinə müəllim düzəlir. Sakit kənd olan Buzovnanın qaynar həyatı da o vaxtdan başlanır. Qısa müddətdə sıradan bir Abşeron kəndi hər kəsin dilinin əzbərinə çevrilir. Bu kəndə, onun fəal insanlarına nəzarət gücləndirilir.

Nəsir bəyin təşəbbüsü ilə o dövrün tanınmış ziyalıları olan Mahmud İsmayılov, Söhrab Tahir, Balaş Azəroğlu, Qulamrza Cəmşidi, Həmid Məmmədzadə, Qılman İlkin, Firudin Şimşək, Mədinə Gülgün, Xəlil Rza, Nəriman Həsənzadə, Heydər Eyvazov, Sabir Rüstəmxanlı, Ramiz Duyğun, Səidə İmanzadə, Əzizə Cəfərzadə, Aslan Meyramlı, Zəlimxan Yaqub və çoxsaylı ziyalılarla görüşlər keçirilir. Totalitar rejimin güclü olduğu 1975-1978-ci illərdə Bakının balaca bir kəndində təşkil olunan "Böyük Vətən Müharibəsi", "Azərbaycan tarixi" tematik tədbirləri, "Nizami poeziya günləri", "Muğam gecələri", "Sabir poeziyası günləri", "Şəhriyar poeziya gündüzləri" adi bir hadisə deyildi. Senarisini Nəsir müəllim yazan, böyük ədiblərin, pedaqoqlarn, professorların iştirak etdiyi bu ədəbi gecələr rayona, Bakıya, sonra bütün Azərbaycana səs salır, hadisəyə çevrilirdi. Tədbirlərdə çox zaman Nəsir müəllim özü aparıcılıq edir, tədbir haqqında, gecənin həsr olunduğu əbədi şəxsiyyət haqqında dolğun məlumat verir, şeir parçaları söyləyir, qonaqları təmtəqarla təqdim edirdi. Nəsir müəllimin yaddaşı Azərbaycan klassiklərinin qəzəlləri, məsnəviləri, müxəmməsləri, rübailəri, qoşmaları, gəraylıları, divaniləri, ustadnamələri, hikmətli kəlamları, eləcə də xalq ədəbiyyatının nadir inciləri ilə dolu idi. Onun təşkil etdiyi bütün tədbirlərdə vətənpərvərlik, azərbaycançılıq ruhu, parçalanmış vətən həsrəti, ayrılıq nisgili hakim idi.
Bu tədbirlərdə Nəsir Ağayevin zəngin mənəviyyata dayanan intellekti, aparıcılıq məharəti, natiqlik qabiliyyəti üzə çıxırdı. Əslində meydan hərəkatına gedən yol Buzovnada keçirilən ədəbi gündüzlərdən başlanmışdı. 80-ci illərin sonu, 90-ların əvvəllərində Bakının mərkəzi meydanlarını titrədən natiq bu ədəbi məclislərdə yetişirdi.
Bu tədbirlər Nəsir Ağayevə şöhrət qazandırır, onun milli düşüncəli ziyalı obrazını yaradırdı. Amma bu qazanc asan başa gəlmirdi. Onun əməlləri qaranlıqda parlayan bir çıraq, tikanlıqda bitən bir çiçək idi. Min bir əziyyətlə yetişdirdiyi gülün tikanları bəzən ox kimi bədəninə batır, bütün əzalarını incidirdi. Onun o vaxtkı DTK (Dövlət Təhlükəsizlik Komitəsi) tərəfindən izlənməsi də elə 70-ci illərdən başlanmışdı. Sovet xəfiyyəsi Nəsir müəllimi addım-addım izləyir, bütün hərəkətlərinə göz qoyur, çevrəsinə adamlar yerləşdirirdi. Kommunist rejimi rəqiblərini yaxşı tanıyır və qüvvəsini düzgün hesablayırdı. Nəsir Ağayev bu maarifçi, əslində ictimai-siyasi, bir az da ideoloji yüklü fəaliyyətinə görə dəfələrlə DTK-ya çağrılıb dindirilmiş, hədə və təzyiqlərə məruz qalmışdı. İndi bu barədə danışmaq da, yazmaq da asandır. Amma bir məqamı unuduruq ki, azad düşüncəsinə görə minlərlə ziyalını gedər-gəlməzə yollamış qanlı Sovet rejimi hələ iş başında idi. Müşfiqlərin qanı hələ qurumamışdı. Stalin ölsə də repressiya xofu çox insanın canından çıxmamışdı. 1956-cı ildə Azərbaycanın üçrəngli bayrağını Qız qalası üzərində dalğalandırmış Cahid Hilaloğlunu bağışlamamışdı Sovet rejimi. Bu rejim 70-80-ci illərdə də güclü idi və ona qarşı çıxan heç kimin gözünün yaşına baxmazdı. Nəsir müəllimə də təzyiqlər başlanmış, təhdidlər güclənmişdi. Amma o, yolundan dönmürdü. Sanki içində bir hiss tezliklər işğal altında olan Azərbaycanın özgür olacağını pıçıldayırdı.

Hələ ki Nəsir bəy işğal altında olan Vətənin azadlığını arzulayan tələbələr yetişdirir, ölkə üzrə əlaqələrini genişləndirirdi. Paralel olaraq ideoloji çalarları yüksək olan əbəbi-bədii məclisləri təşkil etmək davam edirdi. Tələbələri nəql edir ki, Sovet dövlətinin ən güclü çağlarında belə Nəsir bəy Azərbaycanın qurtuluşuna inanırdı. Bir gün tələbələrindən biri hamının getməsini gözləyib, təklikdə Nəsir bəydən pıçıltı ilə, özü də inamsız halda soruşur:

-Ustad, Avropanın göbəyində macarları, çexləri cəzalandıran bu dövlət sizcə büdrəyərmi?

Nəsir bəy istezha ilə gülüb deyir:

Bir zamanlar Roma imperiyası vardı, hanı onun izləri? Ən geniş dövləti Çingiz xan qurmuşdu. Ən amansız cəza aparatı da ona məxsus idi, neçə il yaşadı? Bu dünyada heç bir tiranlıq ədəbi deyil, oğlum. Azərbaycanın xilası uzaqda deyil, biz görməsək də, siz görəcəksiz.

Nəsir bəyin dediyi gün özünü çox gözlətmədi. Artıq Qarabağda erməni separatçılığı başlamışdı. Sovet rejimi hələ də güclü olsa da, Azərbaycanda da müəyyən hərəkətlənmə var idi. 1988-ci ilin fevralın 19-da sevimli tələbəsi Nurəddin İsmayılov telefon açaraq ona müjdə verdi:

-Ustad, Bakı Dövlət Universitetinin tələbələri Qarabağda ermənilərin qanunsuz hərəkətlərinə qarşı etiraz aksiyasına hazırlaşır.

Sevincinin həddi-hüdudu yox idi. 16 il öncə pıçıltı ilə haqqında bəhs etdikləri milli oyanış başlanmışdı. O, tarixi yaxşı öyrənmişdi və bilirdi ki, qurtuluş mübarizəsinə qalxan xalqın azadlıq yolu hamar olmur. Bu yolda enişlər-yoxuşlar, zəfərlər, məğlubiyyətlər, müvəqqəti geriçəkilmələr olacaq.

Tələbələrin etiraz hərəkatı qısa zamanda bütün ölkəni ayaqlandırdı.

1988-ci ilin fevralından başlanan xalq hərəkatı 1989-cu ildə özünün zirvəsinə çatdı. 1989-cu ilin avqustunda Buzovnada minlərlə etirazçının iştirakı ilə izfihamlı aksiya keçirildi. Əsas təşkilatçı, aparıcı əlbəttə ki, Nəsir Ağayev idi. Nəsir bəy faktoru və bu aksiya Buzovnanın xalq hərəkatının əsas zərbə qüvvələrindən birinə çevirmişdi. Artıq bütün siyasi güclərin diqqəti Buzovnaya yönəlmişdi. Maraqlıdır ki, Bakı və Kəndlər Birliyinin ilk toplantısı da Buzovnada C.Məmmədquluzadə 42 ünvanda baş tutmuşdu. O zamankı siyasi rəhbərlik Moskvanın göstərişi ilə Bakı kəndlərini xalq hərəkatına qarşı qoymaq istəyirdilər. Bakı kəndlərini siyasi cəhətdən təşilatlandırmaq ideyası da buna görə meydana çıxmışdı.

İstər Buzovnada, istər Bakının digər kəndlərində, mərkəzdə keçirilən aksiyalarda söz Nəsir Ağayevə veriləndə meydandan bir uğultu keçirdi. Nəsir Ağayev nitqə başlayırdısa, deməli, mütləq yeni bir fikir səslənəcək, maraqlı məlumatlar veriləcək, dahilərin yerinə düşən sitatları yada salınacaq, bəzən isə onun incə ironiyası və atmacaları meydandakı gərgin emosiyaları yumşaldacaqdı. Bəzən hakim qüvvələr tərəfindən öyrədilmiş adamlar söz alar, aranı qatmağa, insanları yanlış yönə istiqamətləndirməyə cəhd edərdi. Bu an Nəsir bəyin köməyinə yenə parlaq nitqi, sərrast atmacaları gələrdi. Onunla mübahisə etmək, debatda rəqib olmaq, ona replika atmaq çox çətin idi. Çox vaxt cavabları klassiklərin, tarixi şəxsiyyətlərin, sərkərdə və diplomatların zərb-məsələ çevrilmiş fikirləri ilə verər, rəqibləri sərrast ifafələri ilə susdurardı.
Nəsir bəyin də liderlik etdiyi xalq hərəkatı bir çox məqsədinə nail olmuşdu. 1989-cu ildə Azərbaycan xalqının "İlin xalqı" edən meydan hərəkatı bütün imperiyanı silkələmiş, Sovet dövlətinin dayaqlarını sarsıtmışdı. Moskva risk edib Dağlıq Qarabağın Ermənistana birləşməsinə "yaşıl işıq" yandıran qərarı çıxarmadı. Amma xalq hərəkatına da qəzəbli idi Moskva. Bir az da qalsaydı Azərbaycandan başlanmış azadlıq qığılcımları bütün imperiyanı külə döndərəcəkdi. O zaman Sovet rəhbəri Mixail Qorbaçov və komandası azadlıqsevər Azərbaycan xalqının əzmini qırmaq üçün sərt cəza metodları tətbiq etməyə başladı. 1990-cı ilin 20 yanvarında Azərbaycanın paytaxtı Bakı şəhərinə qoşun yeridildi. Hədəf xalq hərəkatı və onun liderləri olsa da, xalqın özü atəşə tutuldu.
Güllələrin havada uçuşduğu, ölümün pəncərədən boylandığı o günlərdə milli hərəkata təsadüfən gələnlərin çoxu buxarlandı. Meydanda yenə əqidəli fədailər qaldı. O məşum günlərdə sadiq silahdaşları Nəsir bəyi Bakı kəndlərində gizlətmişdilər. Öncə buna etiraz etmişdi. Lakin tələbələri onu inandıra bilmişdi:

-Ustad, sən təkbaşına düşüncə mərkəzisən, başsız bədən kimə lazımdır? Tələbələri haqlı idi. Qanlı imperiya 1937-ci ildə bu millətin düşünən başlarını, aydınlarını aradan götürmüş, toplumu qaranlığa gömmüşdü. İkinci dəfə bu duruma düşmək olmazdı. Orduda general 50 ilə, siyasi həyatda lider isə ən azı bir qərinəyə yetişir.
Yanvar terroru Azərbaycan xalqını əzmini qıra bilmədi. Bakıda elan edilmiş fövqəladə vəziyyət götürüləndən sonra siyasi aktivlik tədricən artmağa başladı. Nəsir bəy yenə meydanlarda idi. İmperiyanın Azərbaycanla bağlı bədnam planları alt-üst edilsə də, Qarabağ problemi həll edilməmişdi, Bakıya qaçqın axını davam edir, siyasi rəhbərliyin maymaqlığı üzündən ermənilər daha da harınlaşdırdı. Ermənilər bir sıra yolları atəş altında saxladığından Qarabağda və Ermənistanla həmsərhəd kəndlərdə yaşayan soydaşlarımızın maddi və mənəvi dəstəyə ehtiyacı yaranmışdı.
O xəstə canı, məhdud fiziki imkanları ilə bütün Bakının varlı müəssisələrini, zavod fabriklərini, iş adamlarını səfərbər edir, yardımlar toplayır və etibar etdiyi adamları vasitəsilə Qarabağa göndərirdi. Qarabağda ərazilərin özünümüdafiəsi ilə məşğul olan komandirlər bir müşkülə düşəndə rəsmi qurumlara yox, Nəsir bəyə müraciət edir, ondan yardım istəyirdilər. Bilirdilər ki, Nəsir bəyin bir sözü çox qapıları açır, çox rəhmsiz ürəkləri qorxuya sala bilərdi. Onun əlində möhür yox idi, amma sözünün hökmü vardı.

Ötkəm baxışlı, dəmir iradəli bu adamın zəif yeri idi Qarabağ. O günlərdə Nəsir bəyin bütün fikri-düşüncəsi Vətənin müdafiəsinə yönəlmişdi. Tələbələr ilə söhbətdə deyirdi:

-Tarixin dolanbac yollarında İrəvanı, Göyçəni, Zəngəzuru itirdik. Vətənin daha bir hissəsini pay verə bilmərik.
Siyasi naşıların yanlış qərarları, iradəsiz davranışları, dövrün siyasi təlatümləri üzündən 1-ci Qarabağ savaşında məğlub olduq. Amma Nəsir bəy əmin idi ki, bu keçici haldır. O, inanırdı ki, "arxalı köpəyin basdığı qurd" bir gün özünə gələcək, dikələcək və qəlbi intiqam atəşi ilə yanıb tutuşacaq. O gün gəldi. 2020-ci ildə Vətən savaşına qalxan Azərbaycan xalqı layiq olduqu qələbəni qazandı. Çox sevinci idi Nəsir bəy. O qürurlu günlərdə Azərbaycan prezidentinə yazırdı:

"Sizin qətiyyətli və prinsipial mövqeyiniz millətin ürəyinə həyan oldu. Dövlətimizə, bayrağımıza, torpağımıza hörmətsizliyin qarşısını aldınız və layiqli cavablar verdiniz. Siz "Qarabağ Azərbaycandır!" deyərək, sözünüzlə əməlinizi birləşdirdiniz. İşıqlı gələcəyimizin Sizinlə gələcəyinə tam inanaraq, Sizə səmimi təşəkkürlərimi bildirirəm. Bu çətin, lakin şərəfli işinizdə yeni-yeni nailiyyətlər arzulayıram.

Allah Sizin kölgənizi xalqımızın başı üzərindən əskik etməsin, İnşallah!

Allah Sizi və müzəffər Ordumuzu qorusun!"
Nəsir bəy müstəqil Azərbaycanda yaşadı, Qarabağın azadlığını gördü. Ömrünün son illərində xəstəliyi şiddətlənmiş, ağrıları artmışdı. Amma Ulu Tanrı sanki ona möhlət vermişdi ki, Vətən torpaqlarının azadlığını görsün. 2022-ci ilin martın 30-da xalq hərəkatının alovlu natiqi, azadlığın, həqiqətin qorxmaz səsi gözlərini əbədi olaraq yumdu. Nəsir bəy 75 illik ömrünün çox hissəsini əziyyətlə yaşadı, amma müqəddəs saydığı yolundan dönmədi, təzyiqlərə, bəzən fiziki zorakılığa məruz qaldı, 1990-cı ilin 37 repressiyalarını xatırladan o məşum günlərində doğmaları vətəndən sürgün olundu, amma mübarizədən usanmadı. Adını ölkəsinə istiqlaliyyət qazandıran böyük aydınlarla, tarixi simalarla bir sıraya yazdı. O, təkcə öz dövrünün insanlarını aydınlatmadı, yönləndirmədi, gələcək nəsillərə örnək olacaq həyat yaşadı. Taleyin ironiyası, ya tarixin oyunudur, bilmirəm, zamanında heç bir dahi öz qiymətini almır. Yalnız qərinələr keçəndən sonra tarixi şəxsiyyətlərə real qiymət verilir. Əminik ki, gələcək nəsillər məhdud fiziki imkanları ilə böyük bir hərəkatın önündə getmiş, məzlumların ümid yerinə çevrilmiş, zülmətdə çıraq olmuş bu mübariz insanı - Nəsir Ağayevi ehtiram və minnətdarlıqla xatırlayacaq.

Elman Cəfərli

Təbriz Ağayev

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31