Reytinq xatirinə qurban verilən dəyərlər: Məsələ ekranın o tayındadırmır? – ÖZƏL

"Sosial şəbəkələrdə əxlaqa zidd paylaşımların artması təsadüfi deyil - təəssüf ki deyil; bu, texnoloji sürətin mənəvi düşüncəni qabaqladığı dönəmin simptomudur. Biz artıq, belə deyək, informasiyadan daha çox, diqqətin bazarında yaşayırıq. Diqqət isə ən ucuz sensasiya ilə ən tez qazanıla bilir. Bu anlamda sosial media yalnız güzgüdür - orada görünənlər toplumun gizli və ya açıq meyllərinin əksidir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında araşdırmaçı-yazar, türkoloq Əkbər Qoşalı deyib: "Bəli, bunun hansı sosial tendensiyanın göstəricisi olduğu maraq doğurmaya bilməz.

Birincisi, gördüyümüz, oxuduğumuz bə eşitdiyimiz kimi, bu, dəyər boşluğunu göstərir. Keçid mərhələsində olan toplumlarda - özəlliklə postsovet məkanında - ənənəvi normativ sistemlə çağdaş qlobal mədəniyyət arasında ziddiyyət yaranır. Gənc nəsil qlobal platformların təsiri altındadır, amma həmin platformların mədəni kontekstini deyil, yalnız görüntüsünü - zahiri formasını mənimsəyir. Sonucda forma qalır, məzmun isə itir. İkincisi, reytinq və görünmə psixologiyasını vurğulayaq. "Mən görünürəmsə, mövcudam" düşüncəsi sosial şəbəkə mədəniyyətinin əsas paroluna çevrilib. Bu isə bəzən şəxsi ləyaqətin, ailə dəyərlərinin, milli-mənəvi prinsiplərin arxa plana keçməsi ilə tamamlanır. Sosial media alqoritmləri etik davranışı yox, reaksiya doğuran davranışı irəli çıxarır. Üçüncüsü, institusional zəiflik və ictimai nəzarət mexanizmlərinin boşluğunu da dana bilmərik. Əgər ailə, məktəb, mədəniyyət ocaqları və media paralel şəkildə sağlam dəyər sistemi formalaşdırmırsa, boşluğu virtual populyarlıq doldurur. Televiziya kanallarında qalmaqalın reytinqə çevrilməsi sosial mediada daha sərt və nəzarətsiz formada təkrarlanır. Əslində, sosial şəbəkədə gördüyümüz mənzərə efirdə başlanan tendensiyanın radikallaşmış formasıdır. Deməli, məsələ yalnız fərdi davranış deyil; bu, ictimai transformasiyanın ağrılı mərhələsidir. Fərd sadəcə daha böyük sosial dinamikanın daşıyıcısına çevrilir".

"Hüquqi, inzibati cəzaların çıxış yolu olub-olmadığına gəldikdə, hüquqi mexanizmlərin zəruriliyini bəri başdan deyək. Dövlət ictimai əxlaqı, şəxsi ləyaqəti və təhlükəsizliyi qorumaq məsuliyyəti daşıyır. Təhqir, böhtan, şantaj, açıq-saçıq və yetkinlik yaşına çatmayanlara zərərli məzmunun yayılması hüquqi çərçivədə tənzimlənməlidir. Cəzasızlıq mühiti həmişə radikallaşmanı gücləndirir. Lakin problem yalnız cəza ilə çözülmür. Çünki: əxlaq inzibati qərarla formalaşmır; mədəniyyət polis nəzarəti ilə yaranmır; içəridə məsuliyyət olmadan xarici məhdudiyyət uzunömürlü olmur. Əgər hüquqi tədbirlər maarifləndirmə, media savadlılığı, ailə tərbiyəsi və mədəni siyasətlə paralel getməzsə, sonuc yalnız formal qadağalar olacaq. Qadağa davranışı gizlədə bilər, amma onu mütləq dəyişdirmir", - deyə araşdırmaçı-yazar əlavə edib.

Bəs çıxış yolu nədir?

Məncə, üç yöndə paralel hərəkət vacibdir:

1. Media etikası və özünütənzimləmə. - Televiziya və rəqəmsal platformlar reytinq uğrunda etik çərçivəni pozmağı normaya çevirməməlidir. Sağlam örnək tanıdılmadan sağlam tələb formalaşmır;

2. Rəqəmsal savadlılıq. - Məktəblərdə və universitetlərdə sosial media davranışı, informasiya etikası və "onlayn məsuliyyət" mövzuları sistemli şəkildə öyrədilməlidir;

3. Dəyər siyasəti. - Milli-mənəvi dəyərlər yalnız şüar kimi yox, çağdaş dildə, formatda təqdim olunmalıdır. Gənc nəslə illa qadağa yox, alternativ təqdim etmək lazımdır.

Sosial şəbəkələrdəki əxlaqi aşınma, əslində, bir xəbərdarlıqdır: toplum texnologiya sürəti ilə dəyişir, amma mənəvi immunitet eyni templə möhkəmlənmir. Əgər biz bu boşluğu doldurmasaq, onu sensasiya və xaos dolduracaq.

Məsələ ekranın o tayındadırmır? - Əsla! - Məsələ ekranın qarşısında oturan insanın dünyagörüşündədir. Və bu dünyagörüşün formalaşması yalnız fərdin deyil, bütöv toplumun məsuliyyətidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31