Azərbaycan–Çexiya dostluğu artıq diplomatik ifadə deyil- ÖZƏL

"Azərbaycan-Çexiya münasibətlərinin ən mühüm dayaqlarından biri isə energetika sektorudur. Uzun illərdir ki, Azərbaycan Çexiya üçün etibarlı enerji tərəfdaşı kimi çıxış edir. Azərbaycan nefti Çexiyanın enerji balansında mühüm yer tutur və bu etimad illərlə formalaşmış sabit əməkdaşlığın nəticəsidir. Bu gün Avropa enerji təhlükəsizliyindən danışarkən Azərbaycanın adı xüsusi çəkilir. Avropa İttifaqının da Azərbaycanı etibarlı tərəfdaş kimi qiymətləndirməsi təsadüfi deyil". "Olaylar" xəbər verir ki, bunu YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova deyib: "Azərbaycan qazının artıq 16 ölkəyə ixrac olunması, onlardan 10-nun Avropa İttifaqı üzvü olması ölkəmizin geosiyasi və geoiqtisadi rolunu daha da artırır. Çexiyaya qonşu ölkələrə qaz ixracı fonunda bu əməkdaşlığın gələcəkdə daha da genişlənməsi təbii və məntiqli görünür. Burada söhbət sadəcə enerji satışından getmir. Bu, uzunmüddətli strateji təhlükəsizlik tərəfdaşlığıdır.

Diqqət çəkən digər mühüm istiqamət müdafiə sənayesidir. Prezident İlham Əliyevin vurğuladığı kimi, Çexiya ilə bu sahədə uzun illərdir uğurlu əməkdaşlıq mövcuddur. Azərbaycan Çexiyadan müxtəlif hərbi təyinatlı məhsullar alır və hazırda birgə istehsalla bağlı konkret layihələr üzərində danışıqlar aparılır. Bu isə əməkdaşlığın yeni, daha dərin mərhələyə keçdiyini göstərir. Güclü müdafiə sənayesi olan Çexiya ilə Azərbaycanın yerli istehsal potensialının birləşməsi regional təhlükəsizlik baxımından da mühüm əhəmiyyət daşıyır. Bu münasibətlərin arxasında yalnız iqtisadi maraqlar yox, həm də siyasi etibar dayanır. Hökumətlərarası Komissiyanın fəallaşdırılması, yüksək səviyyəli qarşılıqlı səfərlər, parlamentlərarası əlaqələr və çoxtərəfli platformalarda əməkdaşlıq bu tərəfdaşlığın institusional bazasını gücləndirir. Prezident İlham Əliyevin Çexiyaya dəfələrlə səfər etməsi, Çexiya rəhbərliyinin Azərbaycana rəsmi səfərləri bu münasibətlərin davamlı xarakter daşıdığını sübut edir.

Bu gün Bakı ilə Praqa arasında qurulan körpü sadəcə iki paytaxtı birləşdirmir. Bu körpü enerji təhlükəsizliyini, iqtisadi inkişafı, sənaye əməkdaşlığını, müdafiə potensialını və siyasi sabitliyi bir araya gətirir. Azərbaycan-Çexiya dostluğu artıq diplomatik ifadə deyil. Bu, real nəticələr doğuran strateji xəttdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31