İranın "Boz sxemləri" və SEPAH ritorikası: Regionu hansı ssenari gözləyir? – ÖZƏL
17:31 Siyasət"Azərbaycanın İranla münasibətləri həmişə sinusoid xarakterli olub. Yəni münasibətlər bəzən normallaşıb, bəzən isə İranın hərbi-teokratik dairələrinin siyasəti və atdığı addımlar nəticəsində soyuqlaşma müşahidə olunub".
Bu sözləri Olaylar.az-a açıqlamasında Milli Məclisin 4 çağırış deputatı (III, IV, V, VI) iqtisad elmləri doktoru, professor Rüfət Quliyev deyib. O bildirib ki, bu gərginlik daha çox Azərbaycana deyil, ABŞ-yə yönəlmiş siyasətin tərkib hissəsi kimi ortaya çıxır: "Təxminən 10 gün əvvəl Azərbaycan Prezidenti ilə İran Prezidenti Pezeşkian arasında telefon danışığı oldu və bir daha açıq şəkildə vurğulandı ki, Azərbaycan heç bir halda və heç bir şəraitdə öz ərazisindən hansısa ölkəyə qarşı hərbi müdaxilə və ya əməliyyatlar üçün istifadə olunmasına imkan verməyəcək. Bu, birmənalı mövqedir. Azərbaycanın heç bir hərbi blokun üzvü olmaması da bunu təsdiqləyir. Azərbaycan bütün münaqişələrin diplomatik və sülh yolu ilə həllinin tərəfdarı olduğunu dəfələrlə bəyan edib və bu istiqamətdə səylərini davam etdirməyə hazırdır. İran isə hazırda elə bir vəziyyətdədir ki, ABŞ ilə birbaşa hərbi qarşıdurmaya getmək imkanları məhduddur. Buna görə də daha çox Körfəz ölkələrində - Qətər, Oman, Bəhreyn, Səudiyyə Ərəbistanı kimi dövlətlərdə yerləşən ABŞ hərbi bazalarına eyham vurur və mümkün addımlar atılacağı təqdirdə həmin bazaların ballistik raketlərlə hədəf alınacağını bəyan edir. Bu cür güc nümayişinin nə dərəcədə doğru olduğu mübahisəlidir. Lakin İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ölkənin əsas güc mərkəzlərindən biridir və onların ritorikası təkcə Azərbaycana deyil, digər ölkələrə qarşı da zaman-zaman aqressiv olub. Mətbuatda da dəfələrlə qeyd olunub ki, İran neftini müxtəlif "boz sxemlər" vasitəsilə satır və ixracın təxminən 50 faizini Çin həyata keçirir. Eyni zamanda bu gəlirlərin daxili sosial rifaha yönəlmədiyi, əksinə, regiondakı müttəfiq qruplara xərcləndiyi ilə bağlı iddialar var. Məsələn, Livandakı qruplara maliyyə dəstəyi göstərilməsi ilə bağlı rəqəmlər səsləndirilir".
"Hesab edirəm ki, bu dəfə Tramp administrasiyası da geri çəkilməyəcək. Hansı ssenarilərin mümkün olduğu ilə bağlı müxtəlif ehtimallar var və onlardan birinin reallaşması mümkündür.
Azərbaycana hədə-qorxu gəlməklə onu qorxutmaq mümkün deyil. İstər Strateji Xartiyanın imzalanmasından əvvəl, istər indi, istərsə də gələcəkdə Azərbaycanın İran qarşısında qorxu faktoru yoxdur. Azərbaycan həmişə normal qonşuluq münasibətlərinin tərəfdarı olub və iqtisadi, logistik əməkdaşlıq imkanlarını açıq saxlayıb. Regionda reallaşan logistik layihələrdə İranın da iştirak edib fayda əldə etməsi mümkündür. Bugünkü şəraitdə problemlər hərbi yolla həll olunmur. BMT-nin təsir imkanlarının zəiflədiyi bir dövrdə belə, beynəlxalq hüquq prinsipləri qorunmalıdır.
Mən çıxış yolunu tərəflərin müəyyən kompromisə gəlməsində görürəm. İran müəyyən şərtlər daxilində Tramp administrasiyasının təkliflərini qəbul edə və konsensus əldə oluna bilər. İsrailin də aqressiv hazırlıq mərhələsində olduğu müşahidə edilir. Netanyahu yaxın günlərdə Vaşinqtonda Tramp ilə görüş keçirdi və ehtimal etmək olar ki, müəyyən planlar müzakirə olunub. Azərbaycan isə öz mövqeyində qalır: biz bütün məsələlərin sülh və diplomatik yollarla həllinin tərəfdarıyıq. İran da mövcud reallıqları nəzərə alaraq daha praqmatik qərarlar verməlidir", - deyə professor sonda qeyd edib.
Lamiyə Cəbrayılova