Postsovet məkanında zəncirvari qopuş: Bakı üçün MDB səhifəsi qapanır? – ÖZƏL
15:54 SiyasətMoldova MDB Nizamnaməsini ləğv edərək qurumdan çıxmaq üçün rəsmi prosedura başlayıb, prosesin bir il ərzində tamamlanması gözlənilir. Gürcüstan və Ukraynadan sonra Moldovanın da bu addımı atması Rusiyanın "imperiya ambisiyaları" və Ukrayna müharibəsinin nəticəsi kimi qiymətləndirilir. Analitik Ruslan Şevçenko bildirir ki, MDB artıq iqtisadi əhəmiyyətini itirib.Moldovanın gedişi MDB-nin "siyasi meyit"ə çevrilməsini və Rusiyanın postsovet layihəsinin tam iflasını sürətləndirəcəkmi?
İxracatın cəmi 7%-nin MDB payına düşməsi Bakının bu qurumdan çıxması üçün kifayət qədər ciddi iqtisadi əsas sayıla bilərmi?
"Moldova artıq uzun müddətdir ki, MDB-dən çıxmağa hazırlaşırdı və bu istiqamətdə qanunvericilik səviyyəsində müəyyən addımlar atmışdı. MDB ilə bağlı bir sıra sazişləri ləğv etmiş, yalnız ikitərəfli müqavilələri qüvvədə saxlamışdı".
Bu sözləri mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında siyasi şərhçi Şakir Ağayev deyib. Siyasi şərhçi bildirib ki, ümumiyyətlə, bu gün Müstəqil Dövlətlər Birliyinin iqtisadi və siyasi baxımdan əvvəlki təsir imkanları o qədər də geniş deyil. Çünki MDB-yə üzv dövlətlərin bir-biri ilə ikitərəfli əməkdaşlıq mexanizmləri mövcuddur, istər iqtisadi, istər siyasi, istərsə də humanitar sahədə. Bununla yanaşı, paralel formatlarda da əməkdaşlıq platformaları var. Məsələn, Avrasiya İqtisadi Birliyi və digər regional iqtisadi mexanizmlər fəaliyyət göstərir. MDB SSRİ dağıldıqdan sonra keçmiş respublikalar arasında mövcud olan iqtisadi və təsərrüfat əlaqələrini qoruyub saxlamaq məqsədilə yaradılmışdı. Azərbaycan üçün də MDB çərçivəsində müəyyən imkanlar mövcud olub. Bununla belə, Azərbaycanın MDB-yə üzv dövlətlərin hər biri ilə ikitərəfli iqtisadi əlaqələri var. Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Moldova, Ukrayna, Gürcüstan, Rusiya, Belarus və digər ölkələrlə münasibətlər müxtəlif sahələr üzrə inkişaf etdirilir. Eyni zamanda, MDB məkanında yerləşən türk dövlətləri ilə Azərbaycan Türk Dövlətləri Təşkilatı çərçivəsində də əməkdaşlıq qurur və bu əlaqələri daha da genişləndirir. Bu baxımdan Azərbaycanın alternativ imkanları kifayət qədər genişdir. Əgər hansısa geosiyasi proseslər baş verərsə və ya MDB ilə bağlı dəyişikliklər olarsa, Azərbaycanın bu təşkilatda qalması və ya qalmaması ölkənin iqtisadi maraqlarına ciddi təsir göstərməz. Çünki Azərbaycan artıq uzun müddətdir ki, xarici siyasət və iqtisadi əlaqələr baxımından alternativ istiqamətlər formalaşdırıb. Bir neçə paralel əməkdaşlıq platforması mövcuddur və hər hansı bir təşkilatın zəifləməsi və ya fəaliyyətinin dayanması Azərbaycan üçün ciddi problem yaratmayacaq. Azərbaycanın mövqeyi daha çox çoxşaxəli və balanslı əməkdaşlıq modelinə əsaslanır.
Lamiyə Cəbrayılova