Ciddi və taleyüklü rəqabət dövrünün başlandığının mesajı- ÖZƏL

Prezident İlham Əliyevin sədrliyi ilə "Azərbaycanın yeni rəqəmsal arxitekturası" adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə keçirilib. Müşavirədə ölkə Prezidentinin çıxışının ilk cümlələri: "Biz bugünkü müşavirədə rəqəmsal inkişafla bağlı olan məsələləri müzakirə edəcəyik, buna ehtiyac var. Bu məsələ bizim gələcək inkişafımızı böyük dərəcədə şərtləndirəcək. Dünyada gedən meyillər, trendlər bəllidir. Bu gün süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması, rəqəmsallaşma ilə bağlı islahatlar faktiki olaraq ölkələrin gələcək inkişafını müəyyən edir."
Əslində bu müşavirə bütün dünyada, o cümlədən Cənubi Qafqazda süni intellekt, rəqəmsallaşma, yeni texnologiyalar, data mərkəzlərinin yaradılması sahələrində yeni, ciddi və taleyüklü rəqabət dövrünün başlandığının mesajıdır. 
Çox uzun olmaması üçün ilk öncə nələr edilməlidir sualına əyani olaraq 2 yarımçıq qalmış və praktik layihə üzərindən cavab verməyə çalışacam. Hər bir dövlət qurumunda, müəssisələrdə vahid data reyestrinin formalaşdırılması təmin edilməlidir. Vahid data reyestri olmadan təhlil, data mərkəzlərinin səmərəli qurulması və fəaliyyəti, süni intellektin tətbiqi mümkünsüz olar. Konkret olaraq, 1 il öncə işlədiyim dövlət qurumunda çox sevdiyim işimi ataraq 2 əsas istiqamətdə dövlətimiz üçün daha faydalı olacağını düşündüyüm iddialı 2 layihənin həyata keçirilməsi üçün digər dövlət qurumuna keçdim:
1) Dövlət satınalmalarında ən çox alınan, idxal olunan və ölkəmizdə istehsalı mümkün olacaq məhsulları müəyyən etmək, həmin məhsulların istehsalı üçün lazım olan xammal və digər iqtisadi şərtləri və imkanları ölçmək, həmin məhsulların istehsalı üçün təkliflər paketi hazırlamaq. Təsəvvür edək ki, lazımi data yoxdur, data reyestri formalaşdırmağa başlayırsan və istehsal üçün başlıca şərtlərdən olan, inkişaf etmiş ölkələrin inkişaflarında başlıca rol oynayan mütləq və nisbi üstünlüklərin nə olduğunu bilmədən deyilir ki, sadəcə olaraq, gömrükdən siyahı alaq və oradan istehsal edəcəyimiz məhsulları seçək (bu məqamda əsl iqtisadçıya xas olan iqtisadi düşüncə tərzinin əhəmiyyətini bir daha dərk etdim). Burada əsas hədəfim isə, hər bir məhsulun istehsalının uğur qazanmasında rol oynayan bazar məsələsinin onsuz da həll olunduğu (dövlət satınalmaları hər il müəyyən həcmdə, bəzi məhsullarda hətta 10 milyonlarla manatdan çox) məhsulların istehsalının daha rahat ola biləcəyi idi. Çünki, investora faktiki olaraq illik alış qarantiyası verilirdi. İdxal əvəzlənir, valyuta çıxışı azalır, gələcəkdə isə həmin məhsulun ixracı ilə ölkəyə valyuta da daxil olurdu. Layihə obyektiv və subyektiv səbəblərdən (anlaşılmazlığı görərək işdən ayrılmağım da səbəblərdən biridir) yarımçıq qaldı. Yeri gəlmişkən, layihəyə qayıtmaq fikrim olmasa da, belə bir layihənin sadəcə data reyestri olmaması, düzgün data strukturu formalaşmaması və yığılmaması səbəbindən yarıda qalmaması, məndən sonra davam etdirilməsi üçün səmərəli və sınanmış metodologiya ilə (işdən ayrılarkən həmin metodologiya ilə bağlı müəyyən fikirlərimi qeyd etmişəm, istifadə oluna bilər) davam etdirilməsi dövlətimiz və iqtisadiyyatımız üçün əlbəttə müqayisəolunmaz dərəcədə faydalı olardı; 
2) Dövlət satınalmalarında süni intellektin tətbiqi. Eyni satınalma predmeti üzrə süni intellekt və komissiyanın bir-birlərindən asılı olmayan müstəqil rəyləri müqayisə olunur, hər iki rəy eynidirsə, təsdiq olunur, hər hansı fərq varsa, fərqin səbəbləri, həm süni intellektin rəyi, həm də komissiyanın rəyi nəzərə alınmaqla müqayisə olunaraq yekun, əsaslandırılmış qərar verilir. Süni intellekt ona verilmiş düzgün strukturlu rəqəmsal məlumatların Qaydalara uyğunluğunu ölçərək daha obyektiv və praqmatik qərarlar verə bilir. Dataları oxuya bilmədikdə isə bu qərarı verə bilməz. Yenə doğru data strukturuna malik olan vahid data reyestrinin aktuallığı və əhəmiyyəti ön plana çıxır. Bunlar olmasa, süni intellektin tətbiqi də çətin olar, obyektiv rəy və qərarlar əldə etmək olmaz. 
Karyeram boyu bir neçə böyük uğurlu layihənin təşəbbüskarı və icraçısı olmuş bir mütəxəssis kimi əslində qeyd etdiyim layihələrdə sadə, lakin nəticəyə təsir göstərən ciddi texniki çağırışlarlarla üzləşəcəyim ehtimalını aşağı qiymətləndirmişdim. Bu yazıda bu məsələyə toxunmaqda məqsədim bu deyil. Məqsədim konkret 2 praktik məsələ üzərindən ölkə əhəmiyyətli təhlillər, süni intellektin səmərəli tətbiqi üçün vacib şərtlər, data mərkəzlərinin əhəmiyyəti və səmərəliliyinin əslində hər bir qurumda doğru struktura malik təfsilatlı vahid data reyestrindən çox asılı olduğunu əyani şəkildə göstərməkdir. Vahid data reyestri nədir, nə dərəcədə önəmlidir və nə üçün müasir dövrdə belə reyestrlər olmadan rəqəmsallaşma, süni intellektin tətbiqi, düzgün təhlillərin həyata keçirilməsindən söz gedə bilməz, niyə belə adlanır, strukturu nədir, istifadəsi nə dərəcədə asandır kimi texniki sualları əhatə etməyə çalışmaq əlbəttə bu yazıda çox vaxt aparar. Bu kimi layihələr isə həm idxalın əvəz olunması, həm tədiyə və ticarət balanslarımız, ölkədən kapital axını, büdcə xərcləmələrinin səmərəliliyi və büdcə daxilolmalarının artımı baxımından çox vacib və aktualdır. Bu yazının əsas məqsədi Ölkə Başçısının müşavirədə toxunduğu aktual məsələlər, verdiyi tapşırıqların icrasının, data mərkəzlərinin qurulması və səmərəliliyinin əslində nədən başlamalı olduğu ilə bağlı nəzəriyyə, fərziyyə və subyektiv düşüncələrim deyil, praktik məsələlər üzərindən rəy və yanaşmalarımı ifadə etmək, dövlətə və dövlətçiliyə bu həlli vacib və gələcək inkişaf istiqamətimizi müəyyən edəcək taleyüklü məsələdə dəryadan bir qaşıq misalı töhfə verməkdir. 
Son dövrlərdə, o cümlədən ABŞ Vitse-prezidentinin Ermənistan və Azərbaycana səfərindən sonra süni intellekt, data analitika, çip istehsalı, nüvə enerjisi məsələlərinin perspektivləri ilə bağlı ölkəmiz Ermənistanla müqayisə edilir. Son 4 ildir Ermənistandakı bu prosesləri mümkün qədər izləyən biri kimi (doğrudur, hələ 2022-ci ildə Ermənistan özü kibertəhlükəsizlik və data analitikası sahələrində ekosistem formalaşdırıb, hazırda Hindistan və digər ölkələrdən Ermənistandakı son xəbərləri, layihələri eşidən bir çox mütəxəssislər Ermənistana sığınacaq, iş icazəsi, vətəndaşlıq üçün müraciət edirlər və sair) səmimi olaraq qeyd edirəm ki, biz bu sahədə hərəkətə keçsək, mütəxəssislərimiz də 2-3 ilə Ermənistandakı mütəxəssisləri dəfələrlə geridə qoyar (unutmayaq ki, dünyada uğurlu starapların faizinə görə birinci yerdə İsraildir, ümumi sayına görə isə ABŞ və Çindir. Məsələn, çox uğurlu, yüksək və praktik təhsil səviyyəsi ilə seçilən ADA Universitetində bu təhsil sahəsi genişləndirilir (dövlət də dəstək verir) və xarici yüksək səviyyəli mütəxəssisləri təlim-tədris prosesinə cəlb edərək say və keyfiyyət baxımından Ermənistandan daha artıq mütəxəssislər hazırlayarıq), 15-20 milyard dollar investisiya dövlətimiz üçün əlçatmaz deyil, istər ABŞ, istərsə də İsraillə ortaq müəssisələr də qura bilərik. Ölkə Prezidentinin də qeyd etdiyi kimi, bu gələcək inkişafımızın əsas prinsiplərindən, özüllərindən biridir. Gec deyil, başlasaq, Ermənistanla bu sahədə ciddi rəqabət də apara bilərik, ən azı bu sahələrdə Ermənistandan asılı vəziyyətə düşmərik. Ölkəmizin imkanlarını, kadr potensialını, gənclərimizi, azsaylı da olsa bir-iki universitetimizdəki perspektiv imkanları, Dövlət Başçısının bu məsələyə artan diqqəti və siyasi iradəsini, maddi imkanlarımızı güclü tərəflərimiz kimi təhil etdikcə mənim inamım da çoxalır, nikbinliyim də artır. Bir şərtlə ki, bu sahədə maneələri aradan qaldıraq, mane olanlara isə ciddi siqnallarımızı verək. Ölkə Başçısı da müşavirədə əsas mesajları verdi ki, gələcəyin müharibələri olacaq süni intellekt və texnologiyalara əsaslanan kiber müharibələrdə uğur və ya uğursuzluqlar da, dövlətin və dövlətin təhlükəsizliyi də, iqtisadi inkişaf da rəqəmsallaşmanın, yeni texnogiyaların və süni intellektin inkişafından asılı olacaq.  
Elman Sadıqov
İqtisadçı ekspert

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31