Tehranın bitməyən "Bakı kompleksi": İran Niyə ABŞ-nin Bakı səfərindən qorxur? – ÖZƏL

ABŞ vitse-prezidenti Ceyms Devid Vensin Bakı səfəri və imzalanan Strateji Tərəfdaşlıq Xartiyası Tehranı hərəkətə keçirib. İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) "Telegram" kanalı Azərbaycanı hədəf alaraq, regionda "böyük müharibənin təməli qoyulduğunu" iddia edib. Paylaşımda İranın öz təhlükəsizliyi məsələsində "zarafat etmədiyi" və "qurbanların artıq seçildiyi" kimi təhdid dolu ifadələr yer alıb.

SEPAH-ın Azərbaycana qarşı bitməyən gərginliyinin səbəbi nədir? "Qurbanlar seçilib" mesajı birbaşa rəsmi Bakıya, yoxsa ABŞ-nin regiondakı artan nüfuzuna bir xəbərdarlıqdır?

"Tehranla Azərbaycanın münasibətləri uzun müddətdir ki, klassik qonşuluq və tərəfdaşlıq münasibətlərindən fərqlənir. İran qonşu dövlət olsa da, rəsmi Tehranın Azərbaycana qarşı ritorikası hər zaman birmənalı olmayıb. Bu ritorika daha çox düşmən mövqeyinə yaxın və bəzən də Azərbaycanın əleyhdarlarını dəstəkləyən çalarlarla müşayiət olunub".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Ramiyə Məmmədova deyib. Siyasi şərhçi bildirib ki, bu səbəbdən regiona üçüncü bir qüvvənin, xüsusilə ABŞ və Qərb ölkələrinin gəlməsini İran birbaşa özünə təhdid kimi qəbul edir. Eyni yanaşma İsrailin Azərbaycana səfərlərinə və iki ölkə arasındakı əməkdaşlığa münasibətdə də müşahidə olunur. İran istər ABŞ-dən, istərsə də Qərbdən Azərbaycana edilən səfərləri öz təhlükəsizliyinə risk kimi qiymətləndirir. Lakin Azərbaycan dəfələrlə, o cümlədən Prezidentin çıxışlarında da bəyan edib ki, ölkə öz ərazisinin İrana qarşı istifadə olunmasına heç vaxt icazə verməyəcək. Bu, Azərbaycanın rəsmi və prinsipial mövqeyidir. İranda isə güc mərkəzlərinin strukturuna diqqət yetirmək lazımdır. Orada bir neçə paralel təsir mexanizmi mövcuddur: klassik ordu, dini lider institutu və prezidentlik institutu. Eyni zamanda SEPAH, yəni İslam İnqilabı Keşikçiləri Korpusu - hərbi-siyasi baxımdan mühüm təsir gücünə malikdir və müəyyən mənada təhlükəsizlik siyasətinin formalaşmasında aktiv rol oynayır. SEPAH tərəfindən verilən bəyanatlar hər zaman İran hökumətinin və ya prezidentinin rəsmi mövqeyi kimi qəbul olunmamalıdır. SEPAH öz ideoloji xətti və təhlükəsizlik doktrinası çərçivəsində çıxış edir və generalları vasitəsilə sərt ritorika nümayiş etdirə bilir. Lakin bu bəyanatlar avtomatik olaraq dövlətin yekdil qərarı demək deyil.

"ABŞ rəsmilərinin Azərbaycana səfərləri və strateji sənədlərin, o cümlədən tərəfdaşlıq xarakterli xartiyaların imzalanması isə Azərbaycan-ABŞ münasibətlərinin institusional çərçivədə inkişafı kimi qiymətləndirilə bilər. Bu, hərbi ittifaq deyil, tərəfdaşlıq formatıdır. Azərbaycan digər Qərb ölkələri ilə də oxşar tərəfdaşlıq sazişlərinə malikdir. Bu əməkdaşlıq iqtisadi, siyasi və müəyyən hallarda hərbi sahələri əhatə edir ki, bu da müasir beynəlxalq münasibətlər sistemində normal praktikadır.
Azərbaycan bu əməkdaşlıqlar vasitəsilə iqtisadi inkişafını, logistika imkanlarını və beynəlxalq bazarlara çıxışını genişləndirir. Zəngəzur dəhlizi kimi layihələr, regional nəqliyyat marşrutlarının inkişafı, NATO çərçivəsində keçirilən təlimlər və digər əməkdaşlıq mexanizmləri tərəfdaşlıq aktı kimi qiymətləndirilməlidir. Burada fövqəladə və ya təhlükəli element yoxdur. İranın narahatlığının əsas səbəblərindən biri isə ABŞ ilə münasibətlərində artan gərginlikdir. Xüsusilə ABŞ-də Tramp administrasiyasının ikinci dönəmində İrana qarşı təzyiqlərin artması fonunda Tehran regionda potensial təhlükə mənbələrinə qarşı daha həssas davranır. İran regionda özünə qarşı düşmən mövqedə dayanan ölkələr axtarır və ABŞ-nin regionda tərəfdaş tapmaq cəhdlərini diqqətlə izləyir. Lakin hazırkı mərhələdə nə Azərbaycan, nə Türkiyə, nə də Ermənistan ABŞ-nin İrana qarşı birbaşa platformasına çevrilmək istiqamətində addım atmayıb. Buna görə də İranın Azərbaycanla bağlı ritorikası daha çox siyasi təzyiq və mesaj xarakteri daşıyır", - deyə ekspert əlavə edib.

Siyasi şərhçinin sözlərinə görə, reallıq ondan ibarətdir ki, İranın nə ABŞ ilə birbaşa hərbi qarşıdurmaya girmək imkanları var, nə də regionda genişmiqyaslı müharibə aparmaq potensialı mövcuddur. Bu səbəbdən səsləndirilən bəyanatları daha çox ritorik çıxışlar kimi qiymətləndirmək mümkündür. Eyni zamanda nəzərə almaq lazımdır ki, Prezident Pezeşkianın mövqeyi ilə SEPAH və ya dini lider tərəfindən səsləndirilən bəyanatlar arasında fərqlər ola bilər. SEPAH generalları dini liderin iradəsindən və dövlətin ali qərar mexanizmlərindən kənar müstəqil strateji addım ata bilməzlər. Bu baxımdan səsləndirilən fikirləri daha çox siyasi ritorika kimi qəbul etmək daha düzgün yanaşma olar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31