Rusiya və İran üçün "manevr pəncərəsi": Bakı, İrəvan və Tiflis niyə səfirsiz qalıb? – ÖZƏL
16:31 Siyasət"ABŞ-nin ölkəmizdə, eləcə də, Tiflis və İrəvanda səfirinin olmaması "kadr boşluğu" ilə yorumlana bilməz - siyasi psixologiyada bu, belə deyək, ismarıcın tonunu dəyişmək, siqnalın səsini azaltmaqdır. Güney Qafqaz kimi "hər cümləsi geosiyasət olan" məkanda isə ton dəyişəndə, boşluq dərhal görünür".
Bu fikirləri Olaylar.az-a açıqlamasında araşdırmaçı-yazar, türkoloq Əkbər Qoşalı deyib.
Səfirin olmaması ABŞ-nin operativliyinə və nüfuzuna necə təsir edir?
Bəli, sövq-təbii belə bir sual hasil olur. Müvəqqəti işlər vəkili hüquqi baxımdan səfiri əvəz edə bilər, amma siyasətin gerçək mexanikasında fərq böyükdür, əlbəttə. Bəli, ilk növbədə onu da vurğulamalıyıq ki, səfir yoxdur amma səfirlik əlbəttə var; səfir yoxdur amma - onun yetkilərini yerinə yetirən müvəqqəti işlər vəkili var.
Səfir - hər hansı bir ölkənin başqa ölkəyə "tam güvənlə göndərdiyi" siyasi ağırlıqdır. Müvəqqəti işlər vəkili isə daha çox "diplomatik rejimdə fasiləsizliyi qoruyan" fiqurdur. Qafqaza yaxın-uzaq paytaxtlar bunu çox səlis oxuyur: səfir gələndə "dövlət gəlir", müvəqqəti işlər vəkilində isə "idarəçilik gəlir".
Səfirin birbaşa siyasi xətti daha qısa olur - həm Dövlət Departamenti ilə, həm də siyasi mərkəzlə (Konqres, Ağ Ev mühitləri və s.) əlaqə "daha isti" qalır. Müvəqqəti statusda isə çox vaxt ehtiyatlı bürokratik filtrlər artmış ola bilir. Səfir, sadəcə diplomatik nümayəndə sayılmaz - o, yerli elitaların, biznesin, medianın, ictimai rəyin içində "Amerika mövcudluğu"nu gündəlik hiss etdirən simadır. Yəni, yetki kağız üzərində bənzər olsa da, nüfuz özü səhnədə formalaşır.
"Diplomatik sükut" fonunda Rusiya və İranın manevr imkanları genişlənirmi?
Bu sualın cavabı "bəli"yə daha yaxındır, amma bir şərtlə: boşluq uzanarsa...
Güney Qafqazda güc belə işləyir: kim daha tez reaksiya verirsə, gündəmi də o yazır. ABŞ səfir səviyyəsində üç paytaxtda eyni vaxtda "səsin həcmi"ni azaldanda
-Rusiya təhlükəsizlik və "köhnə sistem refleksi" üzərindən,
-İran sərhəd, təzyiq, dini-siyasi alət üzərindən,
-hətta regional aktorlar belə "mən buradayam" siyasəti üzərindən boşluğu yoxlama cəhdində buluna bilər.
Üstəlik, diplomatiyada "səfirsiz səfirlik" modu həmişə sakitlik demək deyil; bu, bəzən qarşı tərəfə sınaq üçün imkan verə bilər. - ABŞ-nin pauzası uzandıqca ən azı informasiya savaşı, əlaqə şəbəkələrinin qurulması, yerli qərarvericilərə təsir baxımından Rusiya və İranın "manevr pəncərəsi" genişlənə bilər.
Amma başqa bir gerçəklik də var: ABŞ bu bölgədə "tək adam"la oynamır. Səfir olmasa belə, müxtəlif kanallar (müdafiə, enerji, xüsusi nümayəndəliklər, Konqres xətti və b.) işləyə bilir. Obrazlı desək, sadəcə, vahid siyasi orkestrin dirijoru səviyyəsində boşluq qalır.
Bəs üç ölkədə eyni vaxtda səfirin olmaması vahid "Güney Qafqaz strategiyası"dırmı?
Bunu tam strateji plan kimi deyil, ikiqatlı bir hal kimi götürmək mümkündür.
Birinci qat - Amerikaiçi mexanikasıdır:
Vaşinqtonda səfir təyinatının sadəcə diplomatik proses olmadığı bəllidir; o, Senat təsdiqi, içəridə siyasi balans, prioritetlərin seçimi, bəzən də "kim harada daha sərt dayanacaq?" sualıdır. ABŞ bu hallar üçün "klassik diplomat" yox, sizin də vurğuladığınız kimi, çox vaxt "böhran meneceri" tipli fiqur axtarır. Bu axtarış uzananda pauza yaranır. İkinci qat - bölgəyə xas risklərin idarəsidir: Azərbaycan-Ermənistan sülh trayektoriyası, Gürcüstandakı iç siyasi xəritə, Rusiya faktorunun davranışı, İranın sərhəd həssaslığı - bunların hamısı Vaşinqtonu "təyinatın özü bir ismarıcdır" xəttinə gətirir. Yəni bəzən səfiri gecikdirmək, "hələ yekun qərarımı açıqlamıram" deməyin diplomatik formasıdır. Amma bunu vahid "Güney Qafqaz strategiyası"nın hazır və yekdil modeli kimi təqdim etmək çətindir. Daha doğru ifadə ilə bu, Vaşinqton bölgənin məsələlərini, o məsələlərə baxışı bir zərf kimi görür, amma hər ölkəyə ayrıca risk faylı ilə yanaşır...
"Uzun sözün qısası, Güney Qafqazda səfir tarazlığın görünən üzüdür. Bu üz görünməyəndə, tərəflər "Amerika burada nə qədər var?" sualını daha sərt soruşur.
ABŞ üç paytaxta eyni anda səfir göndərmirsə, bu, ya "mən daha böyük fiqur seçirəm" deməkdir, ya da "mən hələ riskin adını dəqiqləşdirirəm" anlamı daşıyır.
Amma bir həqiqət dəyişmir - bu bölgədə boşluq boş qalmır. Boşluğu ya diplomatiya doldurur, ya təzyiq; ya dialoq doldurur, ya şayiə; ya strateji plan doldurur, ya da başqasının planı...
Biz regional oyunların obyekti deyil, öz gündəmini qurmağı bacaran subyekt olmalıyıq. ABŞ səfir təyin edər də, etməz də - strateji mövqe, dövlət ağlı və milli dayaq əlimizdəki əsas təminatdır. - Azərbaycan üçün əsas xətt budur", - deyə araşdırmaçı-yazar əlavə edib.
Dövlətimiz zaval görməsin!
Lamiyə Cəbrayılova