Mətbuat Şurası Ali Məhkəmənin bu qərarını şərh etdi
13:58 SiyasətAzərbaycan Respublikasının Ali Məhkəməsinin "Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında" yeni Plenum qərarı dövrün və zamanın tələbindən irəli gəlir. Qərar şəxsi həyatın toxunulmazlığı sahəsində beynəlxalq standartların ölkəmizdə tətbiqi zərurətini rəhbər tutmaqla, Azərbaycan Respublikası Konstitusiyasının "Şəxsi həyatın toxunulmazlığı" adlı 32-ci maddəsi baxımından real tətbiq mexanizmi yaradır. Bu mexanizm isə təkcə ayrı-ayrı şəxslər deyil, eyni zamanda, media fəaliyyəti üçün də yeni baxışlar formalaşdırmalıdır.
Olaylar.az xəbər verir ki, bu barədə Mətbuat Şurasının Ali Məhkəmənin "Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında" yeni Plenum qərarı ilə bağlı şərhində bildirilir.
Qeyd edək ki, 2016-cı il sentyabrın 26-da keçirilmiş Referendumda əsas qanunun sözügedən 32-ci maddəsinə VI, VII və VIII hissələr əlavə edilmişdi. Həmin əlavələrdə birincisi, qanunla müəyyən edilmiş hallar istisna olmaqla, üçüncü şəxslər haqqında məlumat almaq məqsədi ilə elektron formada və ya kağız üzərində aparılan informasiya ehtiyatlarına daxil olmağın qadağan edildiyi, ikincisi, məlumatın aid olduğu şəxsin buna razılığını aşkar ifadə etdiyi hallar, ayrı-seçkiliyə yol verməmək şərtilə anonim xarakterli statistik məlumatların emalı və qanunun yol verdiyi digər hallar istisna olmaqla, informasiya texnologiyalarından şəxsi həyata, o cümlədən əqidəyə, dini və etnik mənsubiyyətə dair məlumatların açıqlanması üçün istifadə edilə bilməzliyi, üçüncüsü, fərdi məlumatların dairəsinin, onların emalının, toplanmasının, ötürülməsinin, istifadəsinin və mühafizəsinin şərtlərinin qanunla müəyyənləşdirildiyi vurğulanırdı.
Ümumən, konstitusiyanın 32-ci maddəsindən və sadalanan prinsiplərdən qaynaqlanan Ali Məhkəmə Plenumunun qərarı müəyyənləşdirir ki, bir şəxs haqqında hansısa faktın doğruluğu belə, həmin faktın informasiyaya çevrilməsinə, daha doğrusu, faktın dərhal yayıla bilməsinə zəmin yaratmır. Çünki şəxsin razılığı olmadan onun özəl məlumatlarının, ailə həyatına dair bilgilərin toplanması, saxlanılması və yayılması hüquqa ziddir. Bu baxımdan tibbi məlumatlar, maliyyə, əmlak vəziyyəti, şəxsi yazışmalar, ailədaxili münasibətlər, uşaqların sağlamlığı və digər həssas məlumatlar fərqləndirilir.
Ali Məhkəmə bildirir ki, əvvəllər bir şəxs digər şəxsə qarşı yalan məlumatlar yaydığı halda, şərəf və ləyaqətin müdafiəsi institutundan istifadə etməklə tələblər irəli sürülüb, lakin məlumatın həqiqiliyi ortaya çıxdıqda iddialar təmin olunmayıb. Artıq bu duruma son qoyulur. Çünki yeni qərar şəxsi toxunulmazlıq hüququnu şərəf və ləyaqətin müdafiəsi hüququndan fərqləndirir. Yəni, şəxsi toxunulmazlıq hüququ konstitusion mənada şəxsi və ailə həyatının məxfiliyinin qorunmasını nəzərdə tutmaqla, hər bir fərdin şəxsi və ailə həyatına hörmət edilməsinə, onun cəmiyyətdə özünü rahat və təhlükəsiz hiss etməsinə xidmət edir: "Ali Məhkəmə qərarında şəxsi toxunulmazlıq hüququnun mühüm institutu olan, lakin bu vaxtadək məhkəmə mübahisələrinin içində digərlərinə nisbətən müdafiədən kənarda qalan şəxsi və ailə həyatına hörmət hüququnu geniş şərh edərək ön plana çıxarmışdır".
Maraqlı məqamlardan biri də budur ki, qanun təkcə şəxsi və ailə həyatına dair məlumatları qorumaqla kifayətlənmir, şəxsin mənzili, avtomobili, xidməti otağı, ləvazimatları, habelə şəxsi xüsusiyyətə malik digər əşyaları, ona məxsus heyvanları, bitkiləri və digər obyektləri də qoruyur. Yəni, sadalanan xüsusdakı bilgilərin qarşı tərəfin razılığı olmadan, yaxud razılığına zidd yayılması da yolverilməzdir ki, dünyanın bir çox ölkələrində bu praktikaya müraciət halları var. Eyni zamanda, şəxsi və ailə sirri təşkil edən məlumatların qorunmasına mükəlləf qurumların, şəxslərin həmin məlumatları yaymasına görə məsuliyyət növlərinin müəyyənləşdirilməsi də.
Ali Məhkəmə Plenumunun qərarında daha iki mühüm məqam var ki, onlardan birincisi məlumatların yayılmasına şəxsin öz razılığı məsələsi, digəri isə məlumatların ictimaiyyətə açıqlığıdır. Bir şəxs internet resursunda əlaqə məlumatlarını, həyatını, xəstəliyini, gördüyü işləri, iş ortaqlarını və sairi paylaşırsa, bu, şəxsin özünün həmin məlumatları ictimaiyyətə açıqlaması hesab edilir. Deməli, bu bilgilərdən istifadə heç bir məsuliyyət yaratmır. Şəxsin öz razılığı ilə paylaşılan bilgilərin informasiyaya çevrilməsi də həmçinin. Əlbəttə, şəxsin özünün paylaşdığı bilgilərin informasiya çevrilməsindəki məsxərə və aşağılayıcı ton, bu kimi hallara ayrıca hüquqi qiymət verilməsini aktuallaşdırır.
Plenum qərarındakı vacib məqamlardan biri də yayılmış məlumatların cəmiyyətin maraq dairəsində olması məsələsidir. Qərarda belə məlumatların mülki hüquq pozuntusu hesab edilməməsi vurğulanır. Bu, son dərəcə vacib məqamdır və jurnalist fəaliyyəti ilə daha sıx bağlıdır. Nəzərə alaq ki, media və jurnalistlər ictimai nəzarət funksiyası yerinə yetirirlər və onların mövcud ampluada təmasda olduqları şəxslər cəmiyyətin maraq dairəsindədirlər. Yəni, jurnalist fəaliyyəti məhz həmin marağın qarşılanmasını rəhbər tutur.
Deməli, publik şəxslərin davranışlarının, qərarlarının və fəaliyyətinin cəmiyyətə birbaşa və ya dolayı şəkildə təsir etməsi amili əsasdır və bu amil onların şəxsi həyatının da ictimai nəzarətə açıqlığını, bir növ, normaya çevirir. Onu da nəzərə alaq ki, sıravi şəxslərlə müqayisədə publik şəxsləri tənqidetmənin yolverilən hədləri daha genişdir. Amma Ali Məhkəmə çox doğru olaraq ictimai marağın aşılmasının yolverilməzliyini vurğulayır və misal gətirir, daha doğrusu, müqayisə aparır: "Məsələn, jurnalist yerli özünüidarə orqanının rəhbərinin rəsmi gəlirləri ilə uyğun gəlməyən lüks mənzil və avtomobillərə sahib olması, habelə uşağının anadangəlmə qüsurlu olması barədə ictimaiyyətə məlumat verir. Şəxsin əmlak vəziyyəti ilə bağlı göstərilən hallar şəxsi məlumat olsa da, cəmiyyətin legitim maraq dairəsinə daxildir, bu məlumatın yayılması pozuntu hesab edilə bilməz. Lakin, uşağın fiziki qüsurlu olması ilə bağlı məlumatlar şəxsi və ailə həyatına hüquqazidd müdaxilə hesab olunacaq, çünki, həmin şəxsin publik vəzifələrinin icrası baxımından hər hansı ictimai maraq kəsb etmir".
Nəhayət, Azərbaycan Respublikasının Ali Məhkəməsinin "Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında" yeni Plenum qərarının məğzində dayanan mühüm amillərdən biri də məsuliyyətdir. Söhbət şəxsi məlumatların yayılmasına görə nəzərdə tutulan məsuliyyətdən gedir. Aydındır ki, qərar məsuliyyətin müəyyənləşdirilməsində çətinliyin yaranmasından, indiyədək tətbiq edilən mübahisələndirmə mexanizminin zəifliyindən qaynaqlanır.
O da aydındır ki, şəxsi məlumatların yayılmasına görə məsuliyyət, həmçinin, medianın məsuliyyəti belə məlumatların yayılma arealının genişliyindən asılı olaraq müəyyənləşəcək. Əlbəttə, qanunazidd bilgilər televiziya və radioda yayılırsa, daha böyük maddi təzminatdan söhbət gedəcək. Habelə, geniş əhatə dairəsinə malik sosial şəbəkələr vasitəsilə həyata keçirilən yayımın da kütləvilik durumu zərərin həcmini artıracaq.
Ancaq sırf sosial şəbəkə seqmentində yer almış hansısa bilgi paylaşımının mübahisələndirilməsi zamanı, müvafiq olaraq nəzərdə tutulacaq məsuliyyətin dəqiqliyi üçün həmin bilginin yayım arealının özünün hüquqi qiymətləndirilməsi üçün əlavə qanuni mexanimzə ehtiyac yarana, bu kimi durumlarda sosial şəbəkələr baxımından müəyyən texniki parametrlərə diqqət yetirilməsi zəruriləşə bilər. Məsələn, qanunsuz bilgini yayan sosial şəbəkə profilinə baxış sayının və bu sayın cəmiyyətə təsirinin hesablanmasının nəzərdən keçirilməsi məqsədi ilə ayrıca dəyərləndirmənin aparılması mümkündür ki, bu prosedurun da hüquqa söykənməsi vacibdir.