Azərbaycan İsrail üçün sadəcə müttəfiq deyil: regional strategiyanın mərkəzində Bakı- ÖZƏL 

BESA Strateji Araşdırmalar Mərkəzi İsrailin yeni regional doktrinasında Azərbaycanın mərkəzi rolunu təhlil edib. Politoloq Andrey Kazantsev-Vaysmana görə, rəsmi Bakı İsrail üçün təkcə siyasi müttəfiq deyil, həm də İran və Rusiyadan yan keçən alternativ logistik mərkəzdir. İkinci Qarabağ müharibəsindən sonra çəkisi artan Azərbaycan, İsrailin Mərkəzi Asiya bazarlarına çıxışı və regiondakı diplomatik manevrləri üçün əsas həlqəyə çevrilib. 
Bakı üzərindən qurulan bu xətt İsrailin Şimal-Cənub dəhlizinə (İran marşrutuna) qarşı yaratdığı "geosiyasi alternativ" hesab edilə bilərmi? Bakı İsrail üçün niyə vacibdir?
Mövzu ilə bağlı politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlama verib: 
" Öncə onu qeyd etmək lazımdır ki, İsrail Azərbaycan, Rusiya və İranın yaratdığı Şimal-Cənub nəqliyyat dəhlizinə qarşı deyil. Ən azı o baxımdan ki, bu nəqliyyat dəhlizi Rusiyanı və Şimali Avropanı Hindistanla birləşdirən bir xətdir və burada İran istisna olmaqla, bu dəhlizin keçdiyi digər ölkələrlə İsrailin kifayət qədər normal münasibətləri var. O ki qaldı, İsrailin Azərbaycanla münasibətlərinə, əlbəttə ki, bu kifayət qədər ciddi və dərin əlaqələrə söykənmiş bir münasibətdir. Biz İsraillə münasibətlərimizi çoxtərəfli istiqamətlər üzrə davam etdiririk və bu əlaqələr çox müxtəlif sahələri və mövzuları əhatə edir. Şübhəsiz ki, İsrail həm də Orta dəhlizin əsas güzərgahı olan Azərbaycanla yaxın münasibətlərdə olmaqda maraqlıdır. Azərbaycanla strateji tərəfdaşlıqdan əlavə, bu ölkə həm də Türkiyənin Mərkəzi Asiyaya əsas çıxışını təmin edən bir coğrafiyadır. O baxımdan biz İsraillə Azərbaycan münasibətlərini məhz bu kontekstdən dəyərləndirməliyik. Çünki Orta Asiya dünya siyasətində mərkəzi yerlərdən birini tutur və bu bölgəyə diqqət ciddi şəkildə artır.
Həm ABŞ, həm Avropa İttifaqı, Çin, Rusiya - hər kəs bu coğrafiya ilə maraqlanır və münasibətləri qurmağa çalışır. İsraillə bu münasibətləri qurmasını da təbii qəbul etmək lazımdır. İsrail hesab edir ki, Azərbaycanla bərabər Qazaxıstan kimi ölkələrlə də münasibətlərin yüksək səviyyədə qurulması onun həm müsəlman dünyası ilə əlaqələrini genişləndirir, həm də əlaqələrinin coğrafiyasını genişləndirir. Bu coğrafiya ilə münasibətlərin dərinləşməsi həm ticarət baxımından, həm geosiyasi mövqe baxımından İsrailin maraqlarına tam uyğundur. O baxımdan, əlbəttə ki, Orta dəhliz İsrail üçün də çox vacibdir. Çünki məhsullar məhz Orta Asiyadan daşınır və bu coğrafiya vasitəsilə Azərbaycandan, Türkiyə üzərindən Yaxın Orta Şərqə çatdırılır. Bu baxımdan İsrail əlbəttə ki, bunda maraqlıdır. Bir daha qeyd etmək istəyirəm ki, İsrail prinsip etibarilə İranla münasibətləri problematik hesab edir. Digər dəhliz iştirakçısı dövlətlərlə isə münasibətləri kifayət qədər normaldır". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31