Prezident İlham Əliyev: Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib

Şuşanın 2020-ci il noyabrın 8-də işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib.

Bunu Prezident İlham Əliyev noyabrın 8-də Zəfər Günü münasibətilə Xankəndi şəhərindən Azərbaycan xalqına müraciətində deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycan Ordusu döyüş meydanında tam üstünlüyü təmin edib və Şuşanın azad olunması müharibənin həlledici mərhələsi olub.

"Döyüş meydanında Azərbaycan tam üstünlüyü təmin edərək 8 noyabr günündə, Zəfər bayramı qeyd etdiyimiz gündə Şuşanın azad olunması faktiki olaraq İkinci Qarabağ müharibəsinin taleyini həll etdi. Ondan bir gün sonra, noyabrın 9-dan 10-na keçən gecə Ermənistan kapitulyasiya aktına imza atmışdır", - Prezident İlham Əliyev bildirib.

Prezident İlham Əliyev Ermənistan rəhbərliyinin müharibədən əvvəlki bəyanatlarını da xatırladıb. O qeyd edib ki, Ermənistan tərəfi Azərbaycanı yeni ərazilər uğrunda yeni müharibə ilə hədələyir, "Qarabağ Ermənistandır və nöqtə" bəyanatı ilə ölkəmizin ləyaqətini alçaltmağa çalışırdı.

"Biz isə buna döyüş meydanında cavab verdik. Və döyüş meydanında kimin kim olduğunu hər kəs əyani şəkildə gördü", - dövlət başçısı vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31