İmperialist reflekslər davam edir: Moskvanın İrəvan üzərində təsir savaşı- ÖZƏL 

"Rusiya Dövlət Dumasının Samvel Karapetyanın müdafiəsinə qalxması əslində Moskvanın Ermənistan siyasətindəki köhnə və ziddiyyətli yanaşmalarını bir daha üzə çıxarır. Rusiya bu addımı ilə göstərir ki, Ermənistanın daxili siyasi proseslərinə müdaxilə etməkdən çəkinmir və öz maraqlarını qorumaq üçün hər vasitədən istifadə edir. Karapetyana qarşı açılan cinayət işini "siyasi motivli" adlandırmaq Kremlin İrəvan hakimiyyətinə açıq təzyiqidir. Bu, Moskvanın Ermənistanın suverenliyinə hörmət etmədiyini, əksinə, daxili işlərə qarışaraq öz təsir dairəsini qorumağa çalışdığını göstərir". 
Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında söyləyib: 
"Rusiyanın bu mövqeyi həm də regionda balansı pozur. Ermənistanın Qərbə inteqrasiya cəhdləri Moskva tərəfindən daim təhdid kimi qəbul edilir. Buna görə də Rusiya İrəvanda özünə yaxın biznes dairələrini və siyasi fiqurları müdafiə etməklə, hakimiyyətə mesaj verir: "Bizim maraqlarımızı nəzərə almadan siyasət aparmaq olmaz." Bu yanaşma Ermənistan cəmiyyətində narazılıq doğurur, çünki Moskva faktiki olaraq ölkənin daxili siyasi müstəqilliyini məhdudlaşdırır.
Analitik baxışla demək olar ki, Rusiyanın planı Ermənistanı tamamilə öz orbitində saxlamaq, Qərblə yaxınlaşma imkanlarını məhdudlaşdırmaq və daxili siyasətdə özünə loyal qüvvələri gücləndirməkdir. Bu isə Ermənistanın demokratik inkişafına, iqtisadi müstəqilliyinə və regional balanslara mənfi təsir göstərir. Rusiya öz maraqlarını qorumaq üçün Ermənistanın daxili sabitliyini qurban verməyə hazır görünür. Karapetyan məsələsi sadəcə bir iş adamının müdafiəsi deyil, Kremlin İrəvana qarşı daha geniş təzyiq strategiyasının tərkib hissəsidir. Bu, Rusiyanın regionda hələ də köhnə imperialist reflekslərlə hərəkət etdiyini və müstəqil siyasət yürütmək istəyən qonşularını daim cəzalandırmaq niyyətində olduğunu açıq şəkildə göstərir". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31