Vüqar Rəhimzadə: “Şəhərsalma və Memarlıq İli” ölkəmizin şəhərsalma və memarlıq ənənələrinin təbliğində mühüm rol oynayacaq
18:34 SiyasətPrezident İlham Əliyev Azərbaycanın çoxəsrlik tarixə malik şəhərsalma və memarlıq mədəniyyəti ənənələrinin yaşadılması, eləcə də ölkədə bu sahədə yeni çağırışlara cavab verən mütərəqqi yanaşmaların təşviqi və tətbiqinin genişləndirilməsi məqsədilə 2026-cı ili "Şəhərsalma və Memarlıq İli" elan etdi. Bununla bağlı imzalanan Sərəncamda qeyd edildiyi kimi, Azərbaycanda şəhərsalma və memarlıq ənənələrinin çoxəsrlik zəngin bir keçmişi vardır. İpək Yolu üzərində yerləşən və mühüm ticarət, sənətkarlıq, mədəniyyət mərkəzləri kimi Şərq ölkələri ilə sıx iqtisadi, siyasi və mədəni əlaqələr quran iri şəhərlərimizin özünəməxsus simasının formalaşmasında qiymətli memarlıq abidələri müstəsna rol oynamışdır.
Bu gün dünya tarixi Zəfərimizin və suverenliyimizin tam bərpasının yaratdığı yeni reallıqların əsas tərkib hissəsi olaraq işğaldan azad edilmiş ərazilərimizdə görülən işlərin fonunda Azərbaycanın təkmil şəhərsalma təcrübəsinin şahidinə çevrilir. 30 illik işğal dövründə tamamilə dağıdılan şəhər və kəndlərimiz Baş plan əsasında yenidən bərpa edilir. "Ağıllı şəhər" və "ağıllı kənd" strategiyası əsasında qurulan kənd və şəhərlər müasir dövrün bütün yeniliklərini özündə əks etdirir. Ağdam, Zəngilan və Xankəndi şəhərlərində keçirilən Azərbaycan Milli Şəhərsalma forumları bütün bu məqamlara aydınlıq gətirdi. Dövlət başçısı İlham Əliyevin bu ilin 15 oktyabr tarixində Xankəndi şəhərində keçirilən Üçüncü Azərbaycan Milli Şəhərsalma Forumunun iştirakçılarına müraciətində qeyd olunduğu kimi, Azərbaycanın milli inkişaf strategiyasında şəhərsalma prioritet istiqamətlərdən birini təşkil edir. Ölkədə şəhərsalma və urbanizasiya sahəsində qəbul edilmiş yanaşmalar iqtisadi dayanıqlılığa, sosial-iqtisadi rifaha, iqlim dəyişmələrinə uyğunlaşmaya töhfə verir. Xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan genişmiqyaslı bərpa və quruculuq işləri Azərbaycan dövlətinin şəhərsalma sahəsində strateji baxışını və icra imkanlarını nümayiş etdirir.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Milli Məclisin deputatı qeyd edib ki, 2022-ci ildə Prezident İlham Əliyev Polşanın Katovitse şəhərində keçirilən Ümumdünya Şəhər Forumunun "Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək" mövzusunda 11-ci sessiyasında videoformatda çıxışı zamanı bu mühüm məqamı xüsusi qeyd etmişdi ki, Bakının və Azərbaycanın digər şəhərlərinin müasirləşdirilməsi və yenidən qurulması zamanı şəhərlərin inkişafı baxımından yeni imkanlar və təcrübə əldə etmişik. Ən gözəl şəhərlərdən biri hesab olunan Bakı misilsiz memarlığı, park və bulvarları ilə tarixi irs və müasirliyin ahəngliyini özündə birləşdirir.
Bu reallıq inkaredilməzdir ki, Bakı hər zaman gözəlliyi, müasirliklə qədimliyin vəhdətini yaratması ilə diqqətdədir. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra sabitliyin bərpası, normal iqtisadi mühitin yaradılması ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin sayının artmasına, Azərbaycanın böyük investisiyalar məkanına çevrilməsinə səbəb oldu. Tarixə "Əsrin müqaviləsi" kimi daxil olan neft sazişinin imzalanması artıq 30 ildən çoxdur ki, Azərbaycana iqtisadi və siyasi dvidentlər qazandırmaqdadır. Azərbaycanın yerləşdiyi coğrafi məkan da əlaqələrin inkişafında, yeni körpülərin qurulmasında əhəmiyyətli rol oynayır. Belə ki, Şərqlə Qərbin qovuşağında yerləşən Azərbaycan müxtəlif mədəniyyətləri, dinləri bir araya gətirərək tolerant, multikultural dəyərlərin inkişafına davamlı töhfələr verən ölkə kimi nüfuz qazanır. Azərbaycan hazırda dünyanın iqtisadi, siyasi, diplomatik, humanitar mərkəzinə çevrilib. Ölkəmizin beynəlxalq tədbirlər üçün ideal məkan kimi qəbul edilməsi bütün sahələrdə zəngin təcrübəyə malik olmasına, ən əsası sabit, təhlükəsiz ölkə kimi nüfuz qazanmasına əsaslanır. 1993-2003-cü illərdə yaradılan möhkəm təməl 2003-cü ildən bu günəgək islahatlar prosesinin dərinləşməsinə geniş imkanlar yaratdı. Dövlət başçısı İlham Əliyevin yeniliyə, təkmillşəməyə marağı atdığı hər addımında öz təsdiqini tapır. Azərbaycan beynəlxalq maliyyə qurumlarının hesabatlarında ən islahatçı ölkə kimi qərarlaşıb. Bu islahatlar ölkənin siyasi, iqtisadi qüdrətinin yüksəlməsini təmin etdiyi kimi, paytaxtımızın, şəhər və kəndlərimizin simasının dəyişilməsinə də töhfəsini verir. Dünyanın aparıcı dövlətlərinin, eyni zamanda, nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında paytaxt Bakımız füsünkar gözəlliyi ilə liderliyini qoruyur. Dünyanın "Ən yaşamalı şəhərlərinin" reytinq cədvəl və hesabatında yer alan şəhərlər arasında Bakının adının çəkilməsi Azərbaycanda həyata keçirilən sosial, iqtisadi inkişafın məntiqi nəticəsidir. Azərbaycan iqtisadi möcüzələr ölkəsi kimi nüfuz qazanıb. Eyni zamanda, Azərbaycan sivilizasiyalararası dialoq mərkəzi kimi tanınır. Azərbaycan daim yeniləşən, müasirləşən ölkədir. Təbii ki, bu inkişaf paytaxtdan başlayaraq bölgələri də əhatə edir. Prezident İlham Əliyevin imzaladığı sərəncamlar əsasında Bakı şəhərinin və onun qəsəbələrinin, həmçinin regionlarımızın sosial-iqtisadi inkişafına dair Dövlət proqramları təsdiqləndi. Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasında paytaxt və regionların tarazlı inkişafının təmin edilməsi və dayanıqlı məskunlaşmanın təşviqi, Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinə uyğunluqlar təsbit edilməklə, memarlıq və şəhərsalma fəaliyyətinin prioritet istiqamətləri olaraq müəyyənləşdirilib.
Vüqar Rəhimzadə vurğulayıb ki, dövlət başçısı İlham Əliyevin 2026-cı ilin Azərbaycanda "Şəhərsalma və Memarlıq İli" elan edilməsi ilə bağlı Sərəncamında vurğulandığı kimi, bu gün ölkə ərazisində dövlət tərəfindən mühafizə olunan müdafiə qalaları, karvansaralar, məscid, məbəd və türbələr milli memarlığın parlaq ənənələrini əks etdirir. Bədii-memarlıq həllinin kamilliyi baxımından iftixar hissi doğuran dünya əhəmiyyətli tarix və mədəniyyət abidələrindən Möminə xatun türbəsi, Xudafərin körpüsü, "Atəşgah" kompleksi və digər bu kimi misilsiz nümunələr Azərbaycanın memarlığının rəmzlərinə çevrilmişdir. UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş nadir sərvətlərimiz - qədim və orta əsrlərin şəhər mədəniyyətini özündə təcəssüm etdirən İçərişəhər və Şirvanşahlar sarayı kompleksi, əzəmətli ruhunu indiyədək qoruyan Qız Qalası, Şəkinin tarixi mərkəzi və Xan sarayı Azərbaycan şəhərsalma və memarlıq sənətinin dünya inciləri sırasında layiqli yer tutan yadigarlarıdır. 900 illiyi UNESCO çərçivəsində yubileyləri keçirilən böyük şəxsiyyətlər siyahısına daxil olunan qüdrətli sənətkar Əcəmi Naxçıvaninin Azərbaycan və Yaxın Şərq ölkələrinin orta əsrlər memarlığına güclü təsir göstərmiş yaradıcılığı dövrün memarlıq məktəbinin ən yüksək zirvəsidir. Azərbaycan şəhərlərinin planlaşdırma quruluşunda və memarlıq tərzində artıq XIX əsrin ortalarına doğru müəyyən dəyişikliklər öz əksini tapmışdır. Sürətlə sənayeləşən Bakı şəhəri Şərq və Qərb memarlığının sintezində qədimliklə müasirliyin vəhdətindəki təkrarsız görkəmini məhz həmin vaxtlardan almağa başlamışdır.
Millət vəkili bildirib ki, Bakının yeni simvolları və rəmzləri olan, adı dünya memarlıq inciləri ilə bir sırada çəkilən Heydər Əliyev Mərkəzi, "Alov qüllələri", "Ağ şəhər", "Bakı Kristal Sarayı", salınan yeni istirahət mərkəzləri və sair tikililər Azərbaycanın inkişaf dinamikasını göstərir. 2015-ci ildə ölkəmizin ev sahibliyi etdiyi Birinci Avropa Oyunlarına hazırlıq mərhələsində Böyük Olimpiya Stadionunun, Heydər Əliyev adına İdman Sarayının, Bakı Su İdman Sarayının, Bakı Atıcılıq Mərkəzi kimi obyektlərin açılması paytaxtımıza əlavə gözəllik bəxş etdi. Son illərdə dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə paytaxtımızda həyata keçirilən abadlıq-quruculuq işləri, şəhər sakinlərinin, qonaqların, turistlərin istirahəti üçün salınan parklar, qədim memarlıq abidələrinin bərpası və təmiri Bakını dünyanın ən gözəl şəhərlərindən birinə çevirib. Dövlət başçısı İlham Əliyev "Paytaxt Bakının tarixi simasını qorumaqla bərabər, biz onun infrastrukturunun yenidən qurulmasına və müasirləşdirilməsinə nail olmuşuq. Qeyd etmək lazımdır ki, Bakının və Azərbaycanın digər şəhərlərinin müasirləşdirilməsi və yenidən qurulması zamanı biz şəhərlərin inkişafı baxımından yeni imkanlar və təcrübə əldə etmişik. Ən gözəl şəhərlərdən biri hesab olunan Bakı misilsiz memarlığı, park və bulvarları ilə tarixi irs və müasirliyin ahəngliyini özündə birləşdirir" fikirləri ilə paytaxt Bakının keçdiyi inkişaf yolunun aydın mənzərəsini təqdim edir.
Əvvəldə də qeyd etdiyimiz kimi, bu gün paytaxt Bakı ilə yanaşı, hazırkı dövrdə əsas prioritet məsələ işğaldan azad edilmiş ərazilərimizin müasir tələblər səviyyəsində qurulmasıdır. Dövlət başçısı İlham Əliyevin Sərəncamı əsasında təsdiqlənən "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də qarşıdakı dövr üçün prioritetlər və onların icra mexanizmləri öz əksini tapıb. Böyük Qayıdışın qısa zamanda reallığa çevrilməsi, işğaldan azad edilmiş ərazilərdə müasir və abad yaşayış mühitinin formalaşdırılması üçün atılan addımlar sistemli xarakter daşıyır. Yeni yanaşmaların, müasir innovasiyaların tətbiq edildiyi bu ərazilərdə iqtisadi fəaliyyətin bərpası ölkəmizin dayanıqlı inkişafına dəstək olacaq. Prezident İlham Əliyev Xankəndi şəhərində keçirilən Üçüncü Azərbaycan Milli Şəhərsalma Forumunun iştirakçılarına müraciətində bu məqamı da xüsusi qeyd etmişdir ki, Qarabağ və Şərqi Zəngəzur regionlarında həyata keçirilən quruculuq prosesi təkcə şəhərsalma və infrastrukturun inkişafı deyil, regionda uzunmüddətli sülh və əməkdaşlığın qurulması baxımından xüsusi əhəmiyyət daşıyır. Həyata keçirilən məqsədyönlü layihələr, qurulan yeni əməkdaşlıqlar və formalaşan iqtisadi mühit yerli əhali üçün dayanıqlı yaşam imkanları yaradır və şəhərlərin dayanıqlı inkişafına xidmət edir.
Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycanın şəhərsalma sahəsində əldə etdiyi qabaqcıl təcrübə beynəlxalq ictimaiyyət tərəfindən böyük maraqla qarşılanır. Ölkəmiz iqlim dəyişmələri və şəhərsalma sahəsində qlobal çağırışların həllində və innovativ yanaşmaların formalaşmasında etibarlı tərəfdaş kimi tanınır. Bu sahədə beynəlxalq əməkdaşlıq, xüsusilə də BMT-nin Məskunlaşma Proqramı ilə birgə həyata keçirilən təşəbbüslər xüsusi önəm daşıyır. 2026-cı ildə dünyanın şəhərsalma sahəsində ən nüfuzlu tədbirlərindən olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Bakı şəhərində keçirilməsi qərarı Azərbaycanın beynəlxalq urbanizasiya proseslərinə verdiyi töhfənin və etibarlı tərəfdaş kimi qazandığı yüksək etimadın göstəricisidir. Bu mötəbər tədbir Azərbaycanın ümumdünya urbanizasiya proseslərində rolunu daha da gücləndirəcək, regionun dayanıqlı inkişafına və ümumilikdə qlobal urbanizasiya məqsədlərinə mühüm töhfə verəcək. Ağdam, Zəngilan və Xankəndi şəhərlərində keçirilən Azərbaycan Milli Şəhərsalma forumları Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına gedən yolda mühüm mərhələ kimi dəyərləndirilir. Dövlət başçısı İlham Əliyevin "Şəhərsalma və Memarlıq İli" ilə bağlı Sərəncamında da vurğulanır ki, BMT nin Məskunlaşma Proqramı ("UN-Habitat") ilə birgə təşəbbüslər və bu çərçivədə memarların bir araya gəldiyi milli şəhərsalma forumları Azərbaycanın beynəlxalq tərəfdaşlarla ortaq fəaliyyətinin uğurlu nümunəsidir. BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) 2026-cı ildə Bakı şəhərində keçirilməsi qərarı Azərbaycanın dayanıqlı şəhərsalma proseslərində artan rolunu göstərir.
Millət vəkili qısa təhlil əsasında bu ümumiləşdirməni aparıb ki, Azərbaycan hər sahədə təkmil təcrübəsi ilə dünyaya nümunədir. Hazırda böyük fəxr və inamla qeyd etdiyimiz reallıqlardan biri paytaxt Bakı ilə yanaşı, bölgələrimizin, o cümlədən işğaldan azad edilmiş ərazilərimizin müasir dövrün tələbləri əsasında yenidən qurulması ilə dünyanın diqqətində olmasıdır. Müxtəlif çağırışların, davamlı şəhərlərin qurulması ilə bağlı strategiyanın ölkəmizdə müzakirə edilməsinə, yeni əməkdaşlıq formatlarının yaradılmasına yol açan Forumların keçirilməsinə xüsusi önəm verilməsi Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunun göstəricisidir. "Şəhərsalma və Memarlıq İli" çərçivəsində keçiriləcək tədbirlər Azərbaycanın beynəlxalq təqdimatına yeni əlavələr edəcək.