Ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyası çox təhlükəlidir- ÖZƏL
11:22 SiyasətErmənistan-Azərbaycan münasibətlərində rəsmi dövlət əlaqələrinin qurulmasından kənar, ictimai və cəmiyyətlərarası münasibətlərin bərpası Azərbaycan xalqının milli mənafeləri və strateji hədəfləri baxımından təhlükəli bir yanaşmadır.
Azərbaycan üçün Ermənistanla ictimai və vətəndaş müharibəsinin bərpası bir neçə aspektdən çox təhlükəlidir. Ermənistan cəmiyyətində anti-Azərbaycan, anti-türk təbliğatı və nifrət hələ də milli düşüncə formasındadır və bunun zəif tarixi yaddaş və manipulyasiya riskindən yenidən hərbi-siyasi qarşıdurmaya çevrilməsi mümkündür.
İki dövlət arasındakı münasibətlərin dövlətlərarası diplomatiya çərçivəsində dövlətin strategiyası ilə uyğunlaşdırılır, amma vətəndaş və ictimai əlaqələrdə belə koordinasiya yoxdur, nəticədə, o cümlədən təhsil, sosial əlaqələr baxımından Azərbaycan üçün strateji maraqlara zidd təsirlər yarada bilər. Vətəndaş cəmiyyətlərinin əlaqələrinin təşəbbüs və layihələri separatçı və ya terror yönümlü ideyaların yayılması riski yaradır. Qısa və konkret desək, rəsmi diplomatiya Azərbaycanın strateji maraqlarını, milli təhlükəsizliyini qoruya bilər, amma qeyri-rəsmi, ictimai əlaqələr daha risklidir, çünki onların təsiri nəzarətsiz və manipulyasiyaya açıq qalır.
Əlbəttə ki, Ermənistan və Azərbaycan arasında münasibətlərin rəsmi diplomatik-siyasi və iqtisadi müstəvidə qurulması, Ermənistanın xarici qüvvələrin təsiri altında Azərbaycan və Türkiyəyə qarşı bir alət kimi istifadə olunmasının qarşısını almaq məqsədi baxımından doğru və rasional yanaşmadır.
Digər tərəfdən, Ermənistan-Azərbaycan münasibətləri yalnız o halda təbii məcraya düşə bilər ki, erməni cəmiyyəti revanşist düşüncədən, "soyqırım" mifindən və "Böyük Ermənistan" ideologiyasından tamamilə imtina etsin. Lakin açıq şəkildə qeyd etmək lazımdır ki, 2020-ci ildən sonrakı qısa dövr ərzində erməni təfəkkürünün köklü şəkildə dəyişməsi mümkün deyil. Bu cür ideoloji transformasiya üçün Ermənistan cəmiyyətinə uzunmüddətli bir proses zəruridir. Qısa müddətdə belə bir dəyişiklik baş verəcəyinə ümid etmək sadəlövhlük və özünü aldatmaqdır.
Ermənistanla siyasi-diplomatik və iqtisadi əlaqələrin qurulması, eyni zamanda Cənubi Qafqaz regionuna kənar müdaxilələrin qarşısının alınması üçün zəruri prosesidir.
Tarixi reallıq ondan ibarətdir ki, Ermənistan dövləti türk dünyasına qarşı, Cənubi Qafqazda Rusiya imperiyasının, rus təfəkkürünün və rus dövlətçiliyinin dayağı və forpostu kimi formalaşdırılıb. Yeri gəlmişkən, erməni faktoru bəzi Qərb və xristian dünyası, İran tərəfindən də Rusiya ilə paralel formada türk dünyasına koordinasiyalı şəkildə daimi təsir vasitəsi kimi istifadə olunub. Ermənistan bu funksiyalardan imtina edərsə, onun yaradılma missiyası faktiki olaraq sona çatmış olar. Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyanın elə özü çıxışlarından birində Qarabağ münaqişəsi-ermənilər uzun illər ərzində xarici dövlətlər tərəfindən regiona təsir və müdaxilə aləti kimi istifadə olunduğunu bildirib. Paşinyanın bu etirafı faktiki olaraq onu göstərir ki, ermənilər böyük güclərin regional siyasətində vasitə rolunu oynayıb.
Məhz bu səbəbdən Ermənistanın mövcud ideologiyadan tam şəkildə əl çəkəcəyi və düşüncə tərzini dəyişəcəyi inandırıcı görünmür. Çünki bu, Ermənistanın dövlət kimi tarixi-siyasi proseslərdə böyük güclər üçün gərəksizliyini və funksiyasızlığını ortaya qoyar.
Bu baxımdan Ermənistan və Azərbaycan arasında münasibətlərin rəsmi dövlət səviyyəsindən kənar, yəni cəmiyyətlərarası müstəvidə qurulması yeni problemlərin yaranmasını qaçılmaz edir. Odur ki, bu proseslər yalnız Azərbaycan dövlətinin müəyyən etdiyi siyasi xətt çərçivəsində həyata keçirilməli, xalqlar və cəmiyyətlər arasında əlaqələrin bərpası isə ciddi nəzarət altında və məhdudlaşdırıcı formada aparılmalıdır.
Bu gün Ermənistan üçün Azərbaycanla iqtisadi əlaqələrin qurulması - daşımalar, tranzit, enerji və digər təchizat sahələrində əməkdaşlıq - geosiyasi baxımdan Ermənistan üzərində xarici təsirlərin azaldılması məqsədi daşıya bilər. Həmçinin, nə qədər paradoksal səslənsə də, Ermənistan daxilində revanşist qüvvələrin və eləcə də Rusiya yönümlü mövqelərinin möhkəmlənməsinin qarşısını almaq baxımından da bu siyasət təsirli rol oynaya bilər. Bu kontekstdə Azərbaycan dövlətinin hazırkı siyasəti gələcək illərə hədəflənmiş strateji xətt, məsələn, siyasi-hərbi və iqtisadi asılılıq kimi nəticələrə hesablanmışdır.
Lakin bir daha vurğulamaq lazımdır ki, ideoloji və psixoloji baxımdan ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyası doğru deyil, çox təhlükəlidir və qəti şəkildə qarşısı alınmalıdır.
Vüqar Dadaşov
Siyasi şərhçi