Avropa İttifaqı Ermənistanı “tələyə salıb”
12:09 SiyasətAzərbaycanın sülh təşəbbüsünə qarşı çıxan, Cənubi Qafqazda mövqelərini möhkəmlətməyə çalışan qüvvələrin fəallaşması müşahidə olunur. Region dövlətlərdən Rusiya və İran, beynəlxalq aləmdən isə Avropa İttifaqı sülh prosesinin pozulması istiqamətində daha çox canfəşanlıq edir. Rusiya və İranın bu istiqamətdəki fəaliyyəti quru bəyənatdan o tərəfə keçməsə də Avropa İttifaqı Ermənistanı tələyə sala bilib. Belə ki, Brüssel şəhərində keçirilmiş Avropa İttifaqı (Aİ) və Ermənistan arasında Tərəfdaşlıq Şurasının VI iclasının nəticəsində "Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik" adlı sənəd imzalanıb. Sənəd postmünaqişə dövründə reallıqları təhrif edən və bütövlükdə Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə zidd olan bir sıra məsələləri özündə əks etdirir. Qarşıdakı 7 il müddətində Aİ ilə Ermənistan arasında strateji prioritetləri müəyyənləşdirən bu ikitərəfli sənəddə Azərbaycanı hədəfə alan məsələlərə yer ayrılıb. Sənəddə qalib ölkə olan Azərbaycan tərəfindən təqdim edilmiş reinteqrasiya planı tamamilə təhrif olunur. Ölkəmizi könülü olaraq tərk etmiş erməni sakinlərinə istinadən "Azərbaycanın hərbi əməliyyatlarından sonra köçkün düşmüş Qarabağ erməniləri" ifadəsi işlədilir ki, hazırki şəraitdə bu tamamilə yolverilməzdir. Çünki belə yanaşma Ermənistana miqrasiya etmiş insanların "qaçqın" statusunda qeyd edilməsinə gətirib çıxarır ki, bu da məsələyə kökündən qərəzli yanaşmadır. Bununla yanaşı, insanlıq əleyhinə cinayətlər və hərbi cinayətlər törətməkdə ittiham olunan və məhkum edilmiş erməniəsilli şəxslər "əsir" statusunda qeyd edilib. Göründüyü kimi Avropa İttifaqı ilə Ermənistan arasında imzalanan sənəddə postmünaqişə dövrünün reallıqları təhrif edilib.
Düzdür, sözügedən sənəddə sülh gündəliyinə zidd olan məsələlər öz əksini tapıb. Sənəddə yer alan və postmünaqişə reallıqlarını təhrif edən bütün müddəalar Azərbaycana qarşı qərəzin açıq-aydın nümunəsidir. Bu həqiqəti təkzib etməklə Avropa Birliyi növbəti dəfə riyakar və ikili standart mərkəzi olduğunu sübut edir. Belə münasibət Azərbaycan-Avropa İttifaqı münasibətlərinin perspektivlərinə mənfi təsir edir. Ancaq, bu prosesdə Ermənistan da "süddən çıxan ağ qaşıq" deyil. Belə ki, Ermənistan və Avropa İttifaqı arasında imzalanan Strateji Tərəfdaşlıq Gündəliyində əks olunan müddəlar bu ölkədəki revanşist qüvvələri ruhlandırıb. Xatırladaq ki, həmin strateji sənəddə Qarabağdan öz xoşu ilə getmiş ermənilər zorla qovulmuş, didərgin salınmış kimi təqdim olunur. Elə bu səbəbdən bir qrup revanşist və separatçı İrəvanda "Qarabağa dair" dinləmələr keçiriblər. Onlar "Qarabağın geri qaytarılması" və ermənilərin qayıdışı məsələsini müzakirə ediblər. Ümumiyyətlə, 2023-cü ilin sentyabrında Azərbaycan dövlətinin irəli sürdüyü reinteqrasiya planını qəbul etməyərək, könüllü şəkildə Ermənistana köçən ermənilər yenə də məkrli niyyətlərini davam etdirirlər. Eyni zamanda parlamentdə müxalif deputatların "artsax"ın əski parçası olan bayraqlarını görmək mümkündür. Ermənistanın baş naziri Nikol Paşinyan son aylarda bir neçə dəfə açıq şəkildə vurğulayıb ki, Qarabağdan öz xoşu ilə köçmüş ermənilərin Azərbaycana qayıtması məsələsini qabartmaq sülh prosesinə ciddi zərər vurur. Baş nazirin bu cür açıqlamasına rəğmən, erməni revanşistlərin fəallığı haqlı suallar doğurur.
Birmənalı şəkildə qeyd edilməlidir ki, sənəddə 8 avqust Vaşinqton sammiti zamanı normallaşma prosesi çərçivəsində əldə edilmiş və mühüm əhəmiyyət kəsb edən "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) layihəsinə bir dəfə belə istinad edilməməsi Ermənistanın maraqlarına uyğundur. Bu vəziyyət Ermənistanın Vaşinqtonda Baş nazirləri tərəfindən imzalanmış TRIPP sazişi çərçivəsində öhdəlikləri icra etmək niyyətinin ciddiliyinə şübhə yaradır. Aİ-nin bu layihəyə bəyan etdiyi dəstəyi barədə suallar yaradır. Əks halda, Azərbaycanla Ermənistan arasında paraflanmış saziş layihəsinin 7-ci maddəsində tərəflərin qarşılıqlı sərhəddə hər hansı üçüncü tərəfin qüvvələrini yerləşdirməməklə bağlı öhdəliyinin icrası istiqamətində real addımlar atılardı. Azərbaycana qarşı təbliğat vasitəsi kimi istifadə olunan Aİ-nin Ermənistandakı Müşahidə Missiyasının (EUMA) fəaliyyətinə xitam verilərdi. Fakt odur ki, Qarabağdan köçən ermənilər üzərindən Azərbaycana təzyiq etmək, hansısa formada ölkəmizə qarşı təhdid yolunu seçmək bəzi mərkəzlərin əlinə düşən fürsətdir. Ermənistan isə bu fürsətdən öz məqsədləri üçün maksimum dərəcədə yaralanmağa çalışır.
Alim