Paşinyanın "demokratiya" oyunu: Hakimiyyətin mənbəyi xalqdır, yoxsa Avropa İttifaqı? – ÖZƏL

"Hər bir xalq öz taleyini seçki yolu ilə müəyyən edir. Demokratiya anlayışı da məhz bundan qaynaqlanır. "Demokratiya" sözü yunan dilindən gəlir: demos - xalq, kratos - hakimiyyət deməkdir. Yəni demokratiya xalqın hakimiyyətidir. Hər bir xalq öz iradəsini azad seçkilər vasitəsilə ifadə etməli və özünə layiq bir dövlət qurmalıdır".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib. Siyasi şərhçi bildirib ki, bu gün təəssüf ki, dünya siyasətində elə bir situasiya yaranıb ki, bəzi xalqların müstəqil və azad seçki keçirmək hüquqları faktiki olaraq əlindən alınır. 2026-cı ildə Ermənistanda parlament seçkilərinin keçirilməsi nəzərdə tutulur və bu proses fonunda Ermənistan rəhbərliyi açıq şəkildə Avropa İttifaqından dəstək istəyir. Əgər bir dövlət öz xalqının iradəsinə uyğun seçki keçirə bilmirsə, bu artıq həmin xalqın suveren dövlət qurmaq hüququnun sual altına düşməsi deməkdir. Ümumilikdə Paşinyan Avropa İttifaqının dəstəyinə arxalanaraq yenidən hakimiyyətdə qalmaq niyyətindədir. Halbuki Ermənistan Konstitusiyasında açıq şəkildə göstərilir ki, hakimiyyətin mənbəyi xalqdır. Amma bu gün görünən odur ki, Paşinyan "hakimiyyətin mənbəyi xalqdır" prinsipinə deyil, "hakimiyyətin mənbəyi Avropa İttifaqıdır" prinsipinə uyğun hərəkət edir.

Bəs Ermənistan bu gün niyə Avropa İttifaqından dəstək istəyir? 

Çünki Paşinyan artıq xalq arasında öz dəstəyini və nüfuzunu itirib. Bu səbəbdən o, kənar qüvvələrdən siyasi, maliyyə və informasiya dəstəyi almağa çalışır. Aydındır ki, kim Ermənistanda keçiriləcək seçkilərə təsir edərsə və bu prosesə dəstək verərsə, nəticədə hakimiyyətdə də həmin qüvvənin dəstəklədiyi şəxs qalacaq. Bu isə o deməkdir ki, hakimiyyəti xalq yox, böyük güclər formalaşdırır.
Biz bunu bir çox ölkələrdə "demokratiya" adı altında həyata keçirilən "məxməri inqilablar" və dövlət çevrilişləri timsalında görmüşük. Demokratiya ideyası pərdəsi altında ayrı-ayrı dövlətlərin daxili işlərinə müdaxilə edilib və həmin ölkələrdə böyük güclərin maraqlarına uyğun hakimiyyətlər qurulub. Bu proseslərdə xüsusilə Soros Fondunun fəallığı ilə bağlı çoxsaylı nümunələr mövcuddur. Bu gün Paşinyan da hakimiyyətdə qalmaq üçün yenidən böyük güclərin, xüsusilə Avropa İttifaqının dəstəyinə ümid edir. Belə olan halda Paşinyan xalqın iradəsinə əsaslanan bir hakimiyyət formalaşdırmayacaq, Qərbin və Avropa İttifaqının iradəsi ilə formalaşmış bir hakimiyyət quracaq. Bu isə o deməkdir ki, gələcəkdə Paşinyan Ermənistan xalqının maraqlarına deyil, Avropa İttifaqının maraqlarına xidmət edəcək. Bu vəziyyət Ermənistan xalqının gələcəyi ilə bağlı ciddi suallar yaradır.

Ekspert əlavə edib ki, ümumiyyətlə, Ermənistan tarixən suveren siyasət yürüdən bir dövlət kimi çıxış etməyib. Həmişə böyük güclərin təsiri altında alətə çevrilərək onların maraqlarına xidmət edib. Bu baxımdan hesab edirəm ki, 2026-cı ildə Ermənistanda ciddi siyasi təlatüm yaşanacaq. Paşinyanın açıq şəkildə Avropa İttifaqından dəstək istəməsi onun xalq arasında nüfuzunu və etimadını itirdiyini açıq şəkildə göstərir.
Artıq bu gün Ermənistanda ciddi daxili qarşıdurmalar mövcuddur. Xüsusilə Paşinyan hakimiyyəti ilə Erməni Apostol Kilsəsi arasında açıq qarşıdurma yaşanır. Bildiyiniz kimi, Kilsə faktiki olaraq "dövlət içində dövlət" rolunu oynayır və həm iqtisadi, həm siyasi, həm də təsir baxımından böyük gücə malikdir. Paşinyan bu gücü neytrallaşdırmaq məqsədilə Kilsəyə qarşı kampaniyaya başlayıb və Kilsə rəhbərliyini zəiflətməyə çalışır. Bu da 2026-cı il seçkiləri ərəfəsində daxili rəqibləri sıradan çıxarmaq cəhdi kimi qiymətləndirilə bilər.

"Əgər Paşinyan eyni zamanda xaricdən - Avropa İttifaqı kimi böyük bir qurumdan siyasi, maliyyə və informasiya dəstəyi alarsa, bu, onun hakimiyyətdə qalmasını daha da asanlaşdıracaq. Amma bu halda bir daha sübut olunacaq ki, Ermənistanda hakimiyyət xalqın iradəsi ilə yox, böyük güclərin iradəsi ilə formalaşıb. Bu isə demokratiyadan uzaq bir modeldir.
Demokratiyanın mahiyyəti ondan ibarətdir ki, hakimiyyət xalqın iradəsi ilə müəyyən olunur. Qərbin və ya Avropa İttifaqının iradəsi ilə yox. Paşinyanın davranışları isə açıq şəkildə göstərir ki, o, xalq arasında reytinqini itirib və bu səbəbdən kənar qüvvələrin dəstəyinə ehtiyac duyur.
Əgər 2026-cı il seçkilərinə Qərbin və digər kənar qüvvələrin müdaxiləsi olarsa, bu seçkilər demokratik sayıla bilməz. Üstəlik, Paşinyan Avropa İttifaqının dəstəyi ilə hakimiyyətdə qalarsa, onun gələcək siyasəti də Avropa İttifaqının maraqlarına uyğun formalaşacaq. Bu isə Ermənistan-Azərbaycan arasında mümkün sülh sazişinə də birbaşa təsir göstərə bilər.
Avropa İttifaqı Cənubi Qafqazda öz maraqlarını həyata keçirmək üçün Ermənistan üzərindən Azərbaycana təzyiq mexanizmlərindən istifadə edə bilər. Azərbaycan regionun aparıcı dövləti olduğu üçün bu təzyiqlər məhz Ermənistan vasitəsilə həyata keçirilə bilər. Belə olan halda Ermənistan-Azərbaycan arasında sülh sazişinin imzalanması da sual altına düşə bilər," - deyə siyasi şərhçi vurğulayıb.

Ekspertin fikrincə, əgər Ermənistanda hakimiyyət Avropa İttifaqının iradəsi ilə formalaşacaqsa, bu nə demokratiyaya, nə də regionda sabitliyə xidmət edəcək. Hər bir xalq seçkisini müstəqil şəkildə, kənar təsirlərdən uzaq keçirməlidir. Paşinyanın Qərbdən, xüsusilə Avropa İttifaqından açıq şəkildə dəstək istəməsi isə onu göstərir ki, qarşıdakı seçkilərə kənar müdaxilə ehtimalı çox yüksəkdir.

Lamiyə Cəbrayılova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31