Bakıda Mustafa Kamal Atatürk anılır…

Bakıda Azəri-Türk Qadınlar Birliyinin, Azərbaycan Türkiyə Evinin təşkilatçılığı ilə "Atatürk və Türk milləti" mövzusunda beynəlxalq elmi konfrans  başlayıb. Tədbirə türk dövlətlərindən, türk toplumlarından, bütün türk dünyasından olan insanlar-elm adamları qatılıb.  Konfransı giriş sözü ilə açan birliyin sədri Tənzilə Rüstəmxanlı konfransı çoxdan planlaşdırdıqlarını  bildirib.  

Tədbirin təşkilində məqsədin Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün xatirəsini yad etmək olduğunu deyən T.Rüstəmxanlı konfransa türk dünyası ölkələrindən 17 nümayəndənin qatıldığını vurğuladı: "Atatürk nəinki Türkiyənin, həm də bütün türk dünyasının görkəmli şəxsiyyətlərindən biridir. Atatürk türk millətinin dəyəridir. Onun haqqında məlumatlı olmaq, onu anlamaq, dəyər vermək hər bir türkün borcudur. Atatürk yalnız Türkiyədə yaşayan türklərin deyil, bütün dünyada yaşayayan türklərin özünə milli dəyər qəbul etdiyi bir şəxsiyyət, böyük bir dövlət qurucusudur".  Atatürk Mərkəzinin rəhbəri, millət vəkili Nizami Cəfərov  Mustafa Kamal Atatürkün xatirəsini yad etməyin türk dünyası üçün önəmli məsələ olduğunu bildirib. Azərbaycanda Atatürk haqqında hələ ötən əsrin 20-ci illərindən çoxlu materiallar yazıldığını və onun qəhrəman kimi qiymətləndirildiyini deyən millət vəkili bu prosesin 1930-cu ilə qədər davam etdiyini bildirib: "1930-cu ilə qədər Azərbaycanda Atatürk haqqında yazılan bütün məlumatlar çox geniş şəkildə əhatə olunub. O, bir qəhrəman kimi qiymətləndirilib. Lakin 1930-cu illərin əvvəllərindən Atatürk haqqında ancaq mənfi fikirlər yazılıb. Bunun da əsas səbəbi Sovet Rusiyasının Atatürkün kommunist dövləti qurmayacağını anlaması olub. Bundan sonra 1950-ci qədər Atatürk haqqında ancaq mənfi yazılır. Bu sə analitik təfəkkürdən deyil,  konyukturadan qaynaqlanırdı. Hətta heç bir əsas olmadan tənqid olunur. 1950-ci ildən 80-ci ilə qədər isə Azərbaycanda Atatürk haqqında ancaq susulur. Heç nə deyilmir".  N.Cəfərov  xalq arasında Atatrükə hər zaman böyük hörmət olduğunu bildirib. Onun sözlərinə görə, Türkiyə Cümhuriyyəti Atatürkün sadəcə fəaliyyətinin nəicəsi deyil, həm də qəhrəmanlığının nəticəsidir: "Yəni milləti yüksəltməkdən ötrü bəzən millətin özü ilə də döyüşmək lazım gəlir. Bu təcrübə Azərbaycanda da olub".  2001-ci ildə Azərbaycanda Heydər Əliyevin təşəbbüsü ilə Atatürük Mərkəzinin yaradıldığını deyən millət vəkili Heydər Əliyevin bir dövlət qurucusu kimi Atatrükün keçirdiyi həyacanları  daha yaxşı dərk etdiyini bildirdi. Çünki o da bir dövlət başçısı, dövlət qurucusu idi. Millət vəkili bildirib ki, Atatürkə qarşı  Türkiyədə müxtəlif fikirlər olsa da, Azərbaycanda Atatürk birmənalı olaraq sevilir. Daha sonra Makedoniyadan tədbirə qatılan millət vəkili Erdoğan Sarıc "Atatürk və Balkan xalqları" mövzusunda çıxış edib. Bildirib ki, toplantı çox böyük əəhəmiyyət daşıyır: "Bizim partiya Atatrükün fikirlərindən qaynaqlanır və milli-mənəvi dəyərlərimizi, türkçülüyümüzü ayaqda tuta bilmək üçün mücadilə veririr. Makedoniya türkləri olaraq türk dünyasına iki böyük Kamalı verdiyimiz üçün çox sevincliyik. Biri Mustafa Kamal, ikincisi isə Yəhya Kamaldır. Birisi cümhuriyyətin qurucusu, digəri isə türkcəmizin məhək daşıdır".  Çin Xalq Respublikasından tədbirə qatılan Çin Radyo Universitetinin əməkdaşı, Uyğur türklərinin nümayəndəsi professor Rukiye Hacı "Çində Atatürkün təsiri" mövzusunda məruzə etdi. Bildirdi ki, Atatürk dünya barışının öncüsüdür. İnsanlar arasında din, irq ayrımı salmayan bir liderdir: "Mustafa Kamal Atatürük ruhu gücün digər bütün güclərdən üstün olduğunu sübut edən bir rəhbərdir".  Türkiyə millət vəkili Şenol Bal Atarükün əməllərinin əbədi olaraq türk millətinin düşüncəsində yaşayacağını bildirdi: "Atarük türk millətinin qüruruna güvənərək yola çıxan bir insandır. Türk dünyasının varlığını dünyaya qəbul etdirən bir diplomatdır. Atatürk dünyada yeganə sərvətinin türklük olduğunu deyən bir şəxsiyyətdir. O, türk milli kimliyinin adıdır". Millət vəkili bütün türk dünyasının türk mədəniyyəti ətrafında birləşməsini arzu etdiklərini vurğuladı. Tədbirin davamında türk dünyasının təmsilçiləri mövzu ətrafında çıxışlarını davam etdirdilər. Həmçinin Atatrüklə bağlı elan edilən yazı müsabiqəsinin qalibləri açıqlandı.

Aygün  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00