Aİ-Ermənistan sazişi: Sülhə zərbə, yoxsa yeni geosiyasi oyun? – ÖZƏL
12:51 SiyasətErmənistanın xarici işlər naziri Ararat Mirzoyan Aİ Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün Brüsseldə səfərdə olub. Dekabrın 2-də Ermənistanla Avropa İttifaqı arasında strateji tərəfdaşlıq gündəliyi imzalanıb. Rəsmi Bakı sənədə kəskin etiraz edərək onun postmünaqişə reallıqlarını təhrif etdiyini və Azərbaycan-Ermənistan sülh gündəliyinə zidd olduğunu bildirib. Azərbaycan XİN sənəddə Qarabağdan könüllü köç etmiş ermənilərin "qaçqın" kimi təqdim edilməsini, Aİ-nin Ermənistandakı Müşahidə Missiyasının (EUMA) prioritetləşdirilməsini, hərbi-müdafiə məsələlərinin vurğulanmasını və 8 avqust Vaşinqton sənədinə (TRIPP) istinad edilməməsini qərəzli yanaşma kimi qiymətləndirib. Aİ-nin Bakının etirazına hələlik münasibət bildirməməsi suallar doğurur.
Maraqlıdır, Aİ-Ermənistan strateji tərəfdaşlıq gündəliyi regionda yeni gərginlik riski yaradırmı? Aİ-nin bu qərəzli yanaşmasının arxasında hansı səbəblər və məqsədlər dayanır?
"Avropa Birliyi və onun bəzi strukturlarında rəhbər postlar tutan aparıcı təmsilçilər erməni lobbisinə xüsusi həssaslıqla yanaşırlar. Bunun əsas səbəblərindən biri odur ki, onların bir qismi rüşvət, korrupsiya və maraqlar toqquşması bataqlığına düşüb və erməni lobbisi bu siyasətçiləri maddi və siyasi təsirlər yolu ilə öz tərəfinə çəkməyi bacarıb. Nəticədə Avropa Birliyinin bir çox sənədləri rəsmi məqsəd və hədəflərindən kənara çıxaraq Azərbaycana qarşı qərəzli məzmun daşıyır".

Bu fikirləri mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. Siyasi şərhçi bildirib ki, Ermənistanla imzalanan son sənəd də bu baxımdan istisna olmadı. Avropa Birliyi bu dəfə də Ermənistanın mövqeyindən belə deyil, ondan da artıq "ermənipərəst" yanaşma sərgiləyərək, Azərbaycana qarşı qərəzli məzmunlu sənədi hazırlayıb Ermənistanla imzaladı. Bu isə onu göstərir ki, Avropa Birliyinin Azərbaycana münasibəti dəyişməyib və əksinə, bəzi hallarda daha açıq şəkildə ermənipərəst mövqedən çıxış edir.
"Digər tərəfdən, Avropa Birliyi Cənubi Qafqazda möhkəmlənməyə çalışır və Brüsseldə yaxşı anlayırlar ki, bu regiona yönəlik planlarını həyata keçirmək üçün Ermənistan onların əlində yeganə alət olaraq qalır. Çünki Avropa Birliyinin həm daxili institusional zəiflikləri, həm də real güc imkanları ilə bağlı ciddi problemləri mövcuddur. Eyni zamanda Azərbaycan da bir sıra geostrateji səbəblərə görə Avropa Birliyinin regionda fəallaşmasına imkan vermir," - deyə ekspert əlavə edib.
Siyasi şərhçi qeyd edib ki, məhz bu səbəbdən Avropa Birliyi üçün yeganə istinad nöqtəsi və geosiyasi alət Ermənistan olaraq qalır. Bütün bunları nəzərə alaraq demək olar ki, Avropa Birliyinin nə yaxın, nə də orta perspektivdə Azərbaycana münasibətinin dəyişəcəyi real görünmür. Bu qurum açıq şəkildə anti-Azərbaycan mövqeyindən çıxış etməkdə davam edəcək.
Lamiyə Cəbrayılova