“Ukraynanı Rusiyaya Qərb verdi” - AÇIQLAMA

Ərəstun Oruclu: “Məsələnin arxasında Rusiyanın bu ölkəyə güclü təzyiqləri dayanır”

"Şərq-Qərb" Araşdırmalar Mərkəzinin direktoru Ərəstun Oruclu Ukraynanın Avropa İttifaqı ilə "Şərq Tərəfdaşlığı" proqramına dair assosiativ sazişə imza atmaqdan imtina etməsi məsələsinə münasibət bildirib. Ukraynanın Aİ-nin "Şərq Tərəfdaşlığı" proqramından imtina etməsinin arxasında Rusiyanın təzyiqlərinin dayandığını deyən Ə.Oruclunun sözlərinə görə, məsələdə Rusiya və Qərb arasında müəyyən razılaşmanın əldə olunması da mümkündür. Politoloq hesab edir ki, Ukraynanın Avropa İttifaqından imtina etməsinin Azərbaycana da müəyyən qədər mənfi təsirləri olacaq: "Çünki Azərbaycan assosiativ sazişə imza atmaq istəsə təklənmiş vəziyyətdə qalacaq. Bir tərəfdən də bu, Ukraynanın daxili situasiyasının dəyişmək zərurətini ortaya qoyur. Artıq bununla əlaqədar etiraz aksiyaları başlayıb. Prezident Yanukoviç və baş nazir Azarova qarşı sərt ittihamlar irəli sürülür. Amma bu hələlik ilkin və emosional reaksiyadır. Ukraynanın müvafiq sazişə imza atması bu ölkəyə Qərbin güclü siyasi və iqtisadi dəstəyini də vəd edirdi. Rusiya isə belə bir dəstəyi vermək iqtidarında deyil. Rəsmi Kiyevin qərarı, özünü ən pis formada yaxın aylar, bəlkə də günlərdə göstərəcək". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00