Ural diasporuna "nəzarətli" namizəd: Bakıya qarşı "yumşaq təzyiqlər" davam edir – ÖZƏL

İyunda Rusiya İstintaq Komitəsi "etnik cinayətkar qrup" işi açıb. Uraldakı Azərbaycan icmasının uzun illər rəhbəri Şahin Şıxlinski saxlanılıb, ona bir neçə qətl və sui-qəsd ittihamları irəli sürülüb. Onun əvəzinə diaspora lideri kimi Vidadi Mustafayev də həbs olunub.
Mediada bildirilir ki, Uraldakı Azərbaycan diasporuna yeni namizəd Kərim Qasımovdur. 69 yaşlı Qasımov Rusiya Daxili İşlər Nazirliyinin istefada olan polkovnikidir və 2014-cü ildən "14 müqəddəs məscid" dini qurumuna rəhbərlik edir. O, gələn ilin yanvarın 5-də keçiriləcək qurultayda namizədliyini müzakirəyə çıxaracaq və azərbaycanlıların birliyi, Rusiya ilə dostluq münasibətlərini qorumaq platforması ilə çıxış edir.

Mövzu ilə bağlı siyasi şərhçi Şakir Ağayev Olaylar.az-a açıqlama verib: "Bu şəxsi tanımıram, haqqında geniş məlumatım yoxdur. Düşünürəm ki, Azərbaycanda mənim kimi onu tanımayan kifayət qədər insan var. Amma sözsüz ki, əgər bu şəxs hansısa hüquq-mühafizə orqanlarında çalışıbsa, biz onun müəyyən seçimlərə malik olduğunu ehtimal edə bilərik. Əgər onun namizədliyi müdafiə olunursa və Rusiya strukturları və ya başqa qurumlar tərəfindən dəstəklənirsə, o, həmin ölkədə diaspora rəhbəri ola bilər.
Bu isə təbii ki, diaspora rəhbərliyinin gələcək fəaliyyət xəttinə birbaşa təsir göstərə bilər. Belə bir vəziyyət Azərbaycan diasporasında müəyyən dəyişikliklərə səbəb ola, eləcə də Rusiyanın ayrı-ayrı hakimiyyət strukturları tərəfindən diasporaya nəzarətin güclənməsinə şərait yarada bilər. Nəticə etibarilə, bəzi kritik məqamlarda bu cür diaspora rəhbərləri Rusiyanın maraqlarına uyğun hərəkət edə, uyğun mövqelər səsləndirə bilərlər. Bu da diasporanın müdafiəsi və fəaliyyət istiqamətlərinin formalaşdırılmasında Rusiya maraqlarının önə çıxmasına gətirib çıxara bilər. Yəni, bu, düşünülmüş və nəzarətli bir addım kimi qiymətləndirilə bilər".

Azərbaycan diasporuna qarşı yenidən yaranan bu qarşıdurmanın səbəbi nədir?

Azərbaycan-Rusiya münasibətləri hələ tam normallaşmayıb. Bu münasibətlərin tam sağlam müstəviyə keçməsi üçün Rusiya tərəfindən yerinə yetirilməli olan müəyyən şərtlər var və bu şərtlərin icrası gecikir. Məhz buna görə də əvvəlki qədər sərt olmasa da, müəyyən təzyiq elementləri hələ də qalmaqdadır. Bu təzyiqlərin məqsədi Azərbaycan tərəfinin müəyyən məsələlərdə daha yumşaq mövqe tutmasına nail olmaqdır. Lakin bir məqam aydındır: Azərbaycan Rusiya ilə yalnız Azərbaycanın milli maraqlarını qoruyan və bu maraqları üstün tutan məsələlərdə əməkdaşlığı məqbul sayır. Azərbaycan bu yanaşma ilə Rusiyanın maraqlarına toxunmur, onları zədələmir, sadəcə öz maraqlarını müdafiə edir. Məhz buna görə də münasibətlər tam normallaşana qədər müəyyən qarşıdurmalar və təzyiq elementləri dövri xarakter daşıya bilər. Doğrudur, bu təzyiqlər əvvəlki kimi kəskin formada deyil. Məsələn, Şıxlinski ilə bağlı baş verən son proseslər bunu göstərir. Yaxın vaxtlarda, səhv etmirəmsə, Voronejdə kriminal aləmə aid bir şəxsin Rusiya mətbuatının yaydığı məlumata görə saxlanılması da buna nümunədir.
Mən hesab etmirəm ki, bu cür hallar ciddi və həlledici təsir göstərəcək. Amma müəyyən formada, daha yumşaq səviyyədə təzyiqlər münasibətlər tam normallaşana qədər davam edə bilər. Ən azı, tərəflər arasında münasibətlər normal məcraya düşənə qədər bu proseslərin şahidi ola bilərik.
Rusiya anlamalıdır ki, Azərbaycanla münasibətlərin gələcəyi Rusiyanın atacağı addımlardan asılı olacaq. Rusiya üçün aydın olmalıdır ki, Azərbaycanla münasibətləri təzyiq dili ilə deyil, qarşılıqlı maraqlara hörmət, bir-birinin hüquqlarını nəzərə almaq prinsipi əsasında normallaşdırmaq mümkündür. Yalnız bu müstəvidə Azərbaycan-Rusiya münasibətlərini strateji və qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq səviyyəsinə çıxarmaq olar.

Lamiyə Cəbrayılova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31