Ermənistanın qeyri konstruktiv mövqeyi - 47 nəticəsiz görüş

Ermənistanın qeyri-konstruktiv mövqeyi danışıqlar prosesini “danışıqlar naminə danışıqlar” mərhələsinə keçirib

Noyabr ayının 19-da Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü baş tutdu. Görüş barədə açıqlama verilməsə də əslində görüşdə nələrin müzakirə edildiyini və hansı razılığın əldə olunduğunu proqnozlaşdırmaq o qədər də çətin deyil. Əlbəttə ki əsas müzakirə obyekti Dağlıq Qarabağ münaqişəsinin nizamlama salınması məsələsidir. Görüşdən sonra diqqət çəkəcək bir razılığı əldə olunmaması göstərir ki, Ermənistan tərəfi yenə də öz qeyri-konstrultiv mövqeyindən əl çəkməyib. Ermənisatnın qeyri-konstruktiv mövqeyi isə Azərbaycanı heç vaxt öz haqlı mövqeyindən çəkindirə bilməyəcək. Azərbaycan prezidenti cənab İlham Əliyev dəfələrlə öz çıxışlarında bəyan edir ki, Azərbaycan bir qarış torpağını belə heç bir dövlətə güzəştə getməyəcək. Azərbaycanın münaqişənin nizama salınması prosesində əsas hədəfi sülh yoludur. Azərbaycan münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır. Lakin bu o demək deyil ki, Azərbaycan tərəfi müharibəni inkar edir. Danışıqlar prosesi tükənəcəyi halda Azərbaycan alternativ yola - müharibəyə əl atacaqdır. İndiki məqamda isə münaqişənin həlli hələ də danışıqlar prosesi çərçivəsində davam edir. Əslində bu danışıqlar prosesinin uzanmasının və heç bir nəticə verməməsinin əsas səbəbkarı da işğalçı Ermənistan dövlətidir. Danışıqlar prosesinin bu cür davam etməsi işğalçı tərəfin maraqları çərçivəsindədir.

Bu danışıqlar nə vaxta kimi uzanacaq?! Ermənistan dövlətinin qeyri-konstruktiv mövqeyi danışıqlar prosesini artıq "danışıqlar naminə danışıqlar" mərhələsinə keçirib. Qeyd edək ki, sonuncu keçirilən görüş Azərbaycan və Ermənistan prezidentləri arasında keçirilən sayca 47-ci görüş idi.  Prezidentlər görüşür və dəyişiklik yalnız ondan ibarətdir ki, prezidentlər arasında keçirilən görüşlərin sayı artır, kəmiyyət dəyişir, keyfiyyət isə...

Ermənistan tərəfinin qeyri-konstruktiv mövqe nümayiş etdirməsi prezidentlərin nəticəsiz danışıqlarını nə vaxta qədər uzadacaq?!

Prezidentlərin görüşü ilə bağlı fikirlərini bildirən siyasi elmlər doktoru, politoloq Elman Nəsirovun sözlərinə görə, 2 illik fasiələdən sonra keçirilən görüş konfidensial xarakter daşıyır. Görüşün nəticələri haqqında, görüşdə konkret hansı məsələlərin müzakirə olunduğu haqqında, hansı məsələlərlə bağlı ortaq məxrəcə gəlindiyi və hansı məsələlərdə ciddi fikir ayrılığının olması ilə bağlı heç bir məlumat verilməyib. Yalnız Ermənistan prezidenti Serj Sarkisyanın jurnalistlərin suallarına ötəri cavabından bəllidir ki, danışıqlar normal keçib. Bundan başqa görüşlə bağlı əlavə şərh yoxdur. Görüşün nəticələri ilə bağlı yeganə əlimizdə olan  ATƏT-in həmsədrlərinin bəyanatıdır.

Politoloq görüşün nəticələri ilə bağlı ATƏT-in həmsədrlərinin bəyanatında diqqətçəkən məqamları xatırladıb: "Həmin bəyanatda bir sıra məqam diqqəti cəlb edir. Birincisi, Ermənistan və Azərbaycan prezidentlərinin bu danışıqlarla bağlı mövqeyinə aydınlıq gətirilir. Mövqe ondan ibarətdir ki, tərəflər danışıqlar prosesinə impulslar verməkdə maraqlı olduqlarını bildirirlər. Yəni danışıqlar prosesində intensivliyin qorunub saxlanması hər iki tərəfin maraqları çərçivəsindədir. İkinci məqam onunla bağlıdır ki, qarşıdakı aylarda Ermənistan və Azərbaycan prezidentlərinin növbəti görüşlərinin keçirilməsi barədə prinsipial razılıq əldə olundu. Nəzərə alsaq ki, təxminən iki il müddətində danışıqlar yox idi və yenidən danışıqların keçirilməsi üçün razılığın əldə olunması pozitiv hal kimi qeyd oluna bilər".

"Növbəti məlum olan odur ki, bu görüşlərə intensivlik vermək naminə dekabrın 5-6-da ATƏT-in Xarici İşlər Nazirləri Şurasının Kiyevdə keçiriləcək yığıncağı çərçivəsində Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünün keçirilməsi nəzərdə tutulub" deyə politoloq fikirlərini ifadə edib.

Politoloq Elman Nəsirov: "Bu görüşdə hansı razılaşmalar əldə olundu? Sülh prosesi ilə bağlı nələrə nail olundu? Kimi suallara cavab vermək çətindir. Məlum olan odur ki, müzakirə masasında yenə də 2009-cu ildə Afinada irəli sürülmüş Madrid prinsipləridir. Bu prinsiplər çərçivəsində hansı məsələlərdə razılıq əldə olundu-olunmadı məlum deyil. Yeganə ümidverici hal odur ki, prezidentlər növbəti görüşün keçirilməsi barədə də razılıq veriblər".

Ermənistan və Azərbaycan prezidentlərinin görüşü beynəlxalq ekspertlər tərəfindən müsbət qiymətləndirilib və sülhə doğru atılmış bir addımm kimi dəyərləndirilib. Avropa İttifaqının xarici məsələlər üzrə nümayəndəi Ketrin Eşton da görüş barədə bəyanatla çıxış edib və bildirib ki, Avropa Birliyi Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla həlli istiqamətində yeni səylərə və ATƏT-in Minsk Qrupunun dəstəyi ilə etimad tədbirlərinin həyata keçirilməsinə töhfə verməyə hazırdır.

Sadəcə dildə xoş səslənən sülh prosesi, danışıqlar prosesi artıq heç bir nəticə vermir. 20 ildən çoxdur ki, torpaqlarımızın düşmən tapdaqları altında əzilməsinə dözürük. İşğalçı Ermənistan dövlətinin öz işğalçılıq siyasətindən əl çəkməməsi "danışıqlar naminə danışıqlar" mərhələsini hələ çox uzadacaq!!! Artıq prezidentlər arasında 48-ci görüşün keçirilməsi barədə də razılıq əldə olunub. 48-ci görüş barədə də müsbət fikir söyləmək çətindir. Bu məqamda məsələyə optimist yanaşaraq 48-ci görüşdə prezidentlər arasında münaqişənin nizamlanması yolunda yeni mıərhələnin açılacağına ümid etmək qalır.

Sevda Qurbanqızı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00