“Bərzaninin Azərbaycan iddiasının arxasında Qərb dayanır”
Zərdüşt Əlizadə: “Kürd liderinin Azərbaycanın ən biliksiz müəllimi qədər ağlı yoxdur”
21 Noyabr 2013 15:58 SiyasətMəsud Brəzaninin rəhbərlik etdiyi Kürdüstan Demokratik Partiyası Azərbaycanın əksər şəhərlərini "Böyük Kürdüstan" xəritəsinə salıb. KDP-nın rəsmi "facebook" səhifəsində yayılan xəritədə bütün Qərbi Azərbaycan əyaləti, Şərqi Azərbaycanın bir sıra şəhərləri, azərbaycanlılar yaşayan Bicar, Gürvə, Sonqur şəhərləri, Həmədan əyaləti, Naxçıvan və bir sıra başqa şəhərlər daxil edilib. Məsələyə münasibət bildirən politoloq Zərdüşt Əlizadə hesab edir ki, Məsud Bərzaninin Azərbaycanın ən biliksiz kənd müəllimi səviyyəsində ağlı yoxdur. Z.Əlizadə bildirdi ki, Bərzani heç bir dövlət tərəfindən tanınmayan Azərbaycanın dostu olan İraqın Şimalında yaratdığı muxtar "respublika"nın seperatçı lideridir. Kürdlərin regionda mədəni, iqtisadi hüquqlarının tanınması üçün mübarizə apardıqlarını deyən politoloq vurğulayıb ki, amma heç bir ölkə onların Yaxın Şərqdə yaratdığı seperatçı "dövlət"ini tanımır: "Beynəlxalq qanunvericiliyə əsasən kürdlərin Azərbaycana qarşı ərazi iddia irəli sürməsi cəfəngiyyatdır. 20 ildən çoxdur ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Amma dünya ictimaiyyəti hələ də həmin ərazilərin Ermənistana ilhaq edilməsi tələbini tanımır. Əvvəl-axır biz həmin torpaqları qaytaracağıq. Buna görə də Məsud Bərzaninin iddialarına ciddi yanaşmaq lazım deyil. Bərzaninin iddialarının arxasında müəyyən xarici qüvvələr dayanır. Seperatçı qüvvələrin arxasında həmin dövlətlərdə marağı olan ölkələr durur. Vaxtilə Səddam Hüseyn kürdləri sıxışdırırdı. Ona görə də əl-qol aça bilmirdilər. Amma indiki məqamda kürdlərin arxasında Qərb dayanır. İraq da zəiflədiyi üçün seperatçı kürdlər Bağdadı tanımırlar". ("OLAYLAR" İA)