Monarxiyanın əsasları

Birinci hissə : https://olaylar.az/news/siyaset/614985

İkinci hissə : https://olaylar.az/news/siyaset/615267

   
Üçüncü  yazı

Ənənə və hakimiyyət məsələsi

Hakimiyyətin strukturunda, formasında məzmun olaraq ənənə var. Ənənə həm prosedur formasıdır, həm də bir məzmundur, mahiyyətdir.  Xalqın, cəmiuyyətin ruhunu dövlət idarəçiliyinə hopdurandır. Dövlətin ictimai və siyasi münasibətlər forması həm də ənənə ilə dərk olunur. Çünki burada dəyərlər yer alır. Məhz ənənə dövləti və onun hakimiyyətini dəyərli edir. Meritokratiya (bilik və bacarıqlara əsaslanaraq həyata keçirilən idarə üsulu-ləyaqətli hakimiyyət)  ənənəyə uyğun, ruha münasib olaraq təşkil olunan dövlət idarəçiliyində daha faydalıdır. 

24 avqust 2017-ci ildə qəbul edilən Tailand Krallığının Konstitusiyasında (Birinci başlıq. Əsas Müddəalar. Maddə 2) yazılır ki,  Kralın dövlət başçısı  olaraq idarəçiliyi ilə demokratik rejimi qəbul edir. Ali hakimiyyət tay xalqına mənsubdur. Kral dövlət başçısı qismində bu hakimiyyəti Milli yığıncaq, nazirlər Şurası, və məhkəmələrlə birlikdə Konstitusiyanın mövcud əsaslarına müvafiq olaraq həyata keçirir. Milli yığıncağın, nazirlər Şurasının, məhkəmələrin, konstitusiya təşkilatlarının və dövlət orqanlarının  səlahiyyətləri qanunun aliliyinə uyğun olaraq həyata keçirilir.

İspaniya Krallığının 27 dekabr 1978-ci il tarixli Konstitusiyasında yazılır ki, (Maddə 1.1) İspaniya hüquqi, sosial və  demokratik dövlət kimi qurulur, hansı ki, siyasi plüralizm, ədalət, bərabərlik, azadlıq kimi hüquqi tənzimləmənin ali dəyərlərini bəyan edir. (Maddə 1. 2) Milli suverenlik ispan xalqına məxsusdur, hansı ki, dövlətin səlahiyyətləri ondan  gəlir. (Maddə 1.3) İspan dövlətinin siyasi forması parlamentar monarxiyadır. Konstitusiyanın İkinci bölməsi Taxt-tac haqqındadır. 56-cı maddənin birinci bəndində yazılır ki, kral dövlətin başçısıdır, onun birliyinin və daimiliyinin simvoludur; o-dövlət institutlarının düzgün funksiya göstərməsinin zəmanətçisi və arbitridir- İspan dövlətinin beynəlxalq münasibətlərdə, məxsusi olaraq o xalqlarla münasibətlərdə ki, hansılarla dövləti tarixi ümimilik bağlayır,  ali nümayəndəsidir və Konstitusiya və qanunlarla ona verilmiş funksiyanı yerinı yetirir. Həmin maddənin ikinci bəndində qeyd olunur ki, Onun titulu İspaniya Kralıdır, Taxt-taca aid olan digər titullardan da istifadə edə bilər.  57-ci maddəyə əsasən, İspaniya Tacı Əlahəzrət Don Xuan Karlos I de Burbona, tarixi sülalanin  qanuni davamçısına irsən olaraq miras qalır.        Qeyd: tarixşünaslıq  yazır ki, İspaniyada monarxiya XV əsrin sonu XVI əsrin əvvəllərində formalaşıb. Ölkə tarixində iki dəfə respublika qurulub: Birinci Respublika 1873-1874-cü illərdə, İkinci Respublika 1931-1939-cu illərdə qurulub.  Belə dövləri ölkə  tarixində bəzən "Çarlıqarası dövrlər" kimi adalndırırlar.

Hər bir cəmiyyətin özünün adətləri əks etdirən  ənənəsi mövcuddur. Ənənə vərdişləri, yerinə yetirilən adətlər  sosial və siyasi davranışların məcmusu kimi başa düşülə bilir. Dövlət cəmiyyət üzərində bərqərar olur, mənbəyini cəmiyətdən götürür.   Əxlaq cəmiyyətdən siyasi sistemə daşınır. Çünki siyasətin subyektləri elə cəmiyyətin üzvləridir. Onlar ənənəvi ruhun siyasi sistemin aparatlarına daşınması funksiyasını yerinə yetirirlər.  "Nüfuzlu başa keçməlidir", "Hörmətli şəxs başda oturmalıdır", kimi düşüncələr və adətlər  patriarxal cəmiyyətlərdə hakimdir. Azərbaycanda da patriarxal cəmiyyətdir və ağsaqqallara hörmət mövcuddur. Bunu dövlətdə daha çox təmsil olunan yaşlı şəxslərin hakimiyyəti ilə qarışdırmaq düzgün olmaz.  

Hakimiyyətin irsən (sülalə daxili nümayəndələrdən)  ötürülməsi şəxsin üzərində  ənənəvi məsuliyyətin  qoyulması deməkdir. İrsi, nəsil tərbiyəsini şərtləndirir.   Bu gün siyasətin çəkisi o qədər artıb ki, artıq br şəxsin mütləq hakimiyyəti qeyri-mümkün hala çevrilir. Konstitusiyalı (Parlamentar) monarxiyalarda dövlətin rəhbəri həm də rəmzi bir  məna kəsb edir. Monarxiya özünün köhnə məzmununu itirib və yeni, müasir demokratiyaya təkamül edib.  Demək mümkünsə, bu idarəçilikdə dövlətin başçısı olan monarx səlahiyyətləri baxımından xalqın ümumi məclisinə  transformasiya edib. Yəni, monarx öz idarəçiliyini və təmsilçiliyini, vəkilliyini xalqla birlikdə həyata keçirir. Xalqın demokratiyası, iradəsi Məclisdə daha geniş şəkildə ifadə olunur.

Konstitusiyalı monarxiylarda ənənəvi xassələrin cəmləşdiyi parlament (xalq və dövlət məclisi) siyasətin mərkəzində qərarlaşır. Siyasi proseslərdə çəkisi böyükdür. Dövlətin ümumi siyasətinin mahiyyətini, formasını və strukturunu müəyyənləşdirir.

Qeyd: belə hesab etmək olar ki, xalqın hakimiyyəti, yəni demokratiya, bu yöndə azad seçki, sərbəstlik, hakimiyyət qollarının sərbəst seçim ilə formalaşdırılması, siyasi təşkilatlanma, hakimiyyət qollarında siyasi, ictimai, sosial və mədəni hüquqların təminatı daha çox konstitusiyalı monarxiyalarda bərqərar olur. Dövlətin başçısı dövlət bütövlüyünün, xalq vəhdətinin təmsilçisi rolunu  oynayır. Monarx ölkə daxilində və beynəlxalq aləmdə xalqın baş vəkilidir, ali təmsilçidir, yüksək şərəfli nümayəndəsidir.   O, "Ümumxalq Məclisi" ilə birlikdə irsi dövlətçiliyə cavabdehdir.  Bu məsuliyyəti gələcək irslə, ailə üzvləri ilə birlikdə bölüşür. Bu yöndə sülaləyə ümumxalq nəzarəti mexanizmisi formalaşır. Monarx  cari taktiki məsələlərdən, cari icradan  uzaqdır, kənardadır. "Ağır otur, batman gəlsin",-dövlət başçısı cari məsələlər reaksiya vermir. Bu işlə hakimiyyət qolları məşğuldur. Hakimiyyət qolları seçki və təyinat yolu ilə formalaşır. Dövlət başçısı (monarx-kral, sultan, imperator və s.) daha çox təqdimatların (qanunların, mühüm dövləti vəzifəyə namizədliyi irəli sürülən şəxslərin) təsdiqi ilə məşğul olur. Özü də hakimiyyət qollarına təqdimatlar irəli sürür. 

Qeyd: Azərbaycanda (Qərbi Xəzər Türk Dövlətində)  gələcəkdə Konstitusiyalı monarxiya idarəetmə formasına keçidlər edilərsə, demokratik ənənənin formalaşdığı, kollektivin mərkəzləşdiyi "Ümumxalq Məclisi"nin ("Konstitusiya Məclisi"nin)  funksiyalarını böyütmək, genişləndirmək  məqsədəuyğun olar. Bu genişlənmə həm tərkib formasında, yəni yığıncaq üzvlərinin sayının artması ilə, həm də səlahiyyətlərin artrılması yolu ilə   həyata keçirilə bilər. Məclis həm Qanunverici Palatadan, həm də İctimai Palatadan ibarət olmaqla iki hissədən təşkil oluna bilər. Qanunverici Palata üst qurum, yaxud da alt qurum olmaqla ardıcıl, daimi fəaliyyət göstərən hissə, toplantı funksiyasını yerinə yetirə bilər.  İctimai Palata isə ildə yalnız bir neçə dəfə toplana bilər.  İctimai Palata yalnız Qanunverici Palata ilə birlikdə toplandıqda yığıncaq Ümumxalq yığıncağı səlahiyyətini və stattusunu ala bilər.  "Ümumxalq Məclisi"nin Rəyasət Heyəti formalaşa bilır. Məclisin hər iki palatasının ümumi yığıncağı qlobal və taleyüklü məsələlərə (müharibə, sülh, amnistiya, dövlət rəmzləri, atributları, beynəlxalq hərbi və sülh əməliyyatlarında iştirak, ali dövlət mükafatlarının verilməsi, uzun müddətli dövlət proqramları  və s.)   baxa bilər. Konstitusiya Məclisində təqdimatlar, təsdiqlər, təyinatlar, etimadlar, təlimatlar,  müəyyənliklər müzakirələr, diskussiyalar, debatlar  və qərarların qəbulu yolu ilə həyata keçirilə bilər. Ümumxalq Məclisi başlıca olaraq dövlət siyasətini müəyyən edən ana xəttə və mərkəzə çevrilə bilər.   Dövlət proqramlarının qəbulu və icrasına nəzarət, həmçinin hesabatlar burada dinlənilə bilər. Konstitusiya Məclisi siyasətin "qaynadığı mərkəz" rolunu oynaya bilər.  Kral və onun ailə üzvləri, irsi davamçıları ənənəyə uyğun olaraq  xalq qarşısında məsuliyyət daşıyır və burada Ümumxalq Məclisi xalqı təmsil edən tərəf kimi çıxış edir. Konstitusiya Məclisi (Ümumxalq Məclisi) namizəd şəxsi, irsi davamçını,   dövlət başçısı kimi təsdiq edir. Bu barədə xalqa və beynəlxalq aləmə bəyan edir. Kral ənənəyə uyğun olaraq Ümumxalq Məclisində and içir. Məclis krala etimad göstərilməsi və etimadsızlıq məsələsini həll edir. "Ümumxalq Məclisi"nin rəhbəri monarxdır. Onun müavini ən yaxşı halda Konstitusiya Məhkəməsinin  sədridir. Çünki "Ümumxalq Məclisi" əslində "Konstitusiya Məclisi"dir. Məclsinin rəhbəri ona görə dövlət rəhbəri olmalıdır ki, burada Məclis xalqın ümumi bütövlüyünün təcəssümüdür. Məclisin səlahiyyəti monarxın səlahiyyətinə bərabər tutulur. Monarx öz səlahiyyətlərini xalqın ümumi iradəsninin təcəssümü olan Məclisdən götürür. Məclis xalqın təmsil olunduğu ən geniş ictimai və siyasi arena rolunu oynayır. Dövlətin taleyi  Məclisdə həll olunur. Məclsinin ali nümayəndəsi dövlət başçısıdır. O, xalq önündə Məclis vasitəsilə məsuliyyət daşıyır. 

Qeyd: Konstitusiya Məhkəməsinin Sədri Ümumxalq Məclisinin qərarlarına veto qoymaq səlahiyyətlərinə malik olur. Qərar Konstitusiya ilə ziddiyyət təşkil etdikdə, Konstitusiya Məhkəməsində baxılır.  Belə qəbul etmək olar ki, Ümumxalq Məclisinin İctimai Palatası ayrıca fəaliyyət göstərmir. Sədri olmur.  O, Qanunverici Palata ilə birlikdə Ümumxalq Məclisini təşkil edir. Hər iki Palatadan ibarət Rəyasət Heyəti təşkil olunur. Yığıncaq, toplantı zamanı dövlət başçısı Ümumxalq Məclisinin Sədri olur. Belə məntiqi nəticə çıxarmaq olur ki, İctimai Palatanın birbaşa və dolayı rəhbəri Rəyasət Heyətinin Sədri olan dövlət başçısı olur. Hökumətin nazirləri,  dövlət şirkətlərinin, digər mühüm dövlət qurumlarının nümayəndələri İctimai Palatanın üzvləridirlər.  İctimai Palata çox geniş tərkiblidir. Bir şəxs eyni zamanda həm Qanunverici, həm də İctimai Palatanın üzvü ola bilmir. Məhkəmələr də İctimai Palatada təmsil olunurlar.

Qeyd:  Azərbaycanda (Qərbi Xəzər Türk Dövlətində)  respublika idarəetmə forması (quruluşu) tarixə qovuşmalıdır. Çünki xalqın ruhuna tam uyğun gələn Konstitusiyalı Parlamentli (Ümumxalq Məclisli) Monarxiya idarəçilik quruluşu daha əlverişli siyasi metoddur. Sürətli inkişafın əsasıdır.  Ölkədə prezidentlik institutu ləğv olunmalı, dövlət başçısının aktiv və cari icra hakimiyyəti səlahiyyətləri məhdudlaşdırılmalıdır.

Monarxiyalarda dövlət başçıları  elmin, ədəbiyyatın və incəsənətin, idmanın, ümumiyyətlə mədəniyyətin himayəçisidir.  Məsələn, 1980-cı ildən bəri hər il  İspaniya kralı tərəfindən indiki adı "Premios Princesa De Asturias" olan beynəlxalq mükafat verilir. Bu mükafat elmdə (texniki elmlərdə), ictimai və humanitar elmlərdə,  incəsənətdə, ədəbiyyatda,  idmanda və beynəlxalq əməkdaşlıqda, "Razılıqda" mühüm nailiyyətlər əldə etmiş şəxslərə təqdim olunur.

Ənənə ilə xalqın hakimiyyəti, yəni demokratiya birləşdikdə sağlam ruhlu dövlət idarəçilik forması və quruluşu meydana gəlir. Dövlət xalqın özünə doğma gəlir.  Ənənə dəyərdir, mühüm köklərə malikdir. Özündə mədəniyyəti və vərdişləri əks etdirir. Məsələn, Şərq cəmiyyətlərində "Ağsaqqallıq institutları" var. Yaşlıya hörmət, böyüyə hörmət, yaşlı insanlara qulluq, xidmət etmək amili yaşanır. Ağsaqqalın, ağbirçəyin sözü keçərli olur. Cəmiyyətdə hörmətlə qarşılanır və nüfuz sahibi olurlar.  Dövlət başçısı ənənəvi, ictimai liderdir. Sözükeçən rəhbərdir. İctimai və siyasi portreti olan şəxsdir. İctimai və siyasi xadimdir. Bu baxımdan da haradasa,  Ağsaqqallıq İnstitutu ilə oxşar  mahiyyət  kəsb edir. Ölkənin başçısı kral, monarx, şah, sultan və bu kimi adlı və statuslu rəhbərlər xalqın rəhbərləri, cəmiyyətin ağsaqqalları hesab oluna bilirlər. Siyasət sahələri ilə  cəmiyyətin vəhdəti onu deməyə əsas verir ki, dövlət rəhbəri cəmiyyətin nüfuzlu şəxslərinə çevrilirlər. Onlar bu nüfuzdan istifadə edərək öz xalqlarına sədaqətlə xidmət edirlər və vicdanla xidmət göstərəcəkləri barədə and da içirlər. 

Siyasi sistem, dövlət idarəçiliyi xalqın, millətin, regionun ruhuna uyğun olmadıqda çox kövrək olur. Lider, dövlət başçısı  despotizmə əl atmaq məcburiyyətində qalır. Çünki ənənənin pozulacağından qorxur. İtkilərdən ehtiyyat edir. Sistemin sağlamlığı adətən özünü başlıca olaraq mental dəyərlərlə siyasi forma arasında olan uyğunluq nisbətində tapır və təsdiqləyir.  Bəzi ərəb ölkələrində "yalançı respublika" ("təqlidçi respublika")  idarəetmə quruluşları və formaları  var. Onlar sivil Avropanı təqlid etməklə məşğuldurlar. Məsələn, İraq, Suriya, Liviya, Misir, Tunis, Yəmən kimi ölkələrdə belə idarəçilik formaları mövcuddur.  Təcrübə göstərir ki, əslində ərəblər xalqın ruhuna uyğun olmayan respublika quruluşlarnda və idarəçilik formalarında  monarxiyanı, həqiqi olmalı olanı yaşayırlar. Yəni, bir şəxsin uzun müddətə idarəçiliyi (burada rəhbər şəxs həm də birbaşa icra hakimiyyətinin rəhbəri olur)  yaşanır. Bu da özlüyündə kövrəkliyi, zəifliyi yaradır. "Kreslodan, vəzifədən möhkəm yapışmağı" özündə ehtiva edir. Siyasətçinin qabarıq, önə çıxmış  portreti və aktiv iştirakı uzun müddətdən sonra onun nüfuzunu  cəmiyyətdə sarsıda bilir.   Siyasi sistem hər an böhranla üzləşə bilir. Belə hallarda ziddiyyətlər, uyğunsuzluqlar çox olur. Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Küveyt və s. kimi ərəb ölkələrində isə siyasi sistem ərəb düşüncələrinə uyğundur. Monarxiya (teokratik monarxiya) formalaşıb. Bu baxımdan da həmin ölkələrdə siyasi və ictimai sabitlikdir. Surya və İraq tezliklə monarxiya quruluşlarına keçidlər etməlidir.

Konstitusiyalı monarxiya idarəetmə quruluşunun əsas faydası ondan ibarətdir ki, burada dövlət rəhbəri hakimiyyətin üç qolu üzərində ümumi nəzarət funksiyasını yerinə yetirir. Sanki "lal müşahidə" həyata keçirir.  Dövlət rəhbərinin icra ilə bağlı məsuliyyəti yaranmır.

Qeyd: monarxiyalarda kontrassiqnasiya (yaxud da kontrasiqnatura)  mövcuddur. Bu, dövlət başçısı (prezident, yaxud da monarx) tərəfindən imzalanan sənədin altından hökumət rəhbərinin (baş nazirin), yaxud səlahiyyətli nazirin atdığı imzadır, hansı ki, bu sənədə hüquqi qüvvə verir və üzərinə nazirin məsuliyyətini gətirir. Bu mexanizm parlamentli siyasi sistemlərdə hökumətin siyasi məsuliyyət prinsipini  möhkəmləndirir  və  dövlət başçısının öz hərəkətlərinə görə adətən cavabdehlik daşımadığını əks etdirir.   Tailand Krallığının Konstitusiyasının 18-ci Maddəsində bu prinsip öz əksini tapır. Maddədə qeyd olunur ki, hər dəfə, nə vaxtsa Kral Krallıq ərazisində olmursa, yaxud da hər hansı bir səbəbə görə öz funksiyasını yerinə yetirə bilmirsə, Kral regent adlanan şəxsi təyin edir. Bu halda Milli yığıncağın Sədri kral əmrini kontrassiqnasiya etməlidir. İspaniya Konstitusiyasının 64-cü maddəsinə görə, Kralın qərarına  hökumətin sədrinin və zəruri hallarda müvafiq nazirlərin  imzası bərkidilir. Namizədin təqdim olunması və Hökumət Sədrinin təyinatı ilə bağlı, həmçinin 99-cu maddədə nəzərdə tutulmuş qaydada,  Baş Kortesin buraxılması   ilə bağlı Konqresin sədrinin imzası sənədə həkk olunur.

Konstitusiyalı monarxiyalarda hakimiyyət qolları sərbəst olurlar. Səlahiyyətlərini daha azad formada yerinə yetirirlər. Hakimiyyət qolları institusional demokratiya yolu ilə idarə olunurlar.  Dövlət rəhbəri burada təsdiqedici, qoruyucu, zəmanətverici funksiya daşıyır. O, siyasətin axarlarına kənardan, aralı məsafədən müşahidə funksiyasını yerinə yetirir.  Onun funksiyası dövlətin ali məqsədlərinə xidmət etmək və dövlət dəyərlərini qoruyub saxlamaqdan və irsən ötürməkdən ibarət olur. Konstitusiyalı monarxiyalarda  "Yuxarıdan müdaxilə"yə yol verilmir. Cavabdehlik hakimiyyətin üzərinə düşür.  İcra məsələsində dövlət rəhbəri passiv, hökumət rəhbəri isə aktiv funksiyanı yerinə yetirir. Burada hökumət rəhbəri kollektiv idarəetməni,aparat idarəetməsini uğrurla yerinə yetirir. Kollektiv idarəçilik və onun aparat forması başlıca olaraq demokratik idarəetməni təmin edir. Kollektiv qərarlar, kollektiv vəzifə funksiyalar kollektiv məsuliyyəti və birgədüşüncəni özündə ehtiva edir. Kollektiv düşüncələr və funksiyalar çevik və adekvat reaksiyaları əks etdirir. Aparat idarəçiliyində olan çoxluq və düşüncə subyektlərinin çoxluğu onu deməyə əsas verir ki, bu aparatda təkliflər, təşəbbüslər çoxluq təşkil edir. Bu da rəngarəng idarəçiliyin formalaşmasına səbəb verir. Parlament və hökumət çoxluqları arasında üzvi bağlılıq meydana gəlir.

Konstitusiyalı monarxiyalarda şaxəli idarəçilik daha yaxşı inkişaf edir. Parlamentçilik təkmilləşir. Kollektiv və Aparat idarəçiliyi geniş vüsət alır. Tək dövlət rəhbəri hakimiyyət önündə tarazlaşır. Hətta demək olar ki, çoxluq təşkil edən tərəf xalqa və bəşəriyyətə xidmətlər yolunda tək olan dövlət sanki  rəhbərini üstələyir. Hakimiyyət qollarında həyata keçən aktların yükü artır. Siyasətin potensialı güclnir.  Monarxiyalarda hakimiyyət qollarında, siyasət meydanında özünüsübut və özünütəsdiq üçün imkanlar  genişdir. Hakimiyyətdə təmsil olunmaq istəyən şəxsin iddialarının genişlənməsi və təmini üçün böyük meydanalar açılır. Parlamentdə və hökumətdə siyasi və ictimai fikrin daşıyıcıları çoxluq təşkil edir.  Parlament sanki qaynar bir məkana çevrilir. Müzakirələr qızışır, çəkişmələr genişlənir. Dövlət rəhbəri isə  sanki sükunətdə və ətalətdə olur. Siyasi meydan çoxluğun əlinə keçir. Bununla da demokratiya yüksək səviyyədə təmin olunur. Hakimiyyətlər müqavimətli olur. Dövlət rəhbəri aktiv və cari siyasətdə susmaq məcburiyyətində olur. O, yalnız dövlətin bütövlüyünün təminatçısı rolunu yerinə yetirir. Beynəlxalq məsələlərdə dövləti və xalqı təmsil edir. Diplomatik xidmət başçılarını təyin edir, geri çağırır, xarici ölkələrin diplomatik xidmət başçılarının etimadnamələrini və övdətnamələrini qəbul edir. Müharibə və sülh məsələsini  qanunverici hakimiyyətlə bir yerdə həll edir. Qanunları təsdiqləyir və dövlət proqramlarını müəyyən  edir və digər universal əhəmiyyətli məsələlərin həllini həyata keçirir.

Monarxik idarə formalı (quruluşlu) dövlətlərin başçılarının adları (kral, imperator,  şah, sultan, knyaz, əmir) daha titullu və daha cəzbedici, zövqlü və estetik səslənir. Bu səslənmələr rəhbərə hörmət gətirir. Onu xidmət etməyə sövq edir, ürəkləndirir. Tacqoyma mərasimi daha estetikdir. Daha hörmətlidir. Bu kimi amillər başçını həm uzaqda (sanki əlçtamaz mərhələdə), həm də yaxında, xalqın içində göstərir.

Səudiyyə Ərəbistanı krallıq olaraq İslam dininin mərkəzidir. Müqəddəs məkandır. Məkkə və Mədinə kimi müqəddəs ziyarətgahlar bu ölkədə yerləşir. Bu ölkədə (Səudiyyə məmləkətində) konstitusiya Qurani Kərimdir(Qurani Şərifdir). Ölkə qanunvericiliyi Quran əsasında və şəriətə uyğun hazırlanır. Deməli, ölkənin siyasi sistemində bir ənənə var. Əxlaq qaydaları mövcuddur və bu, inanca söykənir. Bu ənənə dini inancların hökm sürdüyü cəmiyyətin adət-ənənələrindən meydana gəlir. Çünki dövlət öz mənbəyini cəmiyyətdən götürür, cəmiyyət öz ruhunu dövlətə ötürür. Siyasi sistem sülalə (dinastiya) vərəsəliyinə (xələflik və sələflik) əsaslanır. Qurani Kərimin mövcudluğu onu deməyə əsas verir ki, varis patriarxallığa uyğun olaraq kişi olmalıdır. Quruluşun müsbət tərəfi ondan ibarətdir ki, ölkə başçısı vətəndaşlarını özününkü (ailə, qohum və nəsil-tayfa yaxınlığı kimi) hesab edir. Nepotizmin yumşaq forması meydana gəlir. Ətrafa doğma yanaşır. Xalqının, ümmətinin, camaatının  dolanışığına, güzəranına  xüsusi fikir verir. Belə qəbul etmək olar ki, bu fakt, yəni dini hakimiyyət ərəb cəmiyyətlərinin hamısı üçün məqbuldur, keçərlidir, təbiidir. Ərəb ruhuna uyğundur.

Ancaq B.Britaniyada  ölkə başçısı irsi amillərə əsasən, qadın (kraliça) ola bilir.

Prezidentli respublikalarda dövlət başçısı birbaşa icra hakimiyyətinin başçısı olduğundan hakimiyyətə radikal müdaxilə edə bilir. Hakimiyyətin suveren qollarının (parlamentin, icra aparatının və məhkəmənin)   işini məhdudlaşdıra bilir. Təbii ki, bu,  artıq mütləqlikdir. Həm də yüklənmədir. Bir şəxsin əlində hakimiyyətin radikal formada cəmləşməsidir. 

Konstitusiyalı monarxiyalar etik və estetik demokratiyalardır. Burada bölgü onu deməyə əsas verir ki, dövlət idarəçiliyində hamının iştirak payı var.

Bu gün sivil cəmiyyətlərdə heç bir dövlət başçısı ölkəni, xalqı, dövləti təkbaşına idarə edə bilmir. Ona görə ki, idarə olunacaq vəsaitlər çoxdur. Onların müəyyən səmtlərə, axarlara yönləndirilməsi üçün böyük güc, qüvvə tələb olunur.  Sadə cəmiyyətlər bu gün mürəkkəb cəmiyyətlərə keçidlər edib. Vəsaitlər və onların daşınması yükü artıb.  Ətraf və cəmiyyət daha rəngarəng xarakter alıb. Bu yöndə dövləti sərhədlərsiz, səlahiyyətlərin məhdudluğu olmadan idarə etmək qeyri-mümkündür. İndi institusional idarəçilik zamanın başlıca tələbidir. İnstitusional idarəçilik isə kollektiv idarəçilikdədir. Bu idarəçilik özünü hakimiyyət qollarında açıq şəkildə büruzə verir. Dövlət rəhbəri tək bir şəxsdir. Onun komandası hakimiyyət qollarında cəmləşir. İdarəçiliyin taraz bölgüsü, vəzifə və məsuliyyətlərin paylanılması şərtdir. Taraz ruhlu dövlətlərin formalaşmasını özündə ifadə edir, tədqiləyir. Dövləti idarə edən şəxs xalqın təmsilçisi olduğundan özünü daim islah edir. Əməllərinə fikir verir. 

Respublika quruluşlarında yaşayan və dövləti əslində ərəb monarxiyasına uyğun idarə edən liderlərin məğlubiyyəti. Dövlət rəhbərlərinin son və acı  aqibəti

Bir çox ərəb ölkələrinin liderləri monarxiya ruhunu respublika quruluşlarında yaşadaraq məğlub oldular. Yəni onlar qeyri-təbii, xalqlarının ruhuna xas olmayan  siyasi sistemin qurbanına çevrildilər.  İrsi  davamçı (sülalə davamçıları)  yetişdirə bilmədiklərinə görə iflasa uğradılar.   Respublika quruluşunda uzun müddətə lider postunda qalmaq yolunu seçdilər və sərt idarəçilik tətbiq edərək,  acı sonluq yaşadılar.  Həmin liderlər aşağıdakılardır:

-Zeynalabdin Bin Əli (1936-2019)- 1987-2011-ci illər arasında Tunis Respublikasının II Prezidenti olub. 23 il dövləti idarə edib.  2011-ci ilin yanvar ayında devrilib və Səudiyyə Ərəbistanına qaçıb. Qeyd: 1956-cı ildə Tunis Fransadan müstəqilliyini elan etdikdən sonra ölkədə monarxiya (krallıq qurulub). Bir il bu üsul - idarə öz mövcudluğunu saxlayıb;

-Hüsnü Mübarək (1928-2020)-1981-2011-ci illər arasında, 30 il müddətinə Misir Ərəb Respublikasının Dördüncü  Prezidenti olub.  2011-ci ildə məcburi olaraq hakimiyyətdən gedib. Qeyd: Misir dövləti 1922-ci ildə Britaniya imperiyasından ayrılaraq müstəqillik qazanan zaman monarxiya olub. Bu monarxiya 1952-ci il inqilabına qədər davam edib;

-Səddam Hüseyn ( 1937-2006) -1979-2003-cü illərdə İraq Respublikasının Beşinci Prezidenti olub.  24 il dövlətə rəhbərlik edib. 2003-cü ildə devrilib.  Qeyd: İraq Respublikası Birləşmiş Krallığın bölgədəki formal idarəsinin başa çatması ilə 1932-ci ildə müstəqillik qazandı. İraq Haşimilər Krallığı-Konstitusiyalı monarxiya formalaşdı. Monarxiya üsül- idarəsi 1958-ci ildə Respublika ilə əvəzləndi;

-Müəmmər Qəddafi (1942-2011)-1969-2011-ci illərdə (44 il)  Liviya dövlətinə rəhbərlik edib. Liviya Parlamentli Respublikadır.  Qeyd: Liviya 1951-ci ilin dekabr ayının 24-də müstəqilliyini bəyan edib. Ölkədə monarxiya qurulub. Bu üsul- idarə 1969-cu ilə qədər davam edib. Sonra Respublika qurulub;

-Bəşər Əsəd (1965-)-2000-2024-cü illərdə Suriya Ərəb Respublikasına (Yarı Prezidentli Respublika)  rəhbərlik edib. 2024-cü ilin dekabrında devrilib. Qeyd:  Ərəb Sosialist Bəəs Partiyası 1947-ci ildə yaradılıb. Bəşər Əsədin atası Hafiz Əsəd 1971-2000-ci illər arasında Suriya Prezidenti postunu tutub. Əsəd rejimi Suriyanı  43 il idarə edib. Bu, o deməkdir ki, Respublika quruluşunda faktiki monarxiya yaşanıb. Suriyada krallıq 1920-ci ildə mövcud olub.

"Ərəb baharı"nın yaşanmadığı ərəb ölkələri:

-İordaniya Haşimilər Krallığı-Monarxiya

-Səudiyyə Ərəbistanı Krallığı-Monarxiya;

-Birləşmiş Ərəb Əmirlikləri-Monarxiya;

-Bəhreyn Krallığı-Monarxiya;

-Qətər Əmirliyi-Monarxiya

-Küveyt Əmirliyi-Monarxiya;

-Oman Sultanlığı-Monarxiya;

-Mərakeş Krallığı-Monarxiya

Qeyd: Şimali Afrika və Aralıq dəniz ölkəsi olan Əlcəzair yarıprezidentli Respublikadır. Burada da dövlət başçısı olan prezident uzun müddətə ölkəni idarə edər bilir. Məsələn, Əbdüləziz Buteflika (1937-2021) -1999-2019-cu illər arasında (20 il müddətinə) ölkə prezidenti olub. Bu da o deməkdir ki, monarxiyanın ruhu respublika quruluşunda saxlanılır.  

Konstitusiyalı monarxiyanın ruhunda geniş  parlamentarizm var. Parlamentçilik daim yeni qanun layihələrini təqdim edir. İnstitusional idarəçilik başlıca olaraq parlamentdə və hökumətdə, həmçinin məhkəmə sistemində özünü ifadə edir. Parlament və hökumət monarxın (kralın, imperatorun,  şahın, sultanın, əmirin, knyazın, çarın) mütləq mühafizəkarlığını məhdudlaşdırır və tarazlaşdırır. Hakimiyyətin institusionla bölgüsü həyata keçirilir.

Monarxiyaların növləri

Mütləq monarxiyalar-monarx qarşısında məsuliyyət daşıyırlar;

Dualistik monarxiyalar-burada parlamentin rolu olsa da yarıkonstitusiyalılıq var. Nazirlər monarx qarşısında məsuliyyət daşıyırlar;

Parlamentar monarxiyalar-bu quruluşda parlamentin səlahiyyətləri böyükdür. Nazirlər daha çox parlament önündə məsuliyyət daşıyır;

Ənənəvi monarxiyalar-dövlətlər olmurlar və monarx əhalinin müəyyən tərkibi üzərində taxt-tac (mərasim) rolunu oynayır. (Wikipedia)

Elm izah edir ki, monarxiyalar dualistik-yarıkonstitusiyalı  (məsələn, Küveyt, Lixtenşteyn, Monako, İordaniya, Mərakeş, Esvatini və Butan-mənbə Wikipedia) və parlamentli monarxiyaya( Avstraliya, Andorra, Antiqua və Barbuda, Baham adaları, Beliz, Belçika, B.Britaniya, Qrenada, Danimarka, İspaniya, Kamboca, Kanada, Lesoto, Lüksemburq, Malayziya, Hollandiya, Yeni Zellandiya, Norveç, Papua-Yeni Qvineya, İsveç, Yaponiya, Tailand, Yamayka, Tonqa və s.  -mənbə Wikipedia) ayrılırlar.  Dualistik monarxiyada monarxın hakimiyyətinin məhdudlaşdırılması hüquqi vasitəsi konstitusiya hesab olunur. Hansı ki, bu sənəddə  parlamentin qərarlarını yerinə yetirən monarxın öhdəlikləri vasitəsilə parlamentin, monarxın  və nazirlərin hakimiyyətləri sərhədlənir.  (Mənbə Wikipedia).  Parlamentli monarxiyalarda isə hakimiyyət parlament çoxluğu tərəfindən formalaşdırılır və parlament önündə məsuliyyət daşıyır. Baxmayaraq ki, parlament tərəfindən təyin olunması üçün adları qeyd olunan və irəli sürülən  nazirlər monarx tərəfindən formal qaydada  təsdiq olunur, hökumətin parlament məsuliyyəti var.  Nazirlərin vəzifədən götürülməsi üçün etimadsızlıq məsələsi parlament tərəfindən (səsvermə ilə)  qaldırılır.

Seçkili monarxiyalar

"Seçkili monarxiyalar" da var. Seçkili monarxiyalarda yeni monarx  əvvəlki monarxın səlahiyyətlərinin bitməsindən sonra parlament, seçki kollegiyası, monarx ailəsi üzvləri və digər ixtisaslı qurumlar, habelə ölkə vətəndaşlarının birbaşa səsverməsi ilə seçilir.

Məsələn, Birləşmiş Ərəb Əmirlikləri  (Ökə yeddi Əmirlikdən ibarətdir) mütləq monarxiyadır. Yalnız Əbu-Dabi Əmirliyində Hökumət və Milli Məşvərətçi Şura var. Məşvərətçi orqandır, parlamentdir. Federal Milli Məşvərətçi Şura Prezidenti təyin edir. Prezidenti Şura seçir. Prezidentin səlahiyyət müddəti beş ildir. BƏƏ-nin indiki Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyandır. Şeyx Məhəmmədin atası Şeyx Zeyd-Əl Nəhayan 1971-2004-cü illərdə BƏƏ-ni idarə edib. Onun da atası 1855-1909-cu illərdə Əbu-Dabi Əmirliyini idarə edən Şeyx Zayed I Bin Xəlifə Əl-Nəhayandır. Buradan görünür monarxiyada irsi amili (irsi ardıcılları) sadəcə Şura 5 il müddətinə təsdiq edir.  Əslində isə dövlətə rəhbərlik irsən keçir. Belə halda dövlət başçısı nə üçün Prezident adlanmalıdır ki?!

Vatikanda klassik seçkili monarxiya var. Burada dövlət başçısı kardinalların konklavı tərəfindən ömürlük seçilir;

Kambocada kral  Kral tac Şurası tərəfindən monarx ailəsi içərisindən ömürlük seçilir;

Malayziyada Ali idarəedən şəxsi Malayziya sultanlıqlarını idarə edənlər özləri tərəfindən beş il müddətinə seçirlər;

Malta ordenində Knyaz və Böyük maqistr ömürlük seçilir;

Səudiyyə Ərəbistanında taxt-tacın davamçısı Səuditlər sülaləsinin ailə şurasında öz üzvlərindən seçilir (Mənbə: Wikipedia)

Ardı var..

Elşən Misir oğlu Nəsibov

Siyasətşünas-alim. Yazıçı-publisist. "ARDIC" Hərəkatının təsisçisi. Qərbi Azərbaycan İcmasının üzvü

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31