“TDT mədəni birlikdən geosiyasi gücə çevrilir” – Əkbər Qoşalı – ÖZƏL

"2009-cu ildə Naxçıvan Anlaşması əsasında təsis edilmiş Türk Şurası - hazırkı adı ilə Türk Dövlətləri Təşkilatı (TDT) - uzun müddət mədəni və humanitar sahələrdə işbirliyi platformu kimi tanınırdı.
Lakin son illərdə, özəlliklə 2020-ci ilin Vətən Müharibəsi və onun yaratdığı yeni gerçəkliklər çərçivəsində, TDT-nin siyasi və strateji iddiaları da haqlı olaraq yüksəlib. Zatən Şuranın Təşkilata çevrilməsi faktı da Azərbaycanın tarixi Zəfərinin birinci ildönümü ərəfəsində getçəkləşdi".

Bu sözləri Olaylar.az-a açıqlamasında araşdırmaçı-yazar, türkoloq Əkbər Qoşalı deyib. O qeyd edib ki, Qəbələdəki Zirvə görüşündə Prezident İlham Əliyevin bildirdiyi kimi, bu gün TDT, sadəcə, işbirliyi platformu olmaqda qalmayıb, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır.
Biz artıq təşkilatın istiqamətinin dəyişdiyini, daha doğrusu zənginləşdiyini, genişləndiyini görürük - TDT mədəni bağlardan daha çox siyasi, təhlükəsizlik və strateji işbirliyi məkanına doğru irəliləyir.
Tamhüquqlu və müşahidəçi statusuna malik üzvləri təşkilata həm Mərkəzi Asiya ilə Qafqaz arasında körpü rolunu verir, həm də onu "Türk dünyasının mərkəzi" mövqeyinə gətirir.

Yazar bildirib ki, TDT artıq bölgəsəl sabitlik, təhlükəsizlik və mərkəzləşdirilmiş koordinasiya funksiyalarını da əhatə etməyə çalışır. Zirvə görüşündə bölgəsəl barış və təhlükəsizlik yönlü gündəmin seçilməsi dediklərimizin rəmzidir.  
Prezident Əliyevin vurğuladığı kimi, "təhlükəsizlik təmin edilmədən inkişaf mümkün deyil" və strateji yanaşmada ortaq müdafiə və hərbi işbirliyi vacib komponentlərdir.  
Beləliklə, TDT artıq geosiyasi aktor olaraq da forma almağa başlayır.

"TDT-nin gündəliyində daşımaçılıq və enerji layihələri də həlledici rol oynayır. Bu sahələrdəki hərəkətlilik yalnız təşkilat üçün yox, həmçinin yaxın-uzaq bölgələr üçün də yeni iqtisadi xəritələr yarada bilər.
Qəbələ Zirvəsində Prezident Əliyev Zəngəzur dəhlizini həm Orta Dəhliz, həm də Quzey-Güney marşrutu çərçivəsində strateji arteriya kimi dəyərləndirdi.  
Orta Dəhliz yükdaşımaları bölgədə ciddi artım göstərib - son iki ildə Orta Dəhlizlə yükləmələr əlaqəli dövlətlər arasında 90 % artıb.  
Ələt Uluslararası Limanının illik potensialı 25 milyon tona çatdırılması planlaşdırılır ki, bu da Azərbaycanı dəniz yükdaşımasında önəmli qovşağa çevirəcək.  
Yəni, TDT ölkələri - özəlliklə Türküstandan gələn yüklərlə bağlı - Azərbaycan üzərindən Avropa bazarlarına çıxış imkanı əldə edir", - deyə ekspert vurğulayıb.

Yazarın sözlərinə görə, Azərbaycan artıq 14 ölkəyə təbii qaz ixrac edir və boru kəmərlərinin coğrafi əhatəsinə görə dünya miqyasında lider mövqedədir.  
Lakin Qəbələ Zirvəsində vurğulanan yeni strategiya - enerji istehsalının 40 faizinin 2030-cu ilədək bərpa olunan qaynaqlardan qarşılanması - futuristik, başqa sözlə, gələcəkyönümlü və dayaqlı yanaşmadır.  
TDT çərçivəsində planlaşdırılan "Yaşıl Enerji Dəhlizi" layihəsi - Xəzərin dibindən keçəcək kabel sistemi ilə Avropaya enerji ötürülməsi ideyası - bu yanaşmanın bölgəsəl genişləndirilməsinə xidmət edəcəkdir.  
Beləliklə, TDT-nin enerji xəritəsi qaz göndərişi ilə yanaşı, həm də bərpaolunan enerji üzrə birgə yatırım və infrastrukturun qurulması ilə önəmli dəyişikliklərə uğrayacaq.

Bəs bu daşımaçılıq və enerji layihələri bölgənin iqtisadi xəritəsini necə dəyişə bilər?

-Yüksək həcimli tranzit yükləmələri Azərbaycana, eləcə də Türkiyəyə və Türküstandakı qardaş dövlətlərə əlavə gəlir gətirəcək;
-qovşaq ölkə olmaq, TDT üzvlərinə Azərbaycan üzərindən dünya bazarlarına çıxış imkanı vermək özü bizə siyasi və diplomatik üstünlük gətirir;
-infrastruktur layihələrinə (liman, dəmir yolu, kabel sistemləri...) qardaş və digər dövlətlərin yatırımları cəlb ediləcək;
-bərpaolunan enerji ilə daha dayanıqlı göndərim imkanları yaranacaq, qaz göndərişindən asılılıq azalacaq;
-iqtisadi yollarla birgə, insan bağları da güclənəcək, əlbəttə - sınırlar içində daha sıx kommunikasiya, işbirliyi və turizm imkanları açılacaq.

Türkoloq bildirib ki, yeni strategiyaların uğurlu tətbiqi üçün bəzi çətinliklər də ola bilər. Məsələn:
-İnfrastruktur xərcləri və maliyyə təminatı;
-uluslararası təhlükəsizlik və bölgəsəl dəngə;
-dövlətlərarası koordinasiya və hüquq çərçivəsi harmoniyası;
-qlobal iqtisadi dalğalanmalar, enerji bazarındakı dəyişikliklər və s.
Belə risklərə qarşı ən sərt vasitə davamlı siyasi iradə və koordinasiya mexanizmlərinin qurulmasıdır - TDT-nin Katibliyi, layihə agentlikləri və icra strukturları bu baxımdan kritik rol oynayır.

"Beləliklə, Türk Dövlətləri Təşkilatı artıq sırf mədəni birlikdən çıxıb, strateji, iqtisadi və təhlükəsizlik sahələrində aktiv geosiyasi platforma çevrilmək yönündə ciddi addımlar atır.
Qəbələ Zirvəsi bu kdçidin simvolu oldu - burada daşımaçılıq və enerji xəritələri konkret ideyalardan gerçəkliyə çevrilmək üzrədir. Orta Dəhliz, Zəngəzur marşrutu və yaşıl enerji layihələri yalnız Azərbaycan üçün deyil, bütün Türk dünyası üçün yeni iqtisadi kampuslar və inteqrasiya zonaları aça bilər.
TDT-nin mövqeyi geosiyasi aktor kimi tanınmaq, bölgənin yeni dayağına çevrilməkdir. Azərbaycanın təşəbbüsləri bu yöndə lider rolunu gücləndirir", - deyə yazar sonda vurğulayıb.

Dövlətimiz zaval görməsin!

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31